Taksi sifarişi və yeməklərin çatdırılması xidmətləri göstərən Amerikanın “Uber Technologies” şirkəti avropalı sürücülər haqqında məlumatların ABŞ-a ötürülməsinə görə Hollandiyada 290 milyon avro cərimələnib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı MarketWatch yayıb.
Məlumatda qeyd olunur ki, Hollandiyanın Məlumatların Mühafizəsi Təşkilatı (DPA) şirkətin ABŞ-dakı serverlərdə avropalı sürücülər haqqında məlumatları saxlamaqla Avropa İttifaqının Ümumi Məlumatların Qorunması Qaydasını pozduğunu bildirib.
Məlumatlara bank rekvizitləri, fotoşəkillər və şəxsiyyət sənədləri, bəzi hallarda isə cinayət qeydləri və tibbi məlumatlar daxildir. Sürücülər Fransada baş vermiş pozuntularla bağlı şikayət ediblər və şirkətin Avropadakı baş ofisi orada yerləşdiyi üçün cərimə Hollandiyada kəsilib.
Uber cəriməyə etiraz etməyi planlaşdırır.
Qeyd edək ki, ilin əvvəlindən şirkətin kapitallaşması 21 faiz artaraq 156,1 milyard dollar təşkil edib.
Musavat.com