Xəbər verdiyimiz kimi, Yaşar Adil oğlu Ömərov Azərbaycan Texnologiya Universitetinin rektoru təyin edilib.
Yaşar Ömərovun dosyesini təqdim edirik:
Yaşar Adil oğlu Ömərov, 1 dekabr 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. Yasamal rayonu 52 nömrəli tam orta məktəbi bitirdikdən sonra 1995-ci ildə Bakı Dövlət Universitetinin (BDU) bakalavriat səviyyəsinin "Biokimya" ixtisasına qəbul olmuş və 1999-cu ildə həmin ixtisas üzrə bitirmişdir. 1999-2001-ci illərdə təhsilini BDU-nun magistraturasında eyni ixtisas üzrə davam etdirmişdir. 2001-ci ildə BDU-nun aspiranturasına qəbul olmuş, 2007-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək biologiya üzrə elmlər namizədi elmi dərəcəsini almışdır.
Əmək fəaliyyətinə 1999-cu ildə BDU-nun Biologiya fakültəsinin Biokimya və biotexnologiya kafedrasında laborant vəzifəsində başlamışdır. 2001-2014-cü illərdə həmin fakültədə baş laborant, laboratoriya müdiri, müəllim, dosent və dekan müavini vəzifələrində çalışmışdır. 2014-cü ildən başlayaraq əmək fəaliyyətini Azərbaycan Respublikasının Təhsil Nazirliyində davam etdirmiş və Nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsində aparıcı və baş məsləhətçi vəzifələrində çalışmışdır, 2019-cu ildən hal- hazıradək Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsində Ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri vəzifəsində çalışır.
2021-ci ilin iyulundan başlayaraq Y.A.Ömərov Azərbaycan Texnologiya Universitetində elm və innovasiya məsələləri üzrə prorektor və sonradan tədris işləri üzrə prorektor səlahiyyətlərini icra etmişdir.
Azərbaycan Respublikası Təhsil nazirinin 25.07.2022-ci il tarixli əmri ilə Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsi Yaşar Ömərova həvalə edilmişdir.
YAP-ın üzvüdür./Milli.Az/