Atom bombasının yaratdığı musiqi – Stalin onu Potsdam melodiyası adlandırıb

Bəzən siyasi liderlərin kiçik bir jesti tarixə böyük bir hadisə kimi həkk olunur. 1945-ci ildə ABŞ prezidenti Harri Trumenin İosif Stalin və Uinston Çörçill qarşısında qıcıq yaradan hərəkəti də amerikalı siyasətçinin yadda qalan jestlərindən biri olub.

XX əsrin ən mühüm siyasi tədbirlərindən biri sayılan Potsdam konfransı 1945-ci ilin iyul ayının 17-dən avqustun 2-dək Berlin yaxınlığındakı Potsdam şəhərində keçirilib. Konfrans antihitler koalisiyası dövlətlərinin başçıları, SSRİ-dən İosif Stalinin, ABŞ-dan Harri Trumenin, Böyük Britaniyadan iyulun 25-ə qədər Uinston Çörçillin, sonra isə yeni baş nazir seçilmiş Klement Ettlinin iştirakı ilə keçirilib. Konfransın keçirilməsində təşkilati məsələlər, təhlükəsizliyin təşkili, məkan seçimi əsasən SSRİ-nin üzərinə düşüb.

Konfransın əvvəlcə Berlində keçirilməsi nəzərdə tutulub. Ancaq marşal Georgi Jukov Berlindəki dağıntıları əsas gətirərək “böyük üçlüyün” tədbirinin bu şəhərdə keçirilməsini mümkünsüz sayıb və bu haqda Stalinə məruzə edib. Marşalın konfransı Berlin yaxınlığındakı Potsdam şəhərində keçirilməsi təklifi hər üç dövlət tərəfindən qəbul edilib.

POTS.jpg (78 KB)

Konfransın əsas məqsədi Almaniyaya münasibətdə müttəfiqlərin siyasətini müəyyənləşdirmək olub. Almaniya ərazisi SSRİ-nin, Böyük Britaniyanın, ABŞ-ın və Fransanın işğal zonalarına bölünüb. Ələ keçmiş faşist rəhbərlərinin beynəlxalq tribunala verilməsi planlaşdırılıb. Ölkənin paytaxtı Berlin də 4 zonaya bölünüb. Konfransda Almaniyanın dövlət sərhədləri müəyyənləşdirilib. Almaniya öz ərazisinin dörddə bir hissəsini itirib. Konfransda həmçinin Almaniyadan alınacaq təzminatın miqdarı da müəyyənləşdirilib. 20 milyard dollar həcmində müəyyənləşən təzminatın 50 faizinin SSRİ-yə verilməsi haqqında da qərar qəbul edilib.

“Büyük üçlüyün” ilk görüşü iyulun 15-də nəzərdə tutulub. Amma Stalin “adət”inə xilaf çıxmayaraq bu görüşə də “ləngiyib”. Trumen və Çörçill iyulun 15-də Potsdamda olduqları halda, Stalin görüş yerinə yalnız ayın 16-da yetişib. Dəbdəbəli və təntənəli qarşılanma mərasimlərini xoşlamayan Stalin Jukova əvvəlcədən göstəriş verib:

“Heç bir fəxri qarovul, orkestr və təntənəli qarşılanma olmamalıdır. Vağzala siz və lazım bildiyiniz şəxslər gəlsin...”

Almaniya ərazisində qatardan xarabalığa çevrilmiş əraziləri müşahidə etdikdən sonra Stalin onu qarşılayan Jukova gülümsəyərək deyib:

“Georgi Konstantinoviç, çox yüksək “zövq”lə işləmisiniz...!”

