Avropalı diplomat erməniləri necə “məğlub” etdi: Qərb Azərbaycana qarşı “qırmızı cizgiləri” keçir

Qərbdə bəziləri sülh prosesinə dəstək vermək əvəzinə, Cənubi Qafqazda vəziyyəti gərginləşdirib, yeni savaşa yol açmağa çalışırlar, Ermənistanın beynəlxalq himayədarları daha dəhşətli regional müharibənin törədilməsi üçün əllərindən gələn hər şeyi edirlər... Bu baxımdan, Rusiya ilə yanaşı, Qərbin maraqları da hazırda Cənubi Qafqazın gələcək perspektivləri qarşısında əsas əngələ çevrilmiş kimi görünür, rəsmi Bakının yaxın gələcəkdə indi baş verənləri mütləq nəzərə almalı olacaq...

Cənubi Qafqaz uğrunda mübarizə artıq “qırmızı cizgiləri” aşmağa başlayıb. Bu regiona yerləşmək üçün “geopolitik pəncərə” axtaran beynəlxalq siyasi iradə mərkəzləri bütün mümkün vasitələrlə Cənubi Qafqazda situasiyanı qəlizləşdirməyə çalışırlar. Üstəlik, onlar bunu həm “sülh göyərçinləri” obrazına bürünərək, etməyə çalışırlar. Və eyni zamanda, sülh prosesində neytral vasitəçi olmadıqlarını da qətiyyən gizlədə bilmirlər.

1fd5784624185cfe42d583a67be17464.jpg (243 KB)

Məsələ ondadır ki, ABŞ son vaxtlar Ermənistanın əsas beynəlxalq himayədarı missiyasını öz üzərinə götürməyə can atır. Ağ Ev az qala özünü Ermənistanın “toxunulmazlığı”nın yeganə qarantoru kimi aparır. Rəsmi İrəvanı Rusiyaya qarşı radikal xarici siyasət vektoru dəyişikliyinə cəsarətləndirir. Eyni zamanda, Ermənistanın Azərbaycandan müdafiəsini təmin edəcəyini də vəd etmiş kimi görünür. Və bu iki məqam ABŞ-ın sülh prosesində vasitəçilik missiyasını ciddi şübhə altına salır.

Hər halda, ABŞ rəsmi dairələrinin bir müddət öncə Ermənistanı açıq şəkildə dəstəkləyib, Azərbaycana qarşı təhdidkar mövqe nümayiş etdirməsi hələ unudulmayıb. Halbuki, Ağ Ev bu mövqeyi ilə ABŞ-ın Cənubi Qafqaz siyasətini və strateji hədəflərini böyük risk altına saldığını çox tez anladı. Çünki rəsmi Bakı Ağ Evin mövqeyinə sərt və radikal reaksiya verməklə, ABŞ-ın Azərbaycanla belə davrana bilməyəcəyini sübuta yetirdi. Və nəticədə Ağ Ev geri çəkilmək, Azərbaycan-ABŞ münasibətlərini yenidən normallaşdırmaq istiqamətində addımlar atmaq məcburiyyətində qalmış oldu.

Ancaq ABŞ və Qərbin Azərbaycana qarşı təzyiq kampaniyası əvvəlki kimi intensiv xarakter daşıyır. Belə ki, Fransa ABŞ-a paralel olaraq, Ermənistanın beynəlxalq himayədarı roluna iddialı olduğunu qətiyyən gizlətmir. Rəsmi Paris hazırda Ermənistanın silahlandırılması prosesini öz üzərinə götürmüş kimi görünür. Nə qədər köhnəlmiş hərbi texnika olsa da, Fransa Ermənistana artıq “Bastion” zirehli döyüş maşınlarının göndərilməsini təmin edib. Növbəti mərhələdə isə Ermənistana Fransa istehsalı olan radio-lokasiya stansiyaları və zenit-raket komplekslərinin verilməsi nəzərdə tutulub.

849dd534-04e4-44e6-83ef-ebc952fe8b15.jpg (257 KB)

Belə anlaşılır ki, indiki situasiyada ABŞ və Fransa sülh prosesinin uğur qazanmasında qətiyyən maraqlı deyillər. Ona görə də, atdıqları addımlarla sülh sazişin imzalanması imkanlarını bloklamağa çalışırlar. Üstəlik, bu iki ölkənin fəaliyyətinin əslində, Cənubi Qafqazda yeni savaş vəziyyətinin yaradılmasına yönəldiyi də diqqətdən yayınmır. Yəni, bu regionda yaxın vaxtlarda növbəti dəfə hərbi toqquşmalar baş verərsə, siyasi məsuliyyəti məhz ABŞ və Fransanın üzərinə düşəcək.

Halbuki, Avropa Birliyi də son vaxtlar regional savaş təhlükəsinin gücləndirilməsində birbaşa iştirak edən tərəfə çevrilməyə başlayıb. Belə ki, Avropa Birliyi Ermənistanın hərbi sektorunun yenidən qurulmasının maliyyələşdirilməsini öz üzərinə götürməyə başlayıb. Eyni zamanda, Avropa Birliyi təmsilçiləri ermənipərəst mövqedən çıxış etməklə yanaşı, Azərbaycana qarşı ittihamlar irəli sürməkdə də yarışa giriblər. Bu proses hazırda Azərbaycan əleyhinə iftira və böhtan kampaniyası mərhələsinə keçirilmiş kimi görünür.

Məsələ ondadır ki, Avropa Birliyi təmsilçilər Azərbaycanı Ermənistana qarşı yeni savaşa hazırlaşmaqda ittiham edirlər. Rəsmi Bakı bu ittihamları dəfələrlə təkzib etsə də, öz iddialarında israrlı olan Avropa Birliyi rəsmiləri Azərbaycana böhtan atmaqda davam edirlər. Bu baxımdan, rəsmi Bakının Avropa Birliyinin sülh vasitəçiliyinə də maksimum səviyyədə tərəddüdlü və ehtiyatlı yanaşması tamamilə başadüşüləndir. Və bu davranışlardan imtina edilməyəcəyi təqdirdə, böyük ehtimalla rəsmi Bakı Fransanın ardınca Avropa Birliyini də sülh prosesindən kənarda qoymalı olacaq.

77a8a08fa6a5dff1f0e83379a22b7a23.jpg (417 KB)

Maraqlıdır ki, Avropa Birliyinin diplomatiya sahəsinə rəhbərlik edən Jozef Borrel Azərbaycana qarşı iftira və böhtan atmaqda “qırmızı cizgiləri” aşmaqla diqqəti çəkir. Bu avropalı diplomat gözlənilmədən iddia edib ki, guya Azərbaycan ərazisini tərk edən ermənilərin sayı 150 min nəfərdir. Görəsən, Jozef Borrel onları necə sayıb və ya bu rəqəmləri haradan alıb? Axı, heç ermənilər belə, bu məsələdə rəqəmləri Jozef Borrel qədər şişirtməyə çalışmamışdı. Halbuki, ermənilərin elan elədiyi 107 min nəfər rəqəmi də ciddi şəkildə şişirdilib. Və avropalı diplomat “şişirtmə yarışı”nda fırıldqçı, yalançı erməniləri belə, geridə buraxmağı bacarıb.

Erməni mənbələri etiraf edirlər ki, II Qarabağ savaşından sonra Azərbaycan ərazisində 15 min nəfərə yaxın Ermənistan ordusunun hərbçiləri olub. Bu sıraya erməni hərbçilərinin ailə üzvlərini də əlavə etdikdə, bu rəqəm təxminən 60 min nəfərə yaxınlaşır. Eyni zamanda, Qarabağda Ermənistan, Suriya və Livan vətəndaşlarının da məskunlaşdırıldığını nəzərə aldıqda, Azərbaycanı tərk edən ermənilərin yası 107 min deyil, maksimum 20-25 min nəfər ola bilərdi. Və bu, o deməkdir ki, həm Ermənistan, həm də Jozef Borrel rəqəmləri məqsədyönlü şəkildə şişirtməyə üstünlük verir.

Belə anlaşılır ki, Qərbdə bəziləri sülh prosesinə dəstək vermək əvəzinə Cənubi Qafqazda vəziyyəti gərginləşdirib, yeni savaşa yol açmağa çalışırlar. Son vaxtlar Ermənistanın beynəlxalq himayədarları yeni regional müharibənin törədilməsi üçün əllərindən gələn hər şeyi edirlər. Və bu baxımdan, Rusiya ilə yanaşı, Qərbin maraqları da hazırda Cənubi Qafqazın gələcək perspektivləri qarşısında əsas əngələ çevrilmiş kimi görünür.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

06.12.2023 18:33
4866