Avropa ölkələrində cinsi azlıq nümayəndələrinin nazir, şəhər meri, departament rəhbəri vəzifələrinə seçilməsi və ya təyin edilməsi çoxdan adi hal alıb. Bu artıq heç kəsi təəccübləndirmir.
Yayılan xəbərlərdən belə anlaşılır ki, ancaq cinsi azlıq nümayəndələri Avropanın üstqurum təşkilatlarında da yetərincə təmsil olunurlar. Hamıya “demokrat” pasportu verən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ODİHR) istisna deyil. Bu büro daxilində hökm sürən qeyri-sağlam mühit və əxlaqsızlıq hallarına dair tez-tez məlumat yayılır.
Belə xəbərlərdən biri də bu ilin fevralında Azərbaycanda keçirilən prezident seçkilərini izləyən ATƏT müşahidəçiləri haqda yayılan xəbərdir.
Bu günlərdə məlum olub ki, ODİHR daxilində seksual xarakterli qalmaqallar artıq əndazəsini aşıb və baş ofis məsələni ört-basdır etmək üçün tələsik addımlar atmağa başlayıb.
Bildirilir ki, ODİHR-in Varşava şəhərindəki baş ofisində cinsi pozğunluq halları üzə çıxıb, bəzi əməkdaşlara qarşı seksual zəmində zorakılıq halları baş verib və bu, təbii olaraq qalmaqala səbəb olub. Ona görə də ODİHR-in baş ofisində daxili araşdırmaya başlamaq məcburiyyətində qalıblar.
Sızan xəbərlərə görə, məsələni ört-basdır etmək üçün ODİHR-in İnsan Haqları Departamentinin rəhbərinin müavini və bir qrup əməkdaşı işdən çıxarılıb. İşdən çıxarılanlardan birinin seksual zorakılığa məruz qalmış ABŞ vətəndaşı olduğu bildirilir. Həmin şəxs zorakılığa məruz qalmasına dair ODİHR rəhbərliyinə şikayətlər ünvanlasa da, məsələ şəffaf və obyektiv araşdırılmayıb, əksinə, problemi ört-basdır etmək üçün onun özünü də işdən çıxarıblar. Bəlkə də məqsəd qalmaqal törətdiyi üçün onun cəzalandırılması olub.
Ancaq ABŞ vətəndaşı da “asan sınan qoz” olmaq istəməyib, baş verənləri ictimailəşdirmək niyyətini bildirib, ondan sonra ODİHR rəhbərliyi əməkdaşlarına bu məlumatların mətbuata sızdırılmaması haqda ciddi xəbərdarlıq edib.
Göründüyü kimi, necə olsa da baş ofis məqsədinə çatmayıb, hər halda bu barədə informasiya mediaya sızıb. Bununla belə, baş verənlərin təfərrüatının açıqlanmaması, fiqurantların adlarının çəkilməməsi ondan xəbər verir ki, ODİHR rəhbərliyinin təhdidləri də öz rolunu oynayıb.
Bu biabırçılıq həm də dünyaya əxlaq, mənəviyyat, dürüstlük, demokratiya dərsi keçən ODİHR-in daxilində əməlli-başlı əxlaqsızlıq yuvasının kök saldığını göstərir.
Bu cür hadisələr necə baş verir? Məlumdur ki, ABŞ-də, eləcə də Avropa ölkələrində hetereseksual zəmində cinsi qısnama cinayət sayılır, eləcə də mülki-hüquqi təqibə məruz qalır. Başqa sözlə, bir ofisdə çalışan kişi cinsinə mənsub şəxs öz tabeçiliyindəki qadın(lar)a intim münasibət təklif edərsə, əvvəl-axır bu işin sonu məhkəmədə bitir: adamı külli miqdarda cərimələyirlər, ya da həbs olunmasını tələb edirlər. Bu xüsusda hətta qarşılıqlı razılıq əsasında uzun müddət intim münasibəti olan şəxslərin məhkəmə çəkişməsinə baş vurduqlarına dair faktlar da var.
Hamının tanıdığı aktyor Jerar Depardyeyə qarşı 20-30 ildən sonra cinsi qısnama motivi ilə məhkəmə iddiaları qaldıran qadınlar var. Yaşlı aktyordan hələ də əl çəkməyiblər. ABŞ-nin eks-prezidenti Donald Trampın başına gələnlər də hər kəsə bəllidir. 40 ildən sonra onun da üzünə duranlar var.
Prodüsser Harvi Vaynşteynin yaxası da bir vaxtlar intim münasibət yaşadığı və ya yaşamaq istədiyi aktrisa qadınların əlində qalıb.
Yəni hetereseksual planda qarşı cinsə cinsi əlaqə təklif etmək artıq təhlükəli hərəkətə çevrilib.
Ancaq homoseksualistlər özlərini o qədər cəzasızlıq mühitində hiss edirlər ki, çalışdıqları ofislərdə açıq-aşkar bu kimi təkliflər edə, hətta zorakılığa əl ata bilirlər.
Bu arxayınlığı onlarda cinsi azlığa mənsubluğun bir özəllik, hətta üstünlük olduğunu müdafiə edən Avropa siyasi dairələri, institutları yaradıb. Heç kəs iş yerində qarşı cinsə qarşı seksual qısnama edə bilməz, amma homoseksualistlər edə bilərlər, çünki onlar hamı kimi deyillər, azlıqdırlar və onlara qarşı bir söz demək, onların hüquqlarını pozmaq, cinsi orientasiyalarına görə onları xor görməkdir.
Belə olanda bu şəxslər özlərini cəzasızlıq mühitində hiss edir və elə hərəkətlərə yol verirlər ki, sonra qalmaqalla üzləşirlər.
Əgər adı çəkilməyən, amma cinsi zorakılığa məruz qalan ABŞ vətəndaşının adı, vəzifəsi, cinsi məlum olsaydı, eləcə də ona qarşı o hərəkəti edənlərin dairəsi bilinsəydi, mənzərə tamamilə aydın olardı.
Lakin ODİHR rəhbərliyi “daxmanın sirri daxmada qalmalıdır” prinsipi ilə qalmaqalın üstünü maksimum qapayıb. İndi hamı ümumi şəkildə bilir ki, həmin ofis əxlaqsızlıq yuvasıdır.
Musavat.com