“İlqar dedi ki, əgər onun istəklərini etməsəm, qardaşımla atamı öldürəcək. Bundan qorxub, evinə getdim və mənə iyrənc seksual hərəkətlər etdi”.
Bəli, bu sözləri 8-ci sinifdə oxuyan, hələ həyatın acısını-şirinini dadmayan, fidanlıq dövrünü yaşayan yeniyetmə, səsləndirib. Özü də bilirsiniz harada? Məhkəmə zalında, təcavüzdən zərərçəkən kimi dayandığı kürsüdə...
Ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən İlqarın (qapalı proses olduğu üçün adı tam təqdim etmirik) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Prosesə isə hakim Azad Məcidov sədrlik edir.
Lent.az bu məhkəmə prosesi ilə bağlı bəzi məlumatlar əldə edib.
Əvvəlcə qeyd edək ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb. Zərərçəkmiş Z.A (ad şərti verilir) həmin ərazidə yerləşən məktəblərin birinin 8-ci sinfində oxuyur. İlqar adlı şəxs onların qonşusudur. Elə qızı da məhəllədə görür.
Belə ki, İlqar ötən ilin sentyabr ayının ortalarında məktəbdən qayıdan Z.A-nın qarşısını kəsib. Cibindən çıxardığı telefonda azyaşlı qızın çılpaq fotolarını göstərərək şantaj edib. Bu fotoların isə onun əlinə hansı şəraitdə keçdiyi naməlum qalıb. Qızı qorxudub ki, əgər dediklərini etməsə, bu fotoları yayaraq onu rüsvay edəcək. Azyaşlı qız isə adının ləkələnəcəyindən qorxub, İlqarın dediklərini etməyə razılaşıb.
İlqar qızın qorxusundan istifadə edərək, onu öz evinə aparıb. Evə gələn zaman İlqar qapını arxadan bağlayıb. Daha sonra, qıza yaxınlaşaraq yanağından öpüb, seksual hərəkətlər etməyə başlayıb. Hər şey bitəndən sonra yenə qızı qorxudaraq heç kimə heç nə deməməsini istəyib. Qız da qorxusundan bununla bağlı heç kimə heç nə deməyib.
Bu hadisədən bir müddət sonra, İlqar yenə məktəblə üzbəüz poçtun yanında qızın qarşısını kəsir. Bu səfər isə daha başqa şantajla gəlib.
İlqar bu dəfə qızı yaxalayaraq atası və qardaşlarını öldürməklə hədələyib. Azyaşlı qız onun bunu həqiqətən edəcəyindən qorxub, yenidən onun evinə getməyə razı olub. Evdə olan zaman İlqar yenə eyni formada zorla ona seksual xarakterli hərəkətlər edib.
Bu minvalla o, yeniyetmə qızı 2022-ci ilin sentyabr ayında 2023-cü ilin yanvar ayına qədər ümumilikdə 10 dəfə evinə aparmış və ona qarşı əxlaqsız hərəkətlər edib.
Təqsirləndirilən şəxs kimi istintaqda dindirilən yaşlı-başlı kişi bu ittihamların heç birinin doğru olmadığını və özünü təqsirli bilmədiyini deyib.
O deyir ki, qızın (Z.A) atasını uşaqlıqdan tanıyır. Belə ki, İlqar yataqxananın qarşısında balaca köşkün olduğunu və dostu rəhmətə gedəndən sonra kömək məqsədi ilə orada satıcılıq edir. Sözügedən qız və digər məktəb uşaqları hər gün gəlib həmin köşklə üzbəüz olan köşkdən bulka, qoğal alıb gedirlərmiş. Təxminən 2 il öncə Z.A köşkün qarşısındakı meyvə-tərəvəz mağazasından çiyələk alıb. Qızın anası çiyələk əzik olduğu üçün onu geri qaytarıb. Amma satıcı Qafur adlı şəxs çiyələyi qaytarmaqdan imtina edib. Bu zaman qız anasının qorxusundan ağlamağa başlayıb. İlqar bunu görüb yazığı gəldiyi üçün cibindən 2 manat pul çıxarıb qıza verib ki, anası onu danlamasın. Qız isə bu pulu geri qaytaracağını deyib.
Bir neçə müddət sonra qız həmin köşkün qarşısından keçərkən nə isə axtarırmış. İlqar nə axtardığını soruşduqda isə, iki manat pulunu itirdiyini deyib. Yenə ürəyi dözməyib azyaşlıya pul vermək istəyib. Pul düzəlmədiyi üçün Z.A-nı evinin qarşısına aparaq şalvarının cibindən pulu götürüb ona verib. Qız o dəfə ki, kimi pulu qaytaracağını söz verib və ordan gedib.
Daha bir neçə gün keçəndən sonra qız İlqarla qarşılaşır və ondan yenə pul istəyir. Qızın atasının dediyinə görə Z.A həmin gün anasının çantasından da 50 manat pul oğurlayıb. Anası həmin pulu qızın məktəbli çantasında tapıb. Z.A anasına “İlqar əminin pulunu qaytaracağam” deyərək valideynlərini aldadıb. İlqar isə bu hadisəni Ramilin şikayətindən sonra polis bölməsinə gəldiyi zaman öyrənib.
Ata İlqarın qızından məcbur pul tələb etməsi barədə bu ilin əvvəlində polisə şikayət edib. Lakin fakt özünü doğrultmamışdı.
Ata təzədən polisə şikayət edərək, İlqarın qızına qarşı seksual xarakterli hərəkətlər etdiyini bildirib. İlqarın dediyinə görə, bu şikayət şər-böhtan xarakterlidir.
Təqsirləndirilən şəxs deyir ki, qızın ailəsinin onla ədavəti olub. Belə ki, İlqar qızın anasının işlədiyi şirniyyat sexinə qoğal almaq üçün gedib. Sexdə 4 qadın işləyir. İlqar başqa bir qadına “bacı, qoğalın içindəki ədviyyat azdır, bir az artırın. Adi çörəkdən fərqlənmir” deyib. Həmin qadın əvəzinə isə qızın anası ona qışqıraraq kobud cavab verib:
“Xoşun gəlir al, gəlmir alma”.
Qadının bu hərəkəti İlqarın qüruruna toxunduğu üçün sexin rəhbərliyinə şikayət edib. Nəticədə xanımı işdən çıxarıblar.
İlqar belə düşünür ki, ailə bu hərəkətdən acıqlı qalıb və qızını öyrədərək bu formada polisə müraciət edib.
Qeyd edək ki, bu işin ibtidai istintaq dövründəki araşdırmalarda İlqarın təsirliliyi sübuta yetirilib. Əlimizdə olan məlumatlarda qızın prosesi daha detallı izah etdiyi məqamlar da var. Sadəcə etik olmadığına görə, onları təqdim edə bilmirik.
Bütün hallarda məhkəmə prosesinin gedişi kimin haqlı olduğunu göstərəcək.