Attaşe Bakı Ağır Cinayətlər Məhkəməsində qandallandı - XİN-in 347 min dolları qumarda uduzmuşdu

 

Xarici İşlər Nazirliyinə (XİN) qarşı mənimsəmədə təqsirləndirilən Nəcib Osmanovun cinayəti işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Müttəhim Azərbaycanın Koreyadakı səfirliyində maliyyə məsələləri üzrə attaşe işləyib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, Nəcib Osmanov 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsindəki başqa yerə getməmək qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs olunub. Ötən iclasda prokuror 33 yaşlı Nəcib Osmanovun külli miqdarda mənimsəmə və vəzifə saxtakarlığında təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilməsini, məhkəmə iclas zalında dərhal həbs edilməsini tələb etmişdi. Nəcib Osmanov vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə də təqsirləndirilirdi. Prokuror həmin maddə ilə cinayət təqibindən imtina etmişdi. 

İttihama görə, Nəcib Osmanov 2021-ci ilin mayından 2022-ci ilin fevral ayına qədər səfirlik və səfirliyin işçilərinin kommunal, sığorta ödənişləri üçün ayrılan 347 min dolları internet üzərindən mərc və qumar oyunlarına yönəldib. Ödəniş tapşırıqlarını səfirə möhürlətdirib təsdiqlətdirdikdən sonra vəsaitləri bankdan çıxarıb. Lakin həmin pullar təyinatı üzrə xərclənməyərək mərc oyunlarına yönləndirilib.

Sabiq attaşeyə qarşı külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı kimi ittihamlar irəli sürülüb. Onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdi.

Sabiq attaşe məhkəmədə özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu deyib. O, mərc oyunlarının aludəçisi olduğu üçün bu yola əl atdığını bildirib.

Zərərçəkmiş qismində Xarici İşlər Nazirliyi tanınıb. Məhkəmədə o da məlum olub ki, hələ istintaq dövründə o, Xarici İşlər Nazirliyinə dəymiş ziyanın 77 min dollarını ödəyib.

 

E.Məmmədəliyev,
Musavat.com

05.06.2023 16:20
1790