Avropa da “Qarabağ Azərbaycandır” dedi: Erməni terrorçular legitim hərbi hədəfə çevrildi

Azərbaycanın Xankəndi və ətraf bölgəsində olan silahlı erməni separatçı-terrorçular üçün bütün “xilas qapıları” bağlandı, onlar qaçmağa cəhd edirlər… Ancaq rəsmi Bakı erməni terrorçuların qaçmasına imkan vermir, onların təslim olmasına çalışır, ilkin mərhələdə olan antiterror əməliyyatı aktiv hərbi fazaya keçmək üzrədir…

Cənubi Qafqazın əsas probleminin həlli son mərhələyə keçib. Rəsmi Bakı bu problemi təkbaşına, Azərbaycanın Konstitusiyasının tələbləri çərçivəsində nizamlamaq üzrədir. Belə ki, rəsmi Bakı Qarabağ məsələsini Azərbaycanın daxili işi elan edib və heç bir kənar qüvvənin müdaxiləsinə imkan verməyəcəyini vurğulayıb. Və beynəlxalq siyasi iradə mərkəzləri də Azərbaycanın bu məsələ ilə bağlı suveren hüquqlarını artıq qəbul edirlər.

Məsələ ondadır ki, Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarının mövcud nəticələri Qarabağ məsələsinin həm Cənubi Qafqazda, həm də beynəlxalq siyasi məkanda sona çatdığını birmənalı şəkildə təsdiqləyir. Ermənistan baş naziri Nikol Paşinyanın “Qarabağ Azərbaycandır” açıqlamasından sonrasa, artıq geriyə dönüşü olmayan mərhələ başlayıb. Rəsmi Bakı erməni baş naziri bu açıqlamanı üç müxtəlif siyasi məkanda təkrarlamağa məcbur edə bildi.

Belə ki, baş nazir Nikol Paşinyan əvvəlcə Avropda, ardınca Ermənistanda, daha sonrasa Rusiyada “Qarabağ Azərbaycandır” deməklə, Azərbaycanın maraqlarına və şərtlərinə uyğun olaraq, beynəlxalq hüquq normaları ilə təsbit olunmuş yeganə həqiqəti rəsmən etiraf etdi. Bundan sonra bu məsələ yalnız erməni baş nazirin etirafı üzərindən müzakirə edilir. Rəsmi İrəvanın erməni baş nazirin həmin etitafını unudaraq, Avropa Parlamentində növbəti dəfə manipulyasiya cəhdi də uğursuzluğa uğrayıb.

2b76e4d189a0fd6d58d12f09b4eea6ff.jpg (158 KB) 

Avropa Parlamenti Qərb dünyasının ən korrupsioner qurumu olsa da, orada keçirilən müzakirələrin hər halda, müəyyən əhəmiyyəti də mövcuddur. Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali təmsilçisi Josep Borrell son müzakirələrdə məhz baş nazir Nikol Paşinyanın bəyanatına istinad edib: “Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul etdi. Baş nazir Nikol Paşinyan Ermənistan rəhbərləri arasında belə bəyanatla çıxış edən ilk erməni lideridir”.

Bu isə o deməkdir ki, indi yalnız Ermənistan baş naziri Nikol Paşinyan deyil, Qərb siyasi dairələri də açıq və birmənalı şəkildə “Qarabağ Azərbaycandır” mövqeyini ifadə edir. Azərbaycanın Xankəndi və ətraf bölgəsində hələ də müqavimət göstərməyə çalışan erməni separatçı-terrorçular da bu reallığı artıq qəbul etmək və təslim olmaq məcburiyyətindədir. Əks halda, rəsmi Bakı hər an Azərbaycan ordusunu hərəkətə gətirə və antiterror əməliyyatlarına başlaya bilər.

