Aşura günü keçirilən qanvermə aksiyasında toplanan qan hemofiliya və talassemiya, həmçinin digər xəstəlikdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.
Bu barədə Musavat.com-un sorğusuna cavab olaraq Mərkəzi Qan Bankından məlumat verilib.
Qurumdan bildirilib ki, qanvermə aksiyalarında toplanan qanlar 4 infeksiya üzrə yoxlanılır: HİV (QİÇS), HCV (Hepatit C), HbsAg (Hepatit B) və sifilis.
Bəs kimlər qan verə bilməz?
"Virus hepatitləri, sifilis, QİÇS, somatik xəstəlikər, ruhi xəstəliklər, narkomaniya, alkoqolizm, ürək-damar xəstəlikləri, endokardit, miokardit, ürək qüsurları, tənəffüs orqanlarının xəstəlikləri, mədə və onikibarmaq bağırsağın xora xəstəlikləri, qaraciyər sirrozu, endokrin xəstəliklər, göz xəstəlikləri, dəri xəstəliklərindən əziyyət çəkən şəxslər qan verə bilməzlər", - deyə qurumdan qeyd olunub.
Afaq Mirayiq,
Musavat.com