Ukraynanın milli birlik naziri Aleksey Çernışov bəyan edib ki, Avropa İttifaqı ölkələrində müvəqqəti müdafiə statusunun dəyişdirilməsi yalnız Ukraynada davamlı və dayanıqlı sülh bərqərar olduqdan sonra mümkün ola bilər.
Musavat.com-un məlumatına görə, nazir xatırladıb ki, Avropa İttifaqı Şurası ukraynalı qaçqınlar üçün müvəqqəti müdafiə haqqında Direktivin müddətini 2026-cı ilin mart ayınadək uzadıb.
“Ukraynalılar üçün xaricdəki statusun dəyişdirilməsindən yalnız o zaman danışmaq olar ki, ölkəmizdə sabit və uzunmüddətli sülh hökm sürsün. Beynəlxalq tərəfdaşlarımız bunu tam şəkildə anlayırlar”, – deyə Çernışov qeyd edib.
Nazirin sözlərinə görə, Ukrayna hökuməti bu məsələ ilə bağlı beynəlxalq müzakirələri yaxından izləyir və vətəndaşlarının maraqlarını qorumaq üçün fəal şəkildə proseslərdə iştirak edir.
Musavat.com