Əsas azalma neft ixracındadır, bir neçə ölkə Fransa ilə həmrəylik nümayiş etdirib
Dövlət Gömrük Komitəsinin statistikasına əsasən bu ilin yanvar ayında Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ümumi ticarətinin həcmi 905 milyon 931.97 min dollar təşkil edib. Bu həcmin 728 milyon 294.32 min dolları Aİ-yə ixracın, 177 milyon 637.65min dolları isə idxalın payına düşür. Beləliklə də yanvar ayında Azərbaycanın ümumi idxalında Avropa İttifaqı ölkələrinin payı 15,5 faiz, ümumi ixracdakı payı isə 39,5 faiz təşkil edib. Nəticədə ötən ilin eyni dövrü ilə müqayisədə həm idxal, həm də ixracda Avropa İttifaqı ölkələrinin payı azalıb.
Müqayisə üçün qeyd edək ki, ötən ilin yanvar ayında Azərbaycanın ümumi idxalında Avropa İttifaqı ölkələrinin payı 27,1 faiz(382 milyon 772.78 min dollar), ümumi ixracındakı payı isə 55,16(1 milyard 35 milyon 246.09 min dollar) olub. Onu da bildirək ki, yanvar ayında ümumi idxalın 28,1 faizi, ümumi ixracın isə 5,5 faizi MDB ölkələrinin payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə MDB ölkələri ilə ticarətdə ciddi dəyişiklik olmayıb.
Maraqlıdır, Azərbaycanın Avropa ilə ticarət dövriyyəsi niyə azalıb? Son aylar Avropanın timsalında Azərbaycana münasibətdə sərgilənən qərəzli siyasətin ticarət dövriyyəsinin azalmasında hansısa rolu varmı?
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsinin həcmi 24 milyard 821 milyon 895 min ABŞ dolları təşkil edib. İl ərzində Azərbaycandan Aİ ölkələrinə 21 milyard 821 milyon 611 min ABŞ dolları dəyərində ixrac, 3 milyard 84 min ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirilib. Hesabat dövründə Aİ ölkələrinin Azərbaycanın ümumi ixracında payı 64,4 faiz, ümumi idxalında payı isə 17,4 faiz təşkil edib. Bu dövrdə Azərbaycanın ən çox ticarət dövriyyəsi ardıcıl olaraq İtaliya, Almaniya, Yunanıstan, İspaniya və Çexiya ilə olub.
Gömrük Statistikasına nəzər salsaq, Aİ-yə azalan ixracda xam neftin payının həlledici olduğunu görmək olar. Belə ki, Dövlət Gömrük Komitəsinin statistikasına əsasən yanvar ayında Aİ-yə ümumi ixracımızda əvvəlki ilin eyni dövrü ilə müqayisədə 306 milyon 951,77 min dollar azalma baş verib. Həmin ay Azərbaycandan 10 ölkəyə 863 milyon 453,89 min dollarlıq 1 milyon 462 min 278,29 ton neft ixrac edilib. Maraqlıdır ki, ötən ay Azərbaycan neftinin ən böyük alıcısı statusunu əldə edən ölkə dəyişib: həmişə birinci olan İtaliyanı əvvəl ikinci olan İsrail əvəz edib. Ay ərzində Azərbaycandan İsrailə 296 milyon 946,74 min ABŞ dolları dəyərində 523 min 553,89 ton neft ixrac edilib. Neft ixracında ikinci yerin sahibi Tailand olub. Hesabat dövründə bu ölkəyə 115 milyon 322,09 min dollar dəyərində 189 min 175,53 ton neft ixrac edilib.
Həmişə Azərbaycanın neft ixracı üzrə siyahısında birinci yeri tutan İtaliya isə üçüncü pilləyə düşüb: yanvar ayında bu ölkəyə 110 milyon 546,51 min dollar dəyərində 179 min 236,62 ton neft ixrac edilib.
Beləliklə, ötən ilin yanvarında ixrac etdiyimiz 1 milyard 397 milyon 747.32 min dollarlıq 2 milyon 246 min 118.56 ton neftin 939 milyon 139.36 min dollarlıq 1 milyon 502 min 370.55 tonunu Aİ ölkələrinə satmışdıq. Bunlar İtaliya, Almaniya, Çexiya, İrlandiya, Rumıniya, Avstriya, Yunanıstan və İspaniya idi.
Bu ilin yanvarında isə ixrac olunan 863 milyon 453.89 min dollarlıq 1 462 278.29 ton neftin cəmi 238 milyon 287.10 min dollarlıq 394 min 463.38 tonunu İtaliya, Portuqaliya və İspaniyaya satmışıq. Bu isə o deməkdir ki, yalnız xam neft üzrə Aİ-yə ixracımızda 700 milyon 852,26 min dollarlıq azalma var. Bu azalmanın bir hissəsini təbii qaz ixracındakı artım kompensasiy edib. Lakin maraqlı fakt budur ki, gömrük statistikasına əsaslandıqda, bu il Almaniya, Çexiya, İrlandiya, Rumıniya, Avstriya və Yunanıstanın Azərbaycandan, ümumiyyətlə, neft almadığını görmək olur. Bunu Avropada Azərbaycana qarşı düşmən münasibətin təzahürü kimi qiymətləndirmək mümkün deyil, çünki həmin ölkələrin bir çoxu dekabr ayında belə Bakı neftini rahatlıqla alıblar. Məsələn, Almaniya dekabrda Azərbaycandan 180 min 144.21 ton, Xorvatiya 83 min 463.26 ton, Rumıniya 59 min 543.12 ton, Yunanıstan 86 min 991.70 ton neft alıb. Ötən ilin payızından Azərbaycandan neft alışını dayandıran Aİ ölkələri Fransa, Avstriya, İrlandiya və Çexiya olub. Gömrük statistikasında bu ilin yanvarında Azərbaycandan İrlandiya, Xorvatiya, Kipr, Lüksemburqa sıfır, Çexiyaya cəmi 70 min dollarlıq ixrac qeydə alınıb.
Aİ-nin öz statistikasına əsasən, 2023-cü ildə birlik ölkələri Azərbaycandan son dörd ildə maksimum miqdarda - təxminən 20,3 milyon ton (illik artım 2,6 faiz) neft idxal ediblər. Nəql olunan neftin dəyəri 12,4 milyard avro qiymətləndirilir (illik azalma 18 faiz).
Keçən il Avropa İttifaqı ölkələri arasında Azərbaycandan ən böyük neft idxalçılarının onluğuna İtaliya (6,8 milyard avro dəyərində 11,3 milyon ton), Çexiya (1,2 milyard avro dəyərində 2 milyon ton), İspaniya (875,2 milyon avro dəyərində 1,4 milyon ton), Almaniya (750,3 milyon avro dəyərində 1,2 milyon ton), Xorvatiya (699,2 milyon avr dəyərində 1,15 milyon ton), Portuqaliya (404,6 milyon avro dəyərində 631,3 min ton), İrlandiya (375,3 milyon avro dəyərində 617,3 min ton), Yunanıstan (309,4 milyon avro dəyərində 529,6 min ton), Avstriya (306,6 milyon avro dəyərində 498,7 min ton) və Rumıniya (262,2 milyon avro dəyərində 435,5 min ton) daxil olub.
2023-cü ilin nəticələrinə görə Azərbaycan Aİ-yə ən böyük neft ixracatçılarının onluğuna daxil olub. ABŞ (41,9 milyard avro dəyərində 67 milyon ton), Norveç (35,9 milyard avro dəyərində 53,6 milyon ton), Qazaxıstan (25,8 milyard avro dəyərində 44,2 milyon ton), Səudiyyə Ərəbistanı (20,4 milyard avro dəyərində 35,2 milyon ton), Liviya (20,7 milyard avro dəyərində 34,8 milyon ton), İraq (17,9 milyard avro dəyərində 34,2 milyon ton), Nigeriya (17,9 milyard avro dəyərində 29,1 milyon ton), Böyük Britaniya (14,7 milyard avro dəyərində 24,1 milyon ton) və Rusiyadan (8,8 milyard avro dəyərində 20,4 milyon ton) sonra onuncu ən böyük təchizatçı olub.
Nəzərə almaq lazımdır ki, neft ixracına dair statistika baxımından DGK-nın məlumatı tam mənzərəni əks etdirmir. Belə ki, Energetika Nazirliyinin məlumatına əsasən, yanvar ayında xarici ölkələrə 2,1 milyon ton Azərbaycan nefti ixrac olunub. DGK-nın statistikası isə yalnız gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatmış 1,5 milyon tona yaxın nefti əhatə edir. Bu baxımdan, neft ixracının daha yüksək həcmləri əhatə etdiyini söyləmək, hətta Aİ ölkələrindən bir çoxuna satıldığını ehtimal etmək mümkündür. Bu sahədə real vəziyyəti yəqin ki, fevral ayının statistikası açıqlandıqdan sonra görə biləcəyik.
Aİ-nin statistikasına əsasən, 2023-cü ildə Avropa İttifaqı (Aİ) ölkələri - İtaliya, Yunanıstan və Bolqarıstan Azərbaycandan rekord həcmdə təbii qaz idxal ediblər - təxminən 492,9 min teracoul, 2022-ci illə müqayisədə tədarük 2,5 faiz artıb. Nəql olunan qazın dəyəri təxminən 6,2 milyard avro təşkil edib (illik azalma 2,5 dəfə).
Ötən ilin yekunlarına görə, Azərbaycan Aİ-yə ən böyük 5 boru kəməri ixracatçısı sırasına daxil olub, Əlcəzair (14,3 milyard avro dəyərində 1,1 milyon teracoul, Norveç (17,5 milyard avro dəyərində 958 min teracoul), Böyük Britaniya (11,3 milyard avro dəyərində 767,2 min teracoul) və Rusiyadan (7,8 milyard avro dəyərində 591,6 min teracoul) sonra ən böyük beşinci tədarükçü olub.
Azərbaycan 2023-cü ildə Bolqarıstana boru kəməri qazının tədarükünə görə birinci, İtaliya və Yunanıstana nəql həcminə görə ikinci yerdədir.
Qeyd edək ki, Azərbaycan Aİ ölkələrinə neft-qazdan əlavə çox az sayda məhsul ixrac edir. Onlardan biri meşə fındığıdır. Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ildə Azərbaycandan 44,6 milyon avro dəyərində (azalma 23,2 faiz) 8,1 min tona yaxın qabığı təmizlənmiş meşə fındığı (azalma 19,9 faiz) idxal edib (“İnterfaks-Azərbaycan”).
"Eurostat"ın məlumatına əsasən, hesabat dövründə Azərbaycandan meşə fındığı idxal etmiş Aİ ölkələrinin ilk üçlüyünə Almaniya (23,4 milyon avro dəyərində (artım 64,1 faiz) 4,2 min ton (artım 71,4 faiz), İtaliya (14 milyon avro dəyərində (azalma 2,9 dəfə) 2,5 min ton (azalma 2,8 dəfə) və Polşa (2,7 milyon avro dəyərində (artım 95,6 faiz) 0,5 min ton (artım 81,8 faiz) daxil olub. Bundan əlavə, Çexiya, Estoniya, İspaniya, Fransa, Litva, Latviya, Polşa və Slovakiya Azərbaycandan kiçik həcmdə meşə fındığı idxal edib.
Azərbaycandan həmçinin Aİ ölkələrinə təyyarə yanacağı, azot gübrələri, az miqdarda meyvə şirəsi, pomidor və sair məhsullar ixrac olunur.
Dünya SAKİT,
“Yeni Müsavat”