Avropa Rusiyaya qarşı 5,3 milyard dollarlıq ticarət sanksiyası tətbiq etməyə hazırlaşır

Avropa İttifaqı Rusiyaya qarşı 12-ci sanksiyalar paketi çərçivəsində 5,3 milyard dollarlıq əlavə ticarət qadağası tətbiq etməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Bloomberg öz mənbələrinə istinadən yayıb.

Agentliyin mənbələrinə görə, təklif olunan yeni məhdudiyyətlər qaynaq avadanlığının, kimyəvi məhsulların və hərbi məqsədlər üçün istifadə oluna bilən digər texnologiyaların ixracına təsir göstərəcək. Aİ proqram təminatı lisenziyalarının və bəzi emal edilmiş metalların, alüminium və tikinti məhsullarının, nəqliyyat məhsulları və almazların idxalını qadağan etməyi də nəzərdən keçirir.

Bundan əlavə, yeni sanksiyalar siyahısına 100-dən çox fiziki və 40 hüquqi şəxsin də əlavə ediləcəyi gözlənilir.

Agentliyin mənbələri bildirir ki, Aİ Avropa şirkətlərini üçüncü ölkələrlə müqavilələrə Rusiyaya hərbi məqsədlər üçün istifadə oluna bilən malların ixracını qadağan edən müddəalar əlavə etməyə inandırmaq istəyir. Aİ-də dondurulan Rusiya aktivlərinin geri qaytarılmasına qadağa qoyulması və Rusiya vətəndaşlarının həssas sektorlarda fəaliyyətinin məhdudlaşdırılması məsələləri də müzakirə olunur.

Rusiya neftinin qiymətinin yuxarı həddi məsələsi də Aİ-yə üzv ölkələrin və onların tərəfdaşlarının gündəmindədir. Qeyd edildiyi kimi, tərəflər bu qadağaya daha effektiv riayət olunmasının təmin olunması variantlarını araşdırırlar. Xüsusilə neftin qiymətinin formalaşmasında şəffaflığın artırılması və sanksiya tətbiq edilən gəmilərlə əməliyyatların məhdudlaşdırılması təklif edilir.

Bloombergin yazdığına görə, bu təkliflər hələ də dəyişikliklərə məruz qala bilər və sonradan Aİ-nin bütün 27 ölkəsinin yekdil təsdiqini tələb edəcək.

Musavat.com

31.10.2023 20:44
497