Avropa sosial şəbəkələrdən narahatdır: Seçkilər təhlükədə?

“Avropa sosial platformalardan ehtiyat edir. Sosial platformalar təsis olunanda bu, sadəcə fikir mübadiləsi üçün müstəvi sayılırdı. Ancaq zaman keçdikcə sosial platformaların tətbiqi imkanları genişləndi və siyasi proseslərə təsir etməyə başladı”.

Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib.

 elxan.jpg (68 KB)

Politoloq qeyd edib ki, bununla bağlı sonuncu nümunə Rumıniyada keçirilən prezident seçkiləridir:

“Avropa Komissiyası rəqəmsal xidmətlər qanununa istinad edərək “TikTok”un Rumıniyadakı son seçkilərin bütövlüyünü pozması iddiasıyla bağlı rəsmi araşdırmaya başlayıb. Avropa İttifaqı və NATO üzvü olan Rumıniyada prezident seçkisinin birinci turunda “aqressiv hibrid müdaxilələr” aşkarlanıb. Həmişəki kimi şübhələr Rusiyaya yönəlib. Rusiyanın müvafiq strukturlarının “TikTok” vasitəsilə seçki nəticələrinə təsir etməsi şübhələri var.

“TikTok” nümayəndələri dekabrın 3-də Avropa Parlamentində keçirilən dinləmələrdə çıxış ediblər. Şirkət nümayəndələri bildiriblər ki, “TikTok”un Rumıniya seçkiləri ilə bağlı baş verənləri özləri də araşdırırlar. Brüssel “TikTok”dakı istifadəçi məlumatlarının Çinə ötürülməsinin mümkün olub-olmaması ilə də maraqlanır. Bu, kibertəhlükəsizlik baxımından Brüssel üçün vacibdir. Məsələ burasındadır ki, Rumıniyadakı səsvermədən öncə minlərlə saxta hesabın gizli fəaliyyəti diqqət çəkib.

Rumıniyada “TikTok” istifadəçilərinin sayı 9 milyon nəfər civarındadır. Onların əksəriyyəti gənc seçicilərdir. Kelin Corceskunun prezident seçkisinin birinci turunda gözlənilməz qələbəsi bir çoxları üçün sürpriz oldu. Rumıniya Konstitusiya Məhkəməsi seçkinin birinci turunun nəticələrini ləğv etdi. Corcesku seçki kampaniyasında Rumıniyanın Ukraynaya yardımını sərt tənqid edib. O, “TikTok”dakı videoçarxlarında Ukrayna və Avropa İttifaqı əleyhinə açıqlamalar verib. Bu videoçarxları milyonlarla Rumıniya vətəndaşı izləyib. Bəyənmə sayı da çoxdur. Aydındır ki, belə bir namizədin seçkidə qələbə qazanması Rusiyanın maraqlarına cavab verib.

İlkin rəylər belədir ki, Çinə məxsus sosial media platforması olan “TikTok”un bu qələbədə mühüm rolu olub. Bu “qələbə” dərhal Brüsselin diqqətini çəkib və araşdırmalara qərar verilib. Avropa Komissiyası “TikTok”un siyasi reklam və ödənişli məzmunla bağlı siyasətini araşdırır. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen araşdırmanı şəxsən nəzarətdə saxlayır. Onun sözlərinə görə, xarici aktorların “TikTok”dan istifadə edərək Rumıniya prezident seçkilərinə müdaxiləsi Brüsseldən ciddi addımlar atmağı tələb edir:

“Avropa İttifaqı ərazisində seçki müdaxilələrində iştirak edən onlayn platformalar, o cümlədən “TikTok” məsuliyyətə cəlb edilməlidir”.

Brüsselin bu araşdırmaya ehtiyacı yalnız Rumıniyadakı seçki ilə bağlı deyil. Avropa İttifaqı strukturları ehtiyat edirlər ki, digər Avropa ölkələrində də sosial platformaların imkanlarından istifadə edən xarici mərkəzlər tapıla bilər. Ona görə də Brüssel Rumıniya nümunəsindən istifadə edərək bunun qarşısını almağa çalışır”.

Xalidə Gəray
Musavat.com

20.12.2024 11:04
296