Atatürkün istiqlal medalı verdiyi qadın əsgər: Kişilər kimi üzünü və saçını qırxırdı - Tarix

Qadın ayaqları altında cənnət olan mübarək bir varlıqdır. Toxunduğu hər şeyi gözəl edən möcüzədir. Torpaqda məhsulu biçən, elmdə əsrləri dəyişdirən ixtiraların ixtiraçısı, nəsilləri xilas edəcək övladlar dünyaya gətirən də odur.

Türk qadınlarını vəsf edərkən, “Aslanın erkəyi, dişisi olmaz” ifadəsi tam yerinə düşür. Vətənin dar günündə türk xanımı təkcə təsərrüfatı idarə etmir. Ürəyi dözməyib beşikdə balasını, ocaqda qazanını, qalanmış samovarını, təndirini qoyub cəbhəyə qaçır. Ərinə, qardaşına, oğluna mərmi daşıyan qadındır türk xanımı.

Musavat.com Mustafa Kamal Atatürkün igid əsgərlərindən olan Həlimə Çavuş haqqında maraqlı faktları təqdim edir.

Untitled (9)-2.jpg (74 KB)

I Dünya Müharibəsində məğlubiyyət qardaş Türkiyənin torpaqlarının bölüşdürülməsini qaçılmaz etmişdi. Heç olmasa tarixi Anadolu torpaqlarını xilas etmək üçün Türkiyənin xilaskarı Atatürk Qurtuluş savaşını başladır. Xalqın dəstəyinə güvənən Mustafa Kamal paşa orduda və xalqda ruh yüksəkliyi yaratmaq üçün daim döyüş meydadında olub, əməliyyatlara birbaşa rəhbərlik edib və hər kəsi qələbəyə inandıra bilib.

Həlimə Çavuş 1898-ci ildə Anadolunun Kastamonu bölgəsində anadan olub. Qurtuluş savaşı başlayanda Həlimənin cəmi 21 yaşı var idi. Döyüşlərə kişilər qatılırdılar və qadınlar daha çox təsərrüfat işlərində vətənlərinə dayaq olurdular. Savaş xəbərini eşidən Həlimə xanım dərhal ailəsinə orduya yazılacağını bildirir. Ailəsi bu xəbəri təəccüblə qarşılayır, amma artıq qadın qərarını vermişdi. Dönəmin şərtlərini nəzərə alan qadın savaşa kişi əsgər kimi qatılmağa qərar verir. Saçlarını tamamilə qırxıb Həlim Çavuş adı ilə orduya yazılır. Döyüş yoldaşları onun kişi olmasına əsla şübhə etmirlər. Qısa zamanda təlimləri uğurla bitirən əsgər olduqca əhəmiyyətli və təhlükəli cəbhədə- İneboludan Ankara və Sakaryaya sursat daşıyan yardım qolunda xidmət etməyə başlayır. Bu silahlar döyüşün bütün taleyini həll edirdi. Düşmən kəşfiyyatından yayınaraq, həyati əhəmiyyət daşıyan bu sursatı Həlim Çavuş hər dəfə uğurla mənzil başına çatdırmağa nail olur. Eyni zamanda, diqqət çəkməmək üçün üzünü və saçını döyüş yoldaşları ilə birgə qırxmağa davam edir.

Untitled-1.jpg (99 KB)

İnebolu cəbhəsindəki qüsursuz xidmət Atatürkün də diqqətini cəlb edir. Uzaqgörən rəhbər bir dəfə nəzarət üçün İneboluya gəlir. Bütün qayəsi xidmət olan bu igid əsgər Atatürkün diqqətindən yayınmır. Şiddətli şaxtaya əhəmiyyət verməyən Həlim Çavuş ona verilən hərbi paltonu daşıdığı mərmilərin üstünə örtmüşdü. Elə sursat daşıdığı məqamda Türkiyənin xilaskarı ilə rastlaşır. Lakin bütün fikrini işinə yönəldən əsgər Mustafa Kamal paşanı görmür. Əslində qadın əsgər heç xidmət etdiyi ordunun başçısını sima olaraq tanımırdı və bunun üçün cəhd də etməmişdi. Bütün qayəsi, amalı vətəninin xilası idi.

Atatürk özü Həlimə xanıma yaxınlaşıb ondan soruşur: “ Sən üşümürsən?”.

Başını qaldırmadan Həlimə Çavuş cavab verir: “ Mənim üşüməyim qətiyyən vacib məsələ deyil. Bu daşıdığım sursat minlərlə əsgərimizi xilas edəcək. O əsgərlər də Vətənimizi xilas edəcək. Əzəmətli vətənimizin qarşısında bizim üşüməyimizin nə əhəmiyyəti var, paşam?”

Aldığı cavabdan daha da qürürlanan Atatürk əsgərdən şəxsiyyətini təsdiq edən sənədini istəyir. Əlacsız qalan Həlimə Çavuş vəsiqəsini rəhbərə təqdim edir. Mustafa Kamal paşa 3-cü dəfə şok keçirir. Üzü və saçı tamamilə qırxılmış məğrur əsgər bir Anadolu qadını idi!