Üstəlik, bundan sonra erməni separatçı terrorçuların hər hansı beynəlxalq qurumlara ümid bəsləməsi də tamamilə məntiqsizdir. Çünki beynəlxalq qanunlara görə, hər bir dövlət öz ərazisində olan silahlı separatçı-terrorçu dəstələrə qarşı hərbi əməliyyatlar aparmaq hüququna sahibdir. Heç bir dövlət öz ərazisində silahlı terrorçuların olması ilə barışmaz. Və bu baxımdan, beynəlxalq hüquq normalarına görə, silahlı erməni separatçı-terrorçular Azərbaycan ordusu üçün legitim hərbi hədəfdir.

 7eed8296f6afd49ea54607d0124c6a36.jpeg (141 KB)

Təbii ki, rəsmi Bakı silahlı erməni terrorizminə qarşı konkret addımlar atmaq niyyətini qətiyyən gizlətmir. Bu barədə artıq Ermənistan cəmiyyətində də müəyyən məlumatlar yayılmağa başlayıb. Ermənistanın “Hraparak” nəşri Qarabağ müharibəsində iştirak edən ermənilərə “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçməyə icazə verilmədiyini iddia edib. Həmin iddiada qeyd edilir ki, bu, həm Ermənistandan Xankəndiyə, həm də Xankəndidən Ermənistana getmək istəyənlərə aiddir.

Erməni nəşri vurğulayıb ki, Qarabağdan getmək istəyənlərin buraxılmamasının səbəbi kimi, Azərbaycan hərbçiləri müvafiq qanunvericilik dəyişiklikləri hazırlanmayana, məhkəmə prosesləri və ya cinayət işləri başa çatmayana qədər həmin şəxslərin Qarabağı tərk etmək hüququna malik olmadığını bildiriblər. Yəni, onlar ya mühakimə ediləcəklər, ya da ümumilikdə amnistiya alacaqlar. Və yalnız bundan sonra onların sərbəst hərəkətinə imkan veriləcək.

“Hraparak”ın verdiyi məlumata görə, Xankəndidə olan və müharibədə iştirak etmiş bir erməni adının açıqlanmaması şərtilə bildirib ki, Azərbaycanın rəsmi dairələrində 500 nəfərlik bir siyahı var: “O siyahıya Vitali Balasanyan, bir çox erməni generalları və komandirlərinin də adları daxil edilib”.

0b1b433a-7caf-4ea1-ba9d-50db4d8a598c.jpg (251 KB) 

Göründüyü kimi, erməni separatçı-terrorçuların vaxtı ciddi şəkildə daralıb. Onlar ən qısa zaman içərisində ya təslim olmaq, ya da antiterror əməliyyatının hədəfinə çevrilmək arasında seçim etmək məcburiyyətindədirlər. Əks halda, rəsmi Bakı onların nə vaxt seçim edəcəklərini o qədər də uzun müddət gözləmək niyyətindən çox-çox uzaqdır. Və Azərbaycan ordusunun hərəkətə keçməsindən sonra erməni terrorçuların seçim şansı qalmayacaq.

Üstəlik, rəsmi Bakı artıq bir müddət öncə qanunsuz erməni silahlı terror dəstələrinin təslim olacağı və inteqrasiya prosesinin başlayacağı təqdirdə, amnistiya müzakirəsinin mümkünlüyünü bəyan edib. Azərbaycan Prezidenti İlham Əliyevin bu barədə açıqlaması isə ABŞ Dövlət Departamenti tərəfindən birmənalı şəkildə alqışlanıb. Bu isə o deməkdir ki, erməni terrorçular üçün bütün istiqamətlərdən “xilas qapısı” artıq bağlanıb.

Göründüyü kimi, silahlı erməni separatçı-terrorçular üçün artıq hər şey sona çatmaq üzrədir. Avropa Birliyinin nüfuzlu təmsilçiləri də “Qarabağ Azərbaycandır” deməklə, silahlı erməni separatçı-terrorçuların mövcudluğunu qeyri-qanuni elan etmiş oldu. Bu baxımdan, artıq başlanmış Xankəndi əməliyyatında onların legitim hərbi hədəfə çevrildiyi qətiyyən şübhə doğurmur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

14.06.2023 17:02
3005