Avropa Hindistanla azad ticarətə tez başlamalıdır - Şolts

Almaniya kansleri Olaf Şolts Avropa İttifaqı ilə Hindistan arasında azad ticarət sazişi üzrə danışıqları tez bir zamanda başa çatdırmağa çağırıb.

Musavat.com TASS-a istinadən xəbər verir ki, Yeni Dehlidə Hindistanın baş naziri Narendra Modi ilə birgə mətbuat konfransında Şolts 2007-ci ildən başlayan danışıqlarda "sürətli irəliləyişə və tez yekunlaşmaya" çağırıb.

"Əgər biz bunun üzərində birlikdə işləsək, cənab baş nazir, bu, illər deyil, aylar ərzində baş verə bilər", - o bildirib.

Qeyd edək ki, Olaf Şolts və bir neçə alman nazir Almaniya-Hindistan hökumətinin yeddinci məsləhətləşmələrində iştirak etmək üçün Yeni Dehliyə gediblər.

Aİ və Hindistan 2007-ci ildə hərtərəfli azad ticarət sazişi üzrə danışıqlara başlayıb, lakin onlar 2013-cü ildə tərəflər arasında əqli mülkiyyət hüquqları, İT sektorundakı şirkətlərdə informasiya təhlükəsizliyi və bəzi mallara, avtomobillər, ümumi bazara çıxış kimi məsələlərdə fikir ayrılıqları səbəbindən dayandırılıb.

Danışıqlar 2022-ci ildə bərpa olunub. Aİ Hindistandan kiçik firmalar üçün ticarət maneələrini aradan qaldırmasını, xidmətlər və dövlət satınalmaları üçün bazarlar açmasını istəyir. Bununla belə, Hindistan makro, kiçik və orta müəssisələrin maraqlarını, həmçinin hindli fermerlərin vəziyyətini nəzərə alaraq kənd təsərrüfatı və süd məhsulları kimi həssas sektorları qoruyur.

Musavat.com

25.10.2024 12:56
212