Avropa İttifaqı mayeləşdirilmiş təbii qaz və neft ixracına qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etməklə Rusiyaya qarşı sanksiyalar təzyiqini artırmaq istəyir.
Musavat.com xəbər verir ki, bu məlumatı mənbələrinə istinadən Politico nəşri yayıb.
AB ölkələrindən birindən olan adı açıqlanmayan diplomat nəşrə bildirib ki, Rusiyadan LNG, neft, konkret mallar ixracı ilə bağlı problemlər var və onlar aradan qaldırılmalıdır.
Diplomatların və rəsmilərin fikrincə, Macarıstanın baş naziri Viktor Orban ölkəsinin Aİ Şurasına sədrliyindən istifadə edərək, sanksiyalar müzakirəsini effektiv şəkildə dayandırıb. Yanvarda Macarıstanı Polşa əvəz edəcək,. Varşava daha əvvəl altı aylıq sədrlik dövründən Rusiyadan Aİ-yə yanacaq tədarükü ilə bağlı mövqeyi sərtləşdirmək və onun hansı yollarla birlik ərazisinə gəldiyini araşdırmaq üçün istifadə etmək istədiyini açıq şəkildə bildirmişdi.
“Biz ümid edirik ki, Macarıstanın qeyri-konstruktiv blokadasının girovluğunda olan bütün məsələlər dərhal həll olunacaq”, - başqa diplomat bildirib.
Politico Aİ-yə daxil olan yanacağın mənşəyinin daha diqqətlə yoxlanılmasını tələb edən sənəd əldə edib.
Bundan əvvəl Fransa, Çexiya, İsveç, Finlandiya, Estoniya, Latviya və Litva da daxil olmaqla 10 ölkə Rusiyanın AB-yə LNG tədarükünün artırılması ilə bağlı narahatlığını bildirib.
Musavat.com