İlk yayın vaxtı 14:57
Əsrarəngiz təbiət, mülayim hava, göz yaşı kimi duru dəniz, tarixi küçələr və daha nələr nələr... Bu dəfəki səfərim son bir neçə ildə azərbaycanlıların axın etdiyi Monteneqroya oldu. Niyə Monteneqro? İlk növbədə viza tələbi olmadığı üçün. Deyilənə görə, yaxın zamanda bu ölkəyə səyahət etmək üçün viza tələbi irəli sürüləcək. Yəni, fürsət bu fürsət deyib dəyərləndirmək lazımdır. Monteneqronu ziyarət etmək üçün səbəb çoxdur. Həm passiv, həm də aktiv istirahəti sevənlər üçün ideal şərait var. Həm tək, həm qrupla, həm da ailəvi gəzinti və istirahət üçün sonsuz alternativlər mövcuddur.
Beləliklə,ərazisinə görə böyük olmayan, möhtəşəm təbiəti ilə fərqlənən Balkan ölkəsini tanıyaq.
Balkanların ən kiçik ölkəsi
Monteneqro serb dilindən hərfi təcümədə crna gora, yəni qara dağ deməkdir. Buna görə də ruslar bu ölkəni Çernoqoriya, türklər isə Karadag adlandırırlar. Monteneqro Şərqi Avropada, Balkan yarımadasında yerləşir. Ərazisi böyük deyil-13,812 kvadrat kilometr. Balkan ölkələri sırasında ərazisinə görə ən kiçiyidir. Qərbdə Xorvatiya, şimal-qərbdə Bosniya və Herseqovina, şimal-şərqdə Serbiya, şərqdə Kosovo (qismən tanınan), cənub-şərqdə Albaniya ilə həmsərhəddir. Adriatik dənizinin sahilində yerləşir. Əsas çimərliklər də bu sahil zolağındadır.
Tarixə qısa ekskurs etsək, əvvəllər Monteneqro əhalisi albanlardan ibarət olub. Bizans İmperatoru Herakliyusun hakimiyyəti dövründə, yəni VII əsrdə buraya serblər köçürülüb. 1992-ci ilə kimi Monteneqro Yuqoslaviyanın tərkibində olub. Həmin il keçirilən referendumun nəticələrinə görə, Monteneqroda yaşayan əhalinin 95 faizi ölkənin Yuqoslaviyanın tərkibində qalmasının lehinə səs verdilər. 2006-cı ildə isə Monteneqro müstəqilliyini elan edib. Serbiya onun müstəqilliyini tanıdıqdan sonra Monteneqro BMT-ə qəbul edilib. 2010-cu ildə Avropa İttifaqına üzv olmağa rəsmi namizəd ölkə statusu alıb.
İsti yay günündə sizə tarixi faktlarla çox yormaq istəmirəm. Fikrimcə, yolculuğumun ilk anlarından etibarən detallı məlumat sizə daha maraqlı olar. Beləliklə, öncədən aldığımız tur paketlə uçuşumuz AZAL vasitəsilə gerçəkləşdi. Bakı-Tivat uçuşu 4 saata yaxın davam edir. Qiymətlər mövsümə görə dəyişir. Əgər bilet alışını son ana saxlasanız, əlbəttə ki, xərciniz daha çox çıxacaq. Üstəlik, Monteneqroya artan tələbatı nəzərə alaraq bilet tapmaya bilərsiniz. Məsələn, biz iki nəfərə bileti çətinliklə tapdıq. Buna görə də təyyarədə son sıralarda yer almalı olduq. Amma bu bizim səyahətimizə neqativ təsir etmədi. Çünki şəkillərdən, videolardan izlədiyimiz gözəlliklərin bizə bunu unutduracağını bilirdik. Belə də oldu. Təyyarəmiz Tivat hava limanına yaxınlaşdıqca göz gördükcə uzanan dağlar, meşələr, Adriatik dənizinin maviliyi hələ səmada ikən valeh etdi. Bir an öncə bütün bu gözəllikləri kəşf etmək istəyirsən. Və eniş...
Kiçik hava limanı, sıxlıq, əl yandıran taksi qiymətləri...
Tivat hava limanı çox kiçikdir. O qədər kiçikdir ki, təyyarədən pasport nəzarətinə qədər yol 2-3 dəqiqədir. Ərazi kiçik olduğu üçün qeydiyyatdan keçmək üçün çox zaman itirmirsiniz. Lakin... Biz qaynar turizm mövsümündə səyahət etdiyimiz üçün xeyli gözlədik. Təxminən 40-45 dəqiqə. Bu qədər gözləməyimizin digər səbəbi də tranzit və birbaşa uçuş sərnişinlərinin eyni sırada dayanması idi. Qeydiyyat kabininə çatana qədər çöldən başlayan sırada gözləmək lazımdır. İsti havada bu bir qədər çətinlik yaradır. Xüsusilə yaşlılar və uşaqlar üçün. Sıralar çox sıxdır. Hələ ki, sıranızda əlindəki bankanı yerə saldığı üçün ayağının altına axan maye varsa, vəziyyət bir qədər də qəlizləşir. Qeydiyyatda problem yaratmırlar. Uzun, sıxıcı suallar və s.yoxdur. Baqajı da dərhal əldə etmək mümkündür. Travel şirkəti ilə getmisinizsə, transfer nəqliyyatı çıxışa yaxın ərazidə sizi gözləyəcək. Taksi qiymətləri isə bahadır. Bakı ilə müqayisədə 3-4 dəfə fərq var. Tur bələdçisinin sözlərinə görə, bu fərq bəzən 10 qata da çıxa bilər. Yəni, qalacağınız yer uzaqdadırsa və taksi ilə getməyi düşünürsünüzsə, xeyli pul xərcləməli olacaqsız. Monteneqroda beynəlxalq taksi operatorları işləmir. Özlərinin taksi xidmətləri var. Soruşsanız ki, daxili nəqliyyat necə, inkişaf edibmi? Bu suala təssüüf ki, mənfi cavab verməli olacam. Öncədən araşdırdığım kimi, ictimai nəqliyyat turistlər üçün əlverişli deyil. Hava limanından paytaxta metro, tramvay yoxdur. Avtobuslar var amma turistlərin dediyinə görə xidmət ürəkaçan vəziyyətdə deyil. Nəqliyyat vasitələri tam dolmamış hərəkət etmirlər. Bu isə zaman itkisi deməkdir.
Bu arada bir haşiyəyə çıxım. Monteneqroda əsas iki hava limanı var. Beynəlxalq Tivat hava limanı Budva, Kotor, Bar, Beçiçiyə səyahət edənlər üçün əlverişlidir. Şəhərlərin yerləşməsi səbəbindən Tivat hava limanında tez-tez sıxlıq olur, xüsusilə tətil mövsümündə ziyarətçi axınının daha da artdığı zaman sıxlıq nəzərə çarpır.
Podqoritsa Hava Limanı isə Monteneqronun ən vacib hava limanıdır. Burada Monteneqronun milli aviadaşıyıcları, həmçinin Avropanın 28 ən böyük aviaşirkətinin nümayəndəlikləri yerləşir. Hava limanında bank filialları və Duty Free mağazaları, avtomobil icarəsi və səyahət agentliyi var. Hava limanının yaxınlığında avtobus dayanacağı var. Paytaxta çatmaq 3 avroya başa gələcək. Taksi isə sizi 15 avroya aparacaq. Həm Tivat, həm də Podqoritsa hava limanından Budvaya (ən populyar turistik istiqamət) ən ucuz nəqliyyat vasitəsi olan avtobusla gedə bilərsiniz. Podqoritsadan Budvaya avtobus biletinin qiyməti təxminən 6 avrodur, lakin qiymət avtobus şirkətindən asılıdır. Fərqli avtobuslar müxtəlif vaxtlarda hərəkət edir. Ən sürətli avtobus (dayanacaqsız ekspress avtobus) son stansiyaya 1 saata çatır. Bəzən bu 2 saat 10 dəqiqəyə də çata bilər. Ümumiyyətlə, cədvələ baxdıqdan sonra avtobus bileti almaq daha məsləhətlidir.
Bəs tranferimiz yoxdursa, taksi və yerli nəqliyyat da istəmiriksə, nə edək? sualının cavabı maşın kirayələməkdir. Ümumiyyətlə, Balkanlara səyahət edənlər bu üsula üstünlük verirlər. Çünki yollar dardır, mənzərələr gözəldir, uyğun yerdə dayanıb təbiətdən zövq almaq, şəkil çəkdirmək istəyirsinizsə, üstəlik çox adamla səyahəti sevmirsinizsə, bu ən yaxşı üsuldur. Yolların vəziyyəti, maşın kirayəsi və s. haqda ayrıca yazım olacaq. Hələlik, ilk təəssüratla davam edək.
Transferimizə əyləşdikdən sonra ətrafa nəzər saldıqda ilk anlarda Monteneqro mənə Qafqazı xatırlatdı. Mülayim isti hava, dağlar, meşələr, dar yol... Nəqliyyatımız xeyli asta hərəkət edirdi. Öyrəndik ki, bu ölkələrarası yoldur. Demək olar ki, hər yarım saatdan bir təyyarədolusu turist gəlir, onların yarısından çoxu maşın kirayələyir. Bütün bu amilləri nəzərə aldıqda yolda tıxac olması təəccüblü deyil. Turistlər üçün populyar istiqamət olduğu üçün Monteneqro hökuməti infrastruktura əl gəzdirməyə başlayıb. Yollar genişləndirilir. Hətta hava limanından çıxışda yeni uçuş zolağı çəkilir. Yolda tıxaca təsir edən amillərdən biri də budur.
İnternetsiz qalmaq istəmirsinizsə...
Təəssüf ki, Azərbaycan mobil operatorlarının Monteneqroda xüsusi rouminq paketləri yoxdur. Adətən səyahətlərdə rouminqi aktivləşdirmirəm çünki həm bahadır, həm də demək olar ki, hər yerdə açıq internet şəbəkəsi tapmaq olar. Rəfiqəm isə problem yaşadı. Hava limanından enən kimi balansı sıfırlandı...Təcrübəli səyahətçilərin məsləhətinə görə, 15 avroya 15 günlük 500 GB internet paketi ilə mtel nömrəsi almaq sərfəlidir. Biz bunu gec öyrəndik. Yaxın zamanda Monteneqroya səyahət etməyi düşünürsünüzsə, başqa variantlar da araşdıra bilərsiniz.
Bir tərəf dağ, digər tərəf Adriatik dənizi
Bizim qalacağınız otel Budvaya yaxın, Beçiçidə idi. Budva ölkənin turist axan şəhərlərindən biridir. Hava limanından buraya təxminən yarım saat yoldur (tıxacsız). Budvaya çathaçatda Monteneqroda olduğunuzu dərhal hiss etməyə başlayırsınız. Bir tərəfdə dağlar, meşələr, digər tərəfdə isə ucsuz-bucaqsız Adriatik dənizi. Mənzərə möhtəşəmdir. Dar yollarla körfəz boyu hərəkət etdikcə insan təbiətin gözəlliyinə məftun olur. Bu arada dağlardan daş tökülməsinin qarşısını almaq üçün yolboyu torlar çəkilib. Görünür, əvvəllər tez-tez təbiət hadisələri baş verirmiş.
Otelə yerləşdikdən sonra ətrafı kəşfə çıxdıq. Öncə, biraz yemək lazım idi. Sahilboyu kafelərdən birində əyləşdik. Pizza və sərin içkilərə 27 avro ödədik. Ölkədə əsas pul vahidi avrodur. Monteneqroda nağd pula daha çox üstünlük verilməsi ilə bağlı məsləhətləri çox görsək də, biz kartla ödənişlə bağlı ciddi sıxıntı yaşamadıq. İki dəfə nağd ödəniş tələb edildi, ilkində dükanda texniki problem var idi, ikincisi də bazar günü axşam 9-dan sonra ərzaq dükanında yaşandı. Satıcı bildirdi ki, həftəsonu axşamlar ancaq nağd qəbul edilir. Yerli əhali əsasən serb dilində danışır. Rus və ingilis dillərini başa düşürlər.
Davamı növbəti reportajda...
Monteneqro, Budva
Nigar HƏSƏNLİ,
Fotolar müəllifə məxsusdur,
Musavat.com