Harri Trumen Potsdam konfransına böyük həvəslə gəlib. ABŞ prezidenti yolda olarkən məxfi teleqram alıb: “Uşaq sağlam doğuldu”. Bu ifadə ilə Trumenə çatdırılıb ki, atom bombasının sınağı uğurla sona çatıb. Bununla da Trumen dünyanın taleyini həll edəcək Potsdam konfransında özünü ən güclü tərəf sayıb və qərarlaşdırıb ki, konfransda nüvə silahına sahib olduğunu müttəfiqlərinə bildirərək əsas söz sahibi olduğunu təsdiqləyəcək. Ancaq Trumen ondan xəbərsiz olub ki, ABŞ-da hazırlanan nüvə silahı, hazırlanma prosesi, nüvə silahının hansı məkanda, hansı mütəxəssislər tərəfindən hazırlanması, sınağın harada keçirilməsi haqqında sovet kəşfiyyatı vasitəsi ilə Stalin bütün informasiyalara malikdir.

TRUMEN SON.jpeg (44 KB)

Beləliklə, məqam yetişib. Konfrans zalının foyesində Trumen Stalin və Molotova yaxınlaşıb. Həmin anları Çörçill öz xatirələrində belə xatırlayıb:

“Foyedə Trumen Stalinlə Molotova yaxınlaşdı. Mən onun onlara nə deyəcəyini yaxşı bilirdim. Kənardan diqqətlə müşahidə edirdim. Onu da bilirdim ki, Stalin Trumenin dediklərinə çox da reaksiya verməyəcək. Çünki o, Trumenin deyəcəklərini əvvəlcədən bilirdi. Trumen danışırdı, Stalinin isə üz cizgilərində heç bir dəyişiklik hiss olunmurdu. Onların qısa görüşündən sonra mən Trumenə yaxınlaşıb soruşdum:

- Söhbətiniz necə oldu?

Trumen təəccüblü şəkildə cavab verdi:

- O, mənə heç olmasa bir sual da vermədi, yəqin Stalin mənim nə dediklərimi anlamadı...”

Molotov da həmin qısa görüş haqqında təəssüratlarını xatirələrində bölüşüb:

“Trumen bizi təəccübləndirmək istəyirdi. O, sirli nəzərlərlə məni və Stalini foyenin kənarına çəkdi, söylədi ki, ABŞ-da elə bir silah var ki, dünyanın heç bir yerində onun ikincisi yoxdur. O, atom bombasının adını çəkmədi, amma izahından hər şey aydın idi. Trumen Stalindən gözlədiyi heyrəti, təəccübü görmədi. Stalin onun söylədiklərinə cavab vermədi. Əksinə, onun bu cür soyuqqanlılığı Trumenin özünü heyrətləndirdi. Trumen kənarlaşdıqdan sonra Stalin mənə dedi ki, Kurçatovu tələsdirmək lazımdır...”

Trumen Stalini qıcıqlandırmaq üçün birinci uğursuz jestindən sonra ikinci jestə əl atıb. O, konfransda fasilə zamanı foyedəki royalın arxasına keçərək Şopenin bəstələrini ifa edib. Foyeyə daxil olan Stalin ABŞ prezidentinin qeyri-diplomatik jestini də cavabsız qoymayıb:

“Bəli, cənab Trumen, musiqi yaxşı şeydir, o, insanın daxilindəki qəzəb və vəhşi hissləri qovur...”

Sonra Stalin Çörçillə yaxınlaşaraq əlini royal arxasında əyləşən Trumenə uzadaraq deyib:

“Bu, gərək prezident yox, musiqiçi olaydı...”

Araşdırmaçıların qənaətinə görə, Stalin Harri Trumeni ciddi fiqur saymayıb. Dünyanın ən nəhəng siyasətçilərindən biri sayılan Ruzveltdən sonra Stalinə Trumenlə fikir mübadiləsi aparmaq “maraqsız” gəlib. Yoxsul çəkməçi ailəsində böyüməsinə baxmayaraq, Stalin daha zəngin mühitdə böyüyən Trumeni “böyük üçlüyün” zəif bəndi sayıb. Stalin sonralar Trumenin Potsdamda royal arxasına keçərək ona qıcıq verməsini tez-tez xatırlayıb, Amerika prezidentinin ifa etdiyi musiqini isə uğursuz “Potsdam melodiyası” adlandırıb.

İlham Cəmiloğlu,
Musavat.com

26.03.2024 12:15
3258