Latviyanın Azərbaycanla münasibəti normaldır. Latviya Azərbaycanın ərazi bütövlüyünü, suveren hüquqlarının bərpasını dəstəkləyib, Azərbaycanın haqlı mövqeyini nisbətən müdafiə edib. Fransanın mövqeyi aydındır, yaxşı heç nə gözləyə bilmərik. Azərbaycanla bağlı hər hansı mənfi hal olmasa belə, Fransa Azərbaycanı ittiham etmək üçün fürsət axtarır. Polşa ilə də münasibətlər pis deyil, ən vacib məsələlərdə Polşa Azərbaycanın mövqeyini müdafiə edib. Polşanın dövlət başçısı Azərbaycanın dövlət başçısı ilə isti münasibət saxlayır. Son görüşdə xüsusi isti münasibətin olduğunu müşahidə etdik.
Bu fikirləri Musavat.com-a Azad Vətən partiyasının sədri Akif Nağı Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri ilə əlaqələr üzrə nümayəndə heyətinin yeni tərkibi haqqında danışarkən bildirib.
A.Nağı heyətin sədri Nil Uşakov haqqında fikir bildirərkən onun təcrübəli diplomat olduğunu vurğulayıb: "Nil Uşakov tanınan siyasətçidir. Beynəlxalq təşkilatlarda təmsil olunub. Rus əsilli Latviya vətəndaşıdır. Çox vaxt təzyiqlərə məruz qalıb. Azərbaycana yanaşması Latviyanın ölkəmizə münasibətinə uyğun olacaq. Lakin bəzən ölkəsinin mövqeyi ilə razılaşmır. Məsələn, rus əsilli əhalinin hüquqlarının müdafiəsi ilə çox məşğul olur, Latviya hakimiyyətini tənqiddən çəkinmir. Nümayəndə heyətinin rəhbəri kimi ondan obyektiv mövqe gözləyirik. Mənfi cəhətlərindən biri LGBT təbliğatçısı olmasıdır. Fransalı nümayəndə isə sərt anti-Azərbaycan mövqeyindədir. O Azərbaycanı "etnik təmizləmə"da ittiham etməyə cəhd göstərir, Azərbaycana maksimum ziyan vurmağa çalışacaq. Polşalı nümayəndənin isə şəxsi keyfiyyətlərinə görə Azərbaycanla problemi olmadığını düşünürəm. Nisbətən obyektiv nümayəndələrdəndir".
A.Nağı qeyd etdi ki, Avropa Parlamenti demək olar ki, hər zaman Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib: "Avropa Parlamenti dəfələrlə Azərbaycana qarşı qərəzli sənədlər qəbul edib. Bu baxımdan müsbət tendensiyanın olmasını gözləmək həddən artıq çətindir. Azərbaycan beynəlxalq və regional təşkilatlar qarşısında öhdəliklərini yerinə yetirir. Avropa Birliyi ilə münasibətləri normal saxlamağa çalışmışıq. Amma Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyətinin Azərbaycanla obyektiv mövqe tutacağı o dərəcədə inandırıcı deyil. Latviya nümayəndəsinin obyektiv olacağına inanıram, amma fransız nümayəndə maksimum Fransanın mövqeyindən çıxış etməyə çalışacaq. Hətta latviyalı nümayəndənin təqdim etdiyi hər hansı sənədin qəbul olunmamasına çalışa bilər".
Musavat.com