Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası istiqamətində mühüm işlər görülüb.
APA xəbər verir ki, bunu Milli Məclisin dekabrın 5-də keçirilən iclasında 2024-cü il büdcə zərfinin müzakirəsi zamanı baş nazir Əli Əsədov deyib: “Möhtərəm Prezident İlham Əliyev, birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birgə möhtəşəm bərpa-quruculuq işlərinə bilavasitə başçılıq edir. Qələbədən sonrakı üç il müddətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 12 milyard manat vəsait ayrılıb. 2024-cü ilin dövlət büdcəsində isə 4 milyard manat vəsait nəzərdə tutulub. Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üçün sonrakı illərdə 14,5 milyard manat vəsait nəzərə alınmaqla 2022-2026-cı illərdə ümumilikdə təqribən 30,5 milyard manat məbləğində vəsait tələb olunur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr, verilən vergi, gömrük, sosial sığorta, investisiya təşviqi, kredit və digər güzəştlər paketi həmin rayonların sürətlə dirçəlməsinə, əhalinin məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir”.
Ə.Əsədovun sözlərinə görə, Böyük Qayıdışa dair I Dövlət Proqramı üzrə qayıdış prosesinin ilkin mərhələsinə start verilib: “2026-cı ilədək 34 500 ailənin və ya 140 min vətəndaşımızın köçürülməsi nəzərdə tutulub. Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Proqramına uyğun olaraq ümumilikdə 987 ailənin, 3932 nəfərin köçürülməsi təmin olunub. Cari ilin sonunadək əlavə olaraq 215 ailənin köçürülməsi gözlənilir. Xüsusi qeyd etmək istərdim ki, Qarabağ iqtisadi rayonunun əraziləri - Xankəndi, Ağdərə, Xocalı, Xocavənd və bütövlükdə işğaldan azad olunmuş rayon və şəhərlərin yerli xərcləri üzrə büdcədə 50 milyon manatdan artıq vəsait nəzərdə tutulub”.
Baş nazirin sözlərinə sözardı onu da qeyd edə bilərik ki, Qarabağa Böyük Qayıdış prosesi çərçivəsində son köç karvanları daha çox Laçın istiqamətində hərəkət edib. Yuxarıda da qeyd edildiyi kimi, köçürülən 987 ailənin yarısı Laçın şəhəri və Zabux kəndində, yəni öz dədə-baba torpaqlarında yenidən məskunlaşıb.
Bugünlərdə Laçın rayonunda olan, Diasporla İş üzrə Dövlət Komitəsinin təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı doğulduğu və böyüdüyü torpaqda illər sonra keçirdiyi hissləri “Yeni Müsavat”la bölüşdü: “Laçın rayonunun mərkəzində - Laçın şəhərində ermənilərlə qonşuluqda yaşamışam. Uşaq vaxtı onların kim olduqlarını, məqsədlərinin nələr olduğunu bilməmişəm. Zaman bizə hər şeyi öyrətdi. İndi dağlarda mayak kimi işıq saçan Laçının coğrafi mövqeyinin, iki ölkənin sərhədində Günəş kimi parıldamağının və inanılmaz sürətlə inkişafının təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyətini daha da dərindən anlayıram. 32 ildən sonra Laçına getdim. Yolların torpaqdan deyil, ürəyimin tən ortasından keçdiyini hiss etdim. Hələ də bu səfərin təəssüratı içindəyəm, hələ də keçmişimizə səyahətin necə bənzərsiz bir səyahət olduğunu düşünürəm. Laçın mənim üçün həm köhnə, həm də tamamilə yeni idi. Həmin yollar, həmin küçələr, rastlaşdığım çoxlu tanışlar, həmin laçınlılar idi. Həm də Laçın bir Avropa şəhərini xatırladırdı. Tamamilə yeni bir Laçın gördüm. Orada insanların necə xoşbəxt olduğunu hiss elədim. Viran olmuş şəhərimə yeni can gəlib, həyat qayıdıb, biz qayıtmışıq. Atamın evi yerlə yeksan idi, amma mən onun xarabalıqları içində özümü cənnətdə hiss elədim. Evimiz yoxdur, amma torpağımız, dirilən ruhumuz var. Məktəbimizə getdim, sinfimizə girdim, oturduğum birinci sırada oturdum, sanki yenidən dünyaya gəldim. Heç tanımadığımız gənclərin bu günümüz üçün şəhid olduğunu daha dərindən hiss elədim. Allah şəhidlərimizə rəhmət eləsin, Ordumuz var olsun. Mən Laçına köçməyəcəm, həyat yoldaşım şuşalıdır və mən də Şuşa sakiniyəm. Növbəti tətili, növbəti bayramı səbirsizliklə gözləyirəm ki, yenə də yurduma gedim. Laçınsız yaşaya bilməyəcəyimizi indi daha çox hiss eləyirəm”.
Yazını hazırladı: Cavanşir ABBASLI