Avropanın qaz bazarında vəziyyət “pis”dir.
Musavat.com xəbər verir ki, bu qiymətləndirmə ilə Rusiyanın “Qazprom” holdinqinin rəhbəri Aleksey Miller Sankt-Peterburq Beynəlxalq Qaz Forumunda çıxış edib.
Onun sözlərinə görə, qazın və elektrik enerjisi qiymətlərinin rəqiblərlə müqayisədə xeyli yüksək olması nəticəsində Avropa sənayesizləşir.
Miller hesab edir ki, Avropanın sənayesizləşdirilməsi prosesi davam edəcək: “Qaz bazarında qeyri-sabitlik daha da artacaq və ən xoşagəlməz hal odur ki, belə bir siyasət Avropa qaz bazarında yeni qiymət şoku və çatdırılmaların pozulmasına səbəb ola bilər.”
Onun sözlərinə görə, Avropada qaz tələbatının məqsədyönlü şəkildə məhv edilməsi” müşahidə olunur - 2024-cü ilin 9 ayı ərzində 2023-cü ilin eyni dövrü ilə müqayisədə Avropa İttifaqı və Böyük Britaniyada qaza tələbat daha 11 milyard kubmetr azalıb.
Miller qeyd edib ki, tələbin azalması Aİ iqtisadiyyatının “onurğa sütununda” - polad, sement və kimya sənayesindədir: “Son bir il yarım ərzində bəzi sənaye sahələrində istehsal təxminən 10 faiz azalıb, bu sənayelər onillik istehsal minimumlarına çatıb. Bəzi sahələrdə istehsalın maya dəyəri cəmi bir il ərzində 25 faiz artıb. Bütün bunlar son nəticədə Avropa sənayesinə və hər kəsə ağır zərbə vurur. Məlumdur ki, Avropa İttifaqının sənayesizləşdirilməsi prosesi, necə deyərlər, tam sürətlə gedir”.
Eyni zamanda, Aİ-də enerji tariflərinin sürətli artımı və qaz qiymətlərinin dəyişkənliyi yaxın, orta və xüsusilə uzunmüddətli perspektivdə xərclərə nəzarəti mümkünsüz edir: “Avropa İttifaqında sənaye müəssisələri elə vəziyyətə düşürlər ki, bəziləri sadəcə bağlanıb, məsələn, Almaniya müəssisələrinin yarısı öz istehsalını üçüncü ölkələrə köçürmək və ya istehsalı azaltmaq imkanlarını nəzərdən keçirir, müəssisələrin 20 faizi isə fəaliyyətini tamamilə dayandırıb”.
Millerin sözlərinə görə, ABŞ-da elektrik enerjisinin qiyməti Avropa ilə müqayisədə 2-3 dəfə, qazın qiyməti isə 4-5 dəfə aşağıdır ki, bu da Avropa iqtisadiyyatını rəqabətsiz edir.
Miller həmçinin bildirib ki, “Qazprom” 2050-ci ilə qədər qlobal qaz tələbinin 5,7 trilyon kubmetrə qədər artacağını, qazın 26 faiz payla liderə çevriləcəyini, artımın əsas amillərinin əhali artımı və rəqəmsallaşma olacağını gözləyir.
2024-cü ilin 9 ayı ərzində 2023-cü illə müqayisədə qaza olan tələbat 60 milyard kubmetr artıb, artımın 80 faizi üç ölkənin - Çin, Hindistan və Rusiyanın payına düşüb. “Qazprom”un məlumatına görə, qlobal cənub ölkələrində də tələbat artacaq.
Miller dünyanın ən böyük qaz istehsalçısı və istehlakçısı olan ABŞ-ın perspektivlərini də qiymətləndirib: “Birləşmiş Ştatlarda qaz hasilatında yavaşlama, şist yataqlarının tükənməsi, kəşfiyyata ayrılan maliyyənin azalması və daxili tələbatın artması müşahidə olunur. Ən maraqlısı isə odur ki, bu il ABŞ-ın Kanadadan boru kəməri qazı idxalında keçən illə müqayisədə 6% artım müşahidə edirik. Bu barədə az adam bilir və hətta az adam bilir ki, ABŞ həm də qaz idxalçısıdır”.
Onun fikrincə, “Rusiya üçün yeni imkanlar BRİKS kimi assosiasiyalar çərçivəsində qaz bazarında qlobal əməkdaşlığın ədalətli prinsipləridir”.
Musavat.com