Untitled (8)-2.jpg (79 KB)

Köməkçininə bu qadın haqqında bütün məlumatları əldə etməyi tapşırır. Məlumatları əldə edib Ankaraya qayıdır. Bütün savaş boyu cəbhələrdə, əsgərlərinin içində olan Atatürk çox böyük igidliklər, qəhrəmanlıqlar görür. Amma Həlimə Çavuş qədər onu dərindən təsirləndirən hadisə ilə rastlaşmamışdı.

Həlimə Çavuşun xidmət etdiyi İnebolu limanı Qurtuluş savaşının “onurğa sütunu” idi. Çünki bu limandan təkcə sursat yola salınmırdı, eyni zamanda savaşa qatılmaq istəyənlər qayıqlarla  bu limana gəlirdilər və buradan Ankaraya yola düşürdülər.

İneboludakı bu canlanma düşmən kəşfiyyatının da diqqətindən yayınmır. Limana yaxınlaşan yunan donaması burada silah-sursatın olduğunu anlayır. Limanı mühasirəyə alan düşmən türklərə 2 saat vaxt verir. Bütün sursat yunan donamasına təslim edilməli idi. Əks təqdirdə, İnebolu tamamilə bombardman olunacaqdı. Təslimiyyətlə barışmayan türk ordusu silahları düşmənə verməkdən boyun qaçırır. Tezliklə vəd olunana irimiqyaslı bombardman başlayır. Türk ordusu şəhid verir, bəziləri yaralanır amma təslim olmur. Həlimə Çavuş da ayağından ciddi qəlpə yarası alır.

Tibbi yardımdan imtina edən döyüşçü orduda ruh yüksəkliyi yaratmak üçün onlara müraciər edir: “Diqqətli olun, aralıqda gəzməyin! Qorxmayın, onlar bizə heç nə edə bilməyəcəklər, mübarizəyə davam!”.

Yunan donamasının basqıları və hücumları nəticə vermir. Limandan sursat daşınması savaşın sonuna qədər davam edir. Məhz bu silahlar Anadoluya qələbəni gətirir.

Həlimə Çavuş qələbədən sonra da hərbi geyimini və kişi imicini dəyişmir. Saçını və üzünü qırxmağa, daim hərbi geyimdə gəzməyə davam edir.

Müharibə qurtarsa da Atatürk igid xanımı yaddan çıxarmır. Məktub yazıb onu Ankaraya dəvət edir. Həlimənin ailəsi  bu dəvəti qorxu ilə qarşılayır. Ölkənin başçısı sıravi bir əsgəri niyə birbaşa saraya çağırsın ki? Ailəsindən fərqli olaraq, Həlimə Çavuş dəvəti qəbul edir və dərhal Ankaraya yola düşür.

Untitled (6)-2.jpg (105 KB)

Atatürk ilə rastlaşanda Həlimə xanımın bütün diqqəti ona əmanət olunan silahlarda idi. Ona görə də ona yaxınlaşıb halını soruşan paşanın üzünə baxmamışdı və onu tanımırdı. Dövlət başçısının iqamətgahının qapısında Atatürkün köməkçisindən paşanın kim olduğunu soruşur. Köməkçisi sağda dayanan şəxsi göstərir. Həlimə Çavuş ilk dəfə Mustafa Kamal paşanın üzünə baxır və ona yaxınlaşıb əlini öpür. Atatürk Həlimə Çavuşu 15 gün Çankayada qonaq saxlayır. Xanımı Lətifə xanım çavuşa yüksək səviyyədə qonaqvərvərlik nümayiş etdirir. Ölkə başçısının bu qədər diqqəti döyüşçü xanıma qələbə qədər qürür verir.

Mustafa Kamal paşa Həlimə xanım üçün xüsusi məclis təşkil edib şəxsən özü İstiqlal medalını təqdim edir. Ona rəsmən çavuş rütbəsi və qazi statusu verir. Ömürlük maaş təyin edir. Bununla kifayətlənməyən dahi rəhbər Həliməyə ömürlük sarayda qalmağı təklif edir.

“Burada qalıb bizim qızımız ol” deyir. Qazi xanım bu təklifi qəbul etmir. “Anam və atamın mənə ehtiyacı var, məni gözləyirlər” deyir. Döyüşçünün bu sözləri Atatürkün xoşuna gəlir. “Mən valideynlərinə itaət edən övlada hörmət edirəm, buyur get” deyir.

Kəndinə, ana-atasının yanına qayıdan qalib ordunun əsgəri Həlimə Çavuş ailə qurmur. Qardaşının övladını himayə edir. Türkiyənin qələbəsinin memarlarından olan igid xanım 20 fevral 1976-cı ildə vəfat edir.

Şahanə Rəhimli,
Musavat.com

19.10.2024 09:21
1367