Avropa Məhkəməsi ADNA terroruna görə ömürlükdə olan şəxsin şikayətini baxışdan çıxardı – CİNAYƏT DOSYESİNDƏ NƏLƏR VARDI?

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan Dövlət Neft Akademiyasındakı (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) terror aktından dolayı həbs olunaraq ömürlük həbsə məhkum edilmiş Nadir Əliyevin şikayətini baxışdan çıxarıb.

Bu haqda Musavat.com-a Nadir Əliyevin vəkili Hüseynxan Mustafayev məlumat verib.

Vəkil müvəkkilinin barəsindəki hökmlə razı olmadığını, Azərbaycan məhkəmələrində günahsızlığını sübut etmək üçün çabalarından sonra Avropa Məhkəməsinə üz tutduğunu bildirib. Hüseynxan Mustafayev deyib ki, Nadir Əliyev barəsində Avropa İnsan Haqları Məhkəməsinə göndərdikləri şikayət qəbul olunsa da, sonradan heç bir izahat verilmədən baxışdan çıxarılıb. Vəkil bu müəmmalı addımın səbəbini öyrənə bilmədiyini qeyd edib.

Xatırladaq ki, 15 il əvvəl, 2009-cu il aprelin 30-da Bakının mərkəzində yerləşən Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) tədris binasına silahlı hücum olub. Qanlı terakt nəticəsində müəllim və tələbələrdən 12 günahsız insan qətlə yetirilib, 13 nəfər isə yaralanıb. ADNA-da qanlı terror olayı baş verəndən sonra 3-ü Gürcüstan vətəndaşı olmaqla, 4 azərbaycanlı həbs olunub. Onlardan 3-ü barəsində ömürlük, biri haqda isə 12 illik həbs cəzası çıxarılıb.

Məhkəmədə üzə çıxıb ki, ittiham olunan şəxslərdən heç biri terror aktı baş verən zaman Neft Akademiyasının binasında olmayıblar. İş üzrə məhkəmə prosesi aparılarkən təqsirləndirilən Nadir Əliyev, Cavidan Amirov və Nəcəf Süleymanov dəhşətli işgəncələrə məruz qaldıqlarını, terroru icra edən Fərda Qədirovla hər hansı bir cinayət törətmədiklərini bildiriblər.

İttihama görə, Fərda Qədirov erməni xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirib, Bakıya gələrək terror aktı törədib. İttihama əsasən, cinayətin təşkilatçısı Gürcüstan vətəndaşı, erməni əsilli Mardun Qumaşyandır. İttihamda yazılır ki, o, müttəhimlərlə cinayət əlaqəsinə girərək, onları Bakıda azərbaycanlılara qarşı terror aktı törətməyə razı salıb. İstintaq hesab edib ki, Qumaşyan terrorçuluğu maliyyələşdirərək bu cinayətin təşkili və həyata keçirilməsi üçün onlara ümumilikdə 50 min ABŞ dolları məbləğində pul verəcəyini vəd edib. O, əvvəlcədən Fərda Qədirova 5 min ABŞ dolları məbləğində pul verərək, qalan məbləği cinayət törədildikdən sonra verəcəyi, eləcə də Fərda Qədirov tərəfindən hələ 2008-ci il noyabrın 8-də Tiflisdə odlu silah satışı mağazasından aldığı “Makarov” tipli tapança və 200 ədəddən artıq patronların qanunsuz olaraq Azərbaycana keçirilməsi barədə razılığa gəlib.

İbtidai istintaqın qənaətinə görə, Fərda Qədirov ruhi xəstə olub. İstintaqın bu qənaətə hansı sübutlara əsasən gəlməsi bilinmir. Təqsirləndirilən şəxslərə verilən ittihamdan isə belə aydın olurdu ki, onlar da terror aktını törədən Fərda Qədirov kimi Marneuli rayonunun Daştəpə kəndindəndirlər. Fərda Qədirovla məktəb illərindən bir kənd sakini kimi tanış olublar. Sonradan isə Fərda Qədirov ailəsi ilə birgə Rusiyaya köçüb. Uzun illər onların əlaqəsi olmayıb. Məktəb illərindən sonra Nadir Əliyev və onunla birgə mühakimə olunanlar Azərbaycana iş tapmağa gəlib, tikintidə çalışıblar. Sonradan Nadir Əliyev dönərçi işi tapıb, son iş yeri metronun 28 May stansiyası olub. 2009-cu ilin fevralında Fərda Qədirov Rusiyadan Bakıya gəlib, Daştəpədən olan kənd sakinlərini, məktəbdən tanıdığı Nadir Əliyev və digərilərini axtarıb, onlarla görüşüb. Rusiyadan cibi dolu pulla gələn Fərda Qədirov Bakıda günü günə calayan, hər qəpiyini yığıb Gürcüstanda ağır şərtlərdə yaşayan ailəsinə göndərən Nadir Əliyev və digərlərini kafelərə, barlara aparıb, yedirib-içirib. Təxminən 2 aya yaxın davam edən kef məclislərində Fərda Qədirov Bakıda cinayət törədəcəyi haqda hər hansı bir məlumatı ətrafında olanlara bildirməyib.

1 ilə yaxın davam edən istintaq Fərda Qədirovun Nadir Əliyev və digərlərinə Bakıda hər hansı bir cinayət törədəcəyi ilə bağlı məlumat verməsini ortaya çıxara bilmədi. İttiham aktında yer alan məlumatlar isə məhkəmədə təsdiqini tapmadı.

Nadir Əliyev əlində Quran ağlayıb yalvarır, yenidən ədalətli istintaq araşdırması tələb edirdi. Deyirdi ki, ondan ifadələr asılmaqla, bədəninə tok verilməklə, dırnaqları çıxarılmaqla, butulka yeridilməklə alınıb. Məhkəmədə Nadir Əliyevin dediklərini təsdiq edən belə bir epizod da oldu. Onun vəkili Hüseynxan Mustafayevin vəsatəti ilə ibtidai istintaq dövründə dindirilməsi videosu nümayiş etdirildi. Həmin video ittihamı təsdiq edən sübut kimi nümayiş olunurdu. Videoda müstəntiqlə üz-üzə əyləşən Nadir Əliyev Fərda Qədirovla əlbir olduğunu deyirdi. Amma bir məsələ istintaqın sübut kimi təqdim etdiyi videonu özünün ifşasına çevirirdi. Belə ki, dindirmə zamanı gurultulu bir it hürüşməsi səsi qulaq batırırdı.

Nadir Əliyevin vəkili Hüseynxan Mustafayev sədrlik edən hakim Ramella Allahverdiyevanın icazəsi ilə çarpaz dindirmə apardı. İttihamçıdan dindirmə otağında itin nə gəzdiyini xəbər aldı. İttihamçı çiyinlərini çəkib suala cavab verə bilmədi.

Nadir Əliyev isə eyni sualı cavabsız buraxmadı. Məlum oldu ki, dindirmələr zamanı Fərda Qədirovla əlbir olmasını etiraf etmədiyindən onu soyundurub üstünə ovçarka cinsli it buraxıblar. Tələb olunan ifadəni verməyə onu razı salandan sonra dindirmə davam etdirilib, hər ehtimala qarşı iti də dindirmə otağında, kadr arxasında saxlayıblar.

Nadir Əliyev və digərləri məhkəmənin gedişatında ADNA-dakı terrorla yaxından-uzaqdan əlaqələrinin olmadığını sübut etmək üçün ədalətli araşdırma tələb etdilər. Xeyri olmadı. Qərar verilmişdi. Əsas arqument də bu idi ki, Nadir Əliyevgil də, Fərda Qədirov da eyni kənddəndirlər, Bakıda görüşüb kafe və barlara birgə gediblər. Bu arqumentə istinad etməklə Daştəpəlilərin başıpapaqlılarının hamısını, Fərda Qədirovun barlarda görüşdüyü qadınları da istintaqa cəlb edib məhkum etmək mümkündür. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə (indiki Bakı Ağır Cinayətlər Məhkəməsi) hakim Ramella Alllahverdiyevanın sədrliyi ilə aylarla davam edən proses ittiham aktının hökmə köçürülməsi ilə yekunlaşdı. Nəticədə Gürcüstan vətəndaşları - Nadir Əliyev, Cavidan Amirov və Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycan prokurorluğunun cinayətin sifarişçisi elan etdiyi, Gürcüstanda yaşayan, orada çörək bişirib satmaqla məşğul olan Mardun Qumaşyan isə ömrünün son gününə qədər barəsindəki ittiham aktının Gürcüstan prokurorluğuna təhvil veriləcəyini gözlədi. 15 il əvvəl Bakıda baş vermiş terror aktı ilə bağlı cinayət işi bu günə kimi Gürcüstan Baş Prokurorluğuna göndərilməyib.

Əsas sual da elə budur – 12 azərbaycanlının ölümü, 13-nün yaralanması, 3 azərbaycanlını isə ömürlük həbsə aparan ittiham aktının Gürcüstan prokurorluğuna təhvil verilməməsinin səbəbi nədir?

ADNA terrorunun istintaqını əhatə edən ittiham aktının əsassızlığı və qanundan kənar olması deyil ki?

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

30.04.2024 12:13
1400