Medianın İnkişafı Agentliyinin (MEDİA) dəstəyi ilə “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Autizm Mərkəzində autizm haqqında maarifləndirmə seminarı və mediatur təşkil edilib.
Musavat.com xəbər verir ki, mediaturda jurnalistlər Autizm Mərkəzindəki şəraitlə tanış olublar.
MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, hər kəs əl-ələ verərək Autizm Mərkəzinə dəstək ola bilər:
“Belə bir mediaturun təşkil edilməsində də məqsəd jurnalistlərin bu sahədə məlumatlandırılması, informasiya təminatı baxımından düzgün istiqamətləndirilməsidir”.
“Birgə və Sağlam” İctimai Birliyinin təsisçisi və rəhbəri Aytən Eynalova autizmli uşaqlar və onların təlim prosesi barədə məlumat verib.
Autizm haqqında maarifləndirmə seminarında təqdimatla çıxış edən psixoloq Aynur Qəribova qeyd edib ki, autizm diaqnozu yalnız uşaqlara deyil, yetkin insanlara da qoyula bilər:
“Əgər hansısa şəxsdə müəyyən bir yaş dövründə autizm aşkarlanırsa, deməli, fərqlilik anadangəlmə olub, sadəcə diaqnoz sonradan qoyulub. Autizm diaqnozu istənilən yaşda olan insanlara qoyula bilər. Bəzən autizm şizofreniya ilə qarışdırılır, bu, yanlışdır. Bunlar arasında heç bir əlaqə yoxdur. Ailədə hər hansı psixoloji xəstəlik varsa, gələcəkdə uşaqların autizmli olması ehtimalı yüksəkdir. Autizmə oğlanlarda qızlardan daha çox rast gəlinir. Lakin araşdırmalar sübut edir ki, son illərdə bu fərq nisbətən azalmaqdadır”.
Sonda media nümayəndələri autizmli gənclərdən ibarət “Mavi ürəklər” xor və ritm qrupunun konsert proqramını izləyiblər.
Həmçinin, “İnklüzivlik ayı” layihəsi çərçivəsində autizmli gənclər tərəfindən tullantıların təkrar istifadəsi nəticəsində hazırlanan işlərin nümayişi təşkil edilib. İştirakçılar autizm sindromlu gənclərlə birlikdə rəmzi ağacı rəngləyiblər.
Xalidə Gəray
Musavat.com