Türk ixracatçıları Avropada üzləşdikləri itkilərə görə məhsullarının ixracı üçün “B Planı” hazırlayırlar.
Türkiyənin “Dünya” iş qəzeti xəbər verir ki, alternativ bazar axtarışlarında əsas üstünlüyün Rusiya, Orta Asiya və Yaxın Şərq ölkələrinə verilməsi planlaşdırılır.
Nəşr qeyd edir ki, Avropa Türkiyə üçün əsas bazar olaraq qalır və onun ixracının təxminən 45 faizini təşkil edir. Lakin qitədə qlobal və regional səbəblərdən qaynaqlanan iqtisadi tənəzzül son vaxtlar türk hazır geyim, toxuculuq və tekstil sənayesi istehsalçılarını 10 faizdən çox itkiyə məruz qoyub. Qəzetin ölkənin işgüzar dairələrinin nümayəndələrinə istinadən yazdığına görə, Türkiyə 2028-ci ilə qədərki dövr üçün ixrac planlarını hazırlayarkən əsas mal və xidmət bazarı kimi Avropa ölkələri ilə yanaşı digər istiqamətləri də nəzərə alır.
Musavat.com Türkiyə İxracatçılar Birliyinin rəhbəri Mustafa Gültəpə qəzetə bildirib ki, Avropa Türkiyənin ixracatında strateji yerini qoruyub saxlayacaq və əsas bazarı olaraq qalacaq: “Ortamüddətli perspektivdə hazırda ildə 14 milyard dollar olan ABŞ-a ixracımızı iki dəfə artıra bilərik. Körfəz ölkələrinin də ixracatımız üçün böyük potensialı var. İraq, Rusiya və Türk cümhuriyyətləri həm coğrafi yaxınlıq, həm də mövcud ticarət əlaqələri baxımından ixracatımızda da önə çıxır. İraq və Rusiya ən çox mal ixrac etdiyimiz ilk on ölkə arasındadır”.
Türkiyə Hazır Məhsul İstehsalçıları Birliyinin İdarə Heyətinin sədri Ramazan Kaya isə bildirib ki, hazır geyimlərin əsas bazar olan Aİ ölkələrinə ixracı 70 faizdən 59 faizə düşüb: “Biz Rusiya, Fars Körfəzi, Yaxın Şərq ölkələrinə tədarük etməklə Aİ bazarında tələbin olmamasından yaranan boşluğu doldurmağa istiqamətlənmişik. Xüsusilə 2024-cü ildə Rusiyaya ixracın artacağını gözləyirik”.
Sənaye birliyinin rəhbəri Berke İçtenin dediyinə görə, hər il 550 milyon cüt ayaqqabı istehsal edən Türkiyə üçün Avropa bazarını əsas bazar hesab edir. Lakin həmçinin qeyd edir ki, Aİ ölkələrindəki iqtisadi vəziyyətə görə ixrac planlarına düzəlişlər etməyə məcburdurlar.
Türkiyə 2023-cü ilin sonuna qədər 265 milyard dollar dəyərində məhsul ixrac etməyi, 2028-ci ilə qədər isə bu göstəricini 400 milyard dollara çatdırmağı planlaşdırır. Türkiyənin ənənəvi ixracatını hazır geyim, tekstil, avtomobil, metal, maşın və avadanlıqlar, qida məhsulları, kimya məhsulları təşkil edir.
Musavat.com