Avroviziya təmsilçimiz bu tarixdə bilinəcək  

Avroviziya təmsilçimizin kimliyi fevralın ilk on günlüyündə açıqlanacaq.

Musavat.com xəbər verir ki, bu barədə Deleqasiyamızın rəhbəri Nurlana Cəfərova məlumat yayıb.

“Neqativ olmasın. Bildiyiniz kimi, bu gün Azərbaycanın Avroviziya-2025 Mahnı Müsabiqəsində 1-ci yarımfinalda iştirak edəcəyi bəlli oldu. Bu xəbərin ardından mənə və mətbuat xidmətimizin rəhbəri Turab Teymurova yazılan çoxsaylı mesaj və müraciətləri nəzərə alaraq, yerli Avroviziya pərəstişkarlarını sevindirmək qərarı verdim. Bu həm də tezliklə yayılmayacaq məlumatın ətrafında dolaşan şayiələrə də son qoymuş olar. Biz daha bütün bir iş təqdim etməyə hazırlaşırıq desək də, sizin səbirsizliyinizi də anlayışla qarşılayırıq.
Beləliklə, səslənən müxtəlif fərziyyələrdəki uydurulma tarixi deyil, fevral ayının ilk 10 günlüyündə təmsilçimizin adını açıqlamağı planlaşdırırıq. Bu, son deyil!

Məlumat üçün, onu da deyim ki, fevral ayı içində isə sizə mahnımızı klip ilə birgə təqdim etməyi düşünürük. Deleqasiyanın bütün üzvləri böyük həvəs və enerji ilə ən çətin mərhələdə səylə çalışır. Sizdən gözlədiyimiz, neqativ və pessimist düşüncələr deyil, bizə, ölkəmizi təmsil edəcək təmsilçimizə dəstək, xoş sözlər və çiçəklərdir”-, deyə o qeyd edib.

Qeyd edək ki, püşkatmanın nəticəsinə əsasən Azərbaycan Birinci yarımfinalda çıxış edəcək.
Yarışmanın birinci yarımfinalı mayın 13-də keçiriləcək. İkinci yarımfinalı mayın 15-də, final isə 17-də keçiriləcək.

İddialara görə, müğənnilər Murad Arif, Natavan Həbibi və Mehin Hümbətovadan biri Azərbaycanı təmsil edəcək.

Müsabiqə ilə bağlı digər iddia isə ölkəmizin duet ilə yarışmaya qatılmasıdır.

Könül İbrahim
Musavat.com

29.01.2025 12:03
368