Astara rayonunda 1993-cü il təvəllüdlü Anar həmkəndlisi Vüsalı öldürnməyə cəhd edib, digər həmkəndlisi Vaqifin (adlar şərti verilib – red.) həyatyanı sahəsindən oğurluq edib.
Anar tanışı və həmkəndlisi Valehlə 8 dekabr 2022-ci ildə, saat 22 radələrində Vaqifin həyətyanı sahəsinə giriblər. Tövlədəni 2 baş iri buynuzlu heyvanı oğurlayıblar.
Bundan əlavə, Anar arvadı Xatirə ilə həmkəndlisi Vüsal arasında sevgi münasibətləri olmasından şübhələnib. Bu məsələni aydınlaşdırmaq üçün Vüsalla görüşmək istəyib, Vüsal müxtəlif bəhanələr gətirərdikdə şübhələrinə əmin olub. Qısqanclıq zəminində Vüsalı öldürmək qərarına gəlib. Niyyətini həyata keçirmək üçün 18 mart 2023-cü ildə, saat 23.30-da pəncərədən onun evinə girib.
Evin ikinci mərtəbəsində qarşılaşdığı Vüsala onun arvadının gözü qarşısında bir neçə bıçaq zərbəsi vurub. Ailə üzvləri tərəfindən vaxtında xəstəxanaya çatdırıldığı üçün yaralının həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən Anarın barəsində Cinayət Məcəlləsinin 29,120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 177.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq törətmək) və 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək) maddələri ilə ittiham elan edilib.
“Təcili satmaq istədiyini bildirdi”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Anar elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Bildirib ki, Astara rayonunun kəndində qayınanası, arvadı və iki azyaşlı uşaqları ilə birgə yaşayıb:
“8 dekabr 2022-ci ildə, axşam saatlarında Valehlə razılaşdığımız kimi təxminən saat 20 radələrində Vaqifin yaşadığı evin yaxınlığına getdik. Metal tordan qoyulmuş darvazanı açdıq və tövləyə girdik. Valeh qapının yaxınlığında bağlanmış iki baş iribuynuzlu heyvanın iplərini açdı, birinin ipini mənə verdi, digərininkini isə özü tutdu. Heyvanların birinin çəkisi təxminən 50-60 kilo, ikincisinin isə təxminən 45-50 kilo olardı.
Heyvanları kənddə futbol meydançasının yaxınlığına, köhnə xəstəxananın qarşısına gətirdik. Təxminən 10-15 dəqiqə gözlədikdən sonra Valehin danışdığı Nadir “Qazel” markalı avtomobillə xəstəxananın qarşısına gəldi. Valeh heyvanları Nadirə göstərdi, evdə xəstəsi olduğu üçün onları təcili satmaq istədiyini bildirdi. Nadir heyvanların balaca olduğunu dedi, ümumilikdə 400 manat vermək istədiyini bildirdi”.
“Pulu xərclədim”
Təqsirləndirilən şəxs deyib ki, Valeh əvvəlcə qiymətə razılaşmasa da, sonradan Nadirin heyvanları almayacağından qorxaraq razılaşıb: “Heyvanları “Qazel”ə mindirdikdən sonra Valeh aldığı 400 manat puldan 200 manatını mənə verdi, 200 manatını isə özü götürdü. Hərəmiz öz evimizə getdik. Aldığım pulu şəxsi işlərim üçün xərclədim.
Oğurluq hadisəsini Valehlə birlikdə törətmişəm. Hər hansı başqa şəxsin iştirakı olmayıb, heç kim bizə kömək etməyib. Nadir isə həmin heyvanların oğurluq olduğunu bilməyib. Çünki Valeh Nadirə heyvanların özünə məxsus olduğunu dedi. Nadiri əvvəllər görməmişəm və tanımamışam”.
“Gecə arvadımı evdə tapmadım”
Anar bildirib ki, 2023-cü ilin yanvar ayında işləmək məqsədi ilə Bakı şəhərinə gedib: “Martın 15-də gecə saat 00.15-də Bakı şəhərindən çıxaraq Astara rayonuna qayıtdım. Təxminən saat 2 radələrində qaynanamgilə getdim. Evə gələndə arvadımı evdə görmədim.
Qayınanamı yuxudan oyadaraq Xatirəni soruşdum, o da qızının yatdığını bildirdi. Bütün otaqlara və evin həyətinə baxdım, atirəni tapa bilmədim. Qayınanam qardaşına zəng edərək Xatirənin evdə olmadığını bildirdi.
Xatirənin kənddə babasıgilə getdiyini öyrəndim. Səhərə kimi qayınanamın evində qaldım. Səhər öz evimə getdim”.
“Xəyanət etdiyimi eşitdiyini bildirdi”
Anar qeyd edib ki, həmin gün Xatirə ona dayısı Əlinin telefonu ilə zəng vurub: “Xatirədən gecə evə hansı səbəbdən gəlmədiyini soruşdum. O, evə gələndə hər şeyi izah edəcəyini dedi. Uşaqlarımı götürüb qayınanamın evinə getdim.
Təxminən 15 dəqiqə sonra Xatirə, qaynım və Əli gəldilər. Xatirədən gecə evə niyə gəlmədiyini soruşdum.
Xatirə mənim guya Bakıdan qadınlarla Astaraya gəldiyini, ona xəyanət etdiyimi eşitdiyini, bunu yoxlamaq üçün gecə Vüsalın maşınında Astara şəhərinə getdiyini, bu səbəbdən evdə olmadığını bildirdi. Bu barədə kimdən eşitdiyini soruşanda isə Xatirə Vüsalın adını çəkdi, həmin gecə elə Vüsalın maşını ilə Astara şəhərinə getdiyini dedi”.
“İntihar həddinə çatdım”
Təqsirləndirilən şəxsin sözlərinə görə, Xatirənin Vüsalla ona xəyanət etdiyindən şübhələnib, buna görə mütəmadi Vüsala zəng etməyə başlayıb: “Vüsalla görüşmək istədiyimi bildirdim. O, işlədiyini deyərək axşam gəlib görüşəcəyini söylədi.
Sonradan ümumiyyətlə mənimlə görüşmədi, telefonlara cavab vermədi. Bütün bunlar mənə mənəvi olaraq təsir etdi və intihar həddinə çatdım”.
“Özümü dənizə atdım”
Təqsirləndirilən şəxs deyib ki, martın 18-də bacanağı Elmara limon parnikində işləri görməkdə kömək edib, bir qədər də içki içib:
“Axşam saatlarında isə Elmarla birlikdə içkili vəziyyətdə dəniz kənarına gəldik. Orada Vüsala bir neçə dəfə zəng vurdum. Telefonu götürməyındə əsəbləşdim, intihar etmək üçün özümü dənizə atdım.Balıqçılar məni dənizdən sahilə çıxardılar.
Elmarın arvadı Vüsalə də ora gəldi. Elmar məni sakitləşdirərək öz evinə apardı və orada paltarımı dəyişdim, bir az uzandım. Yuxudan qalxanda Elmarın evdə olmadığını gördüm. Həyat yoldaşından onun harada olduğunu soruşdum. O, Elmarı Astara rayon polis şöbəsinə çağırdıqlarını dedi”.
“Səhərə kimi çay bağında qaldım”
Təqsirləndirilən şəxsin ifadəsinə görə, Vüsalədən Elmarın maşınının açarlarını istəyib: “Vüsalə açarları verərək özü də maşına əyləşdi və atasının evinə sürməyi xahiş etdi.
Qarşıma velosiped çıxdığından vurmamaq üçün maşını kənara çəkdim. Maşın yolun qırağında olan dirəyə çırpıldı. Hadisə zamanı heç kim xəsarət almadı.
Qayınanamgilə getdim. