Avropanın ksenofobiyası - qitədə yeni faşizm dalğası yayılır

Almaniya dünyanın aparıcı dövlətlərindən sayılır. Bu ölkə bir çox elmi, mədəni, mütərəqqi hadisələrin mərkəzi olsa da, müasir dünyanın ən eybəcər ideologiyasının - faşizmin çiçəklənib, yayıldığı, dünyanı zəhərlədiyi yerdir.

Dünyanın bir çox bölgələrində baş verən dəyişikliklər insanların öz yurd-yuvalarını tərk etməsi ilə nəticələnir. Miqrantların üz tutub getdiyi, güvəndiyi ölkələrdən biri də Almaniyadır. Ancaq orada antisemitizm, irqçilik və ksenofobiyanın güclənməsi müşahidə olunur.

Almaniya kansleri Olaf Şolts da ötən ayın sonunda Holokostu Beynəlxalq Anma Günü də bunu etiraf edib. O, ölkə əhalisini irqçilik və antisemitzmə qarşı mübarizəyə çağırıb.

Belə qüvvələrə ifrat sağçı, populist “Almaniya üçün Alternativ” Partiya (AfD) liderlik edir. 2021-ci ilin məlumatına görə, dövlət büdcəsindən maliyyələşən təşkilatın 32 min üzvü var və 736 yerlik ölkə parlamentində (Bundestaq) 81 deputatla təmsil olunur. Federal torpaqların parlamentlərində 1884 yerdən 228-ə malikdir. Avropa Parlamentinə isə 9 deputat göndərə bilib. Rusiyanın “Vahid Rusiya” Partiyası ilə müttəfiqdir.

Yeri gəlmişkən, bu yaxınlarda, “Almaniya üçün Alternativ”lə eyni platformada olan neonasist Almaniya Milli-Demokratik Partiyasının varisi, ifrat sağçı “Vətən” (“Die Heimat”) Partiyasının dövlət büdcəsindən maliyyələşməsi 6 il dayandırılıb.

DAYAN.jpg (333 KB)

Rəy sorğularına görə, AfD-nin reytinqi 20 faizdir. 2024-cü ilin sonunda Şərqi Almaniyada regional seçkilər keçiriləcək. Həmin ərazidə partiyanın reytinqi 30 faizdən çoxdur.

Almaniya kilsəsi ölkədə “Üçüncü Yol”, “Heimat” və AfD kimi ifrat sağçı, antisemit və antidemokratik qrupların artması ilə bağlı getdikcə güclənən narahatlıqlara qoşulub. Bu ilin iyun ayının 6-9-da Avropa Parlamentinə keçiriləcək seçkilərə, eləcə də digər mühüm regional və yerli seçkilərə bir neçə ay qalmış seçicilər arasında bu partiyalara dəstək artır. Beləliklə, millətçi, avroskeptik və antimiqrasiya partiyası olan “Almaniya üçün Alternativ” hazırda sorğularda sağ mərkəzçi Xristian Demokrat Siyasi Alyansından (XDS-XSS) sonra ikinci yerdədir.

Yepiskoplar, dindar kişi və qadınlar, dünyəvi katolik təşkilatları bu partiyaların ideologiyasının xristian və demokratik dəyərlərə uyğun gəlmədiyini nəzərə alaraq onları qəbul edə bilməyəcəklərini vurğulayıblar.

Fevralın 6-da Vatikanın rəsmi mətbu orqanı “Vatican News”da “Kilsə Almaniyada ksenofobiyanın artmasından narahatdır” adlı məqalə dərc olunub.

“Correctiv” media araşdırma qrupunun hesabatına istinadən hazırlanan məqalədə yazılıb ki, ötən ilin noyabrın 20-də Potsdamda neonasistlər sayı milyonlarla olan miqrantların, hətta onlardan Almaniya vətəndaşı olanların da ölkədən çıxarılmasını müzakirə ediblər.

MUZA.jpg (64 KB)

Bildirilib ki, “remiqrasiya” planı insan ləyaqətinə ziddir. Almaniya katolik dini və dünyəvi təşkilatları da oxşar mövqe bildiriblər. 14 300 mömini təmsil edən Almaniya Ali Başçıları Konfransının (DOK) İcra Şurası Potsdamda müzakirə edilən qondarma remiqrasiya planının elanından dəhşətə gəldiklərini açıqlayıb. Bildirilib ki, bu plan bütün insanların ləyaqətlilik prinsipinə, azad və demokratik cəmiyyətin fundamental dəyərlərinə açıq şəkildə ziddir.

Almaniyanın bir sıra şəhərlərində, o cümlədən Düsseldorfda çoxminli etiraz yürüşü keçirilib. Bu il yanvarın 27-də təşkil olunmuş aksiyaya Aşağı Saksoniya əyaləti, Hildeşaym, Essen, Hamburq və Aaxen şəhərlərinin bir çox kilsə rəhbərləri də qoşulub.

Ölkədə AfD-nin dövlət büdcəsindən maliyyələşdirilməsinin tamamilə dayandırılması, yaxud minimuma endirilməsi müzakirə olunur. Bu Almaniyada ilk dəfə baş verə bilər - partiyanın fəaliyyəti qadağan edilmir, ancaq dövlət maliyyəsindən məhrum olunur. Ölkədə siyasi partiyaların fəaliyyəti iki dəfə 1952 və 1956-cı illərdə qadağan edilib. Onda özlərini nasistlərin varisi kimi təqdim edən partiya, sonra isə sovetyönlü Kommunist Partiyası qadağan olunmuşdu.

SVAB .png (883 KB)

Bu, Avropanı yeni bəlanın bürüdüyünə aid örnəkdir. Fransa, Belçika, İspaniya, Skandinaviya ölkələrində antisemitizm davam edir. Avropa İttifaqı ölkələrinə Asiya və Afrikadan köç edənlərə qarşı irqi, dini ayrı-seçkilik artıq qitənin başlıca probleminə çevrilir. İslam və xristian olmayan başqa dinin nümayəndələrinə qarşı dözümsüzlük yeni neonasizm hərəkatının yaranması ilə müşahidə olunur. Avropanın multikulturalizmdən imtina cəhdləri yeni faşizm dalğasının yaranmasına səbəb olar. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin HƏMAS-İsrail müharibəsini “mədəniyyətlərin toqquşması” kimi təqdim etməsi qitədə baş verənlərin adi siyasi təşkilatdan qaynaqlanmadığını ehtimal etməyə əsas verir.

Bu gün Almaniyada və regionun başqa ölkələrində baş verənlər islamı və müsəlmanları düşmən görüb, onlara qarşı dözümsüzlüyün nəticəsidir. Bir sıra Avropa dövlətlərin xarici siyasətində xristianlıq islama qarşı qoyulur. Bu münaqişə bölgələrində baş verənlərə yanaşmalarda özünü daha qabarıq göstərir. Azərbaycan torpaqları işğal altında olanda, 44 günlük müharibə zamanı Azərbaycan xalqı bunu daha aydın gördü. Ermənistan və havadarlarının işğal dövründə Qarabağ və ətraf rayonlarda Azərbaycana aid dini, milli-mədəni, tarix abidələri dağıdan zaman susan dünya, torpaqlar işğaldan azad edildikdən sonra xristian təəssübkeşliyi ilə “erməni mədəni abidələrinin qorunması” iddiası ilə çıxış etməyə başlayıb.

Avropa siyasi-ideoloji davranışının bumeranq effektinin yaşayır. Bu artıq başqaları üçün deyil, hakimiyyətlərin baş ağrısına, bəlasına çevrilir.

Sədrəddin İsmayılov,
Report

08.02.2024 15:55
1059