Avropa aviaşirkətləri Çini tərk edir

Son bir neçə il ərzində təkcə “Finnair şirkəti” Helsinkidən Çinə birbaşa uçuşların sayını 42-dən 3-ə endirib. Bu, Rusiya hava məkanını bağladıqdan sonra baş verib.

Musavat.com “Euronews” kanalına istinadən xəbər verir ki, “Virgin Atlantic” və “SAS Scandinavian Airlines” bu il Çinə uçuşları tamamilə dayandırıb.

“Skift” aviasiya xəbər saytının məlumatına görə, bir sıra digər şirkətlər-“Finnair”, “British Airways”, “Lufthansa” və “LOT Polish Airlines” Çin istiqamətlərini sakitcə tərk edirlər.

2022-ci ilin fevralında başlanan Rusiya-Ukrayna müharibəsindən sonra Aİ və Böyük Britaniya Rusiya təyyarələrinin uçuşunu qadağan edib. Rusiya buna cavab olaraq hava məkanını bağlayıb və Avropa daşıyıcılarını Asiyaya daha uzun marşrutlarla uçmağa məcbur edib.

Aviaşirkətlərin əməliyyat xərclərinin təxminən 25 faizi yanacağın payına düşdüyündən Çinə uçuşlar bahalaşıb və bu, Avropa şirkətlərini öz planlarına yenidən baxmağa məcbur edib. Daha uzun uçuşlar üçün daha çox heyət tələb olunur ki, bu da xərcləri artırır.

Təhlillər göstərir ki, “Finnair” 2019-cu ilin avqustundan 2024-cü ilə qədər Helsinkidən Çinə fasiləsiz uçuşların sayını həftədə 42-dən üçə endirib. Bunun əsas səbəblərindən biri uçuş vaxtının kəskin artmasıdır, müharibədən əvvəlki dövrdə 8 saat 30 dəqiqə davam edən uçuş hazırda 11 saat 24 dəqiqəyə qədər uzanıb.

“Finnair”in baş gəlir direktoru Kristin Rovelli Skift açıqlamasında məsələni Rusiya hava məkanının bağlı olması ilə əlaqələndirib.

“Asiya istiqamətlərimizə uçuş müddəti təyinat yerindən asılı olaraq 10-40 faiz artıb. Biz bu vəziyyətə uğurla uyğunlaşdıq və əsas Asiya bazarlarımızda mövcudluğu qoruyaraq, qərb istiqamətli uçuşlara daha çox diqqət yetirdik”, - deyə o qeyd edib.

Avqust ayında “British Airways” 1980-ci ildən müntəzəm uçuşlar həyata keçirilən London Hitroudan Pekinə uçuşların dayandırıldığını elan edib. Şanxay və Honq Konqa uçuşlar olur, lakin oktyabrın sonundan etibarən sonuncuya uçuşlar gündə iki dəfədən gündə bir dəfəyə endiriləcək.

“Lufthansa” da Frankfurtdan Pekinə gündəlik uçuşların “davam etmək imkanını nəzərdən keçirdiyini” bildirib. Polşanın “LOT” aviaşirkəti bu ilin qışında Varşavadan Pekinə uçuşların ləğvi ilə yanaşı, bu ayın əvvəlində ixtisar elan etdi.

Çin hava yolları isə Rusiya üzərində sərbəst uçuşlarını davam etdirir və buna görə də bu istiqamətdə daşıma bazarını zəbt edir. “OAG” aviasiya analitik şirkətinin baş analitiki Con Qrant CNBC-yə bildirib ki, bu qış Çin daşıyıcıları Çin və Avropa arasında bütün uçuşların 82 faizini həyata keçirəcək. Pandemiyadan əvvəl bu rəqəm 56 faiz idi. Qrant əlavə edib ki, bu mövsüm Çin və Avropa arasında təxminən 18 yeni marşrut açılacaq, onların hamısı Çin aviaşirkətləri tərəfindən idarə olunacaq.

Eyni zamanda Avropa daşıyıcıları Asiyanın digər bölgələrində də imkanlarını artırırlar, məsələn, “Finnair” Taylanda uçuşların sayını artırır.

Ekspertlər hesab edir ki, Çinin yavaşlayan iqtisadiyyatı ölkəyə səyahətləri məhdudlaşdırır. Rəsmi məlumatlara görə, bu ilin iyul ayında Çinə cəmi 17,25 milyon əcnəbi gedib. Pandemiyadan əvvəl, 2019-cu ildə ziyarətçi sayı 49,1 milyon olub.

Buna baxmayaraq, Avropanın əksər aviaşirkətləri Çini tamamilə tərk etmək istəmir.

Nigar HƏSƏNLİ,
Musavat.com

29.10.2024 15:23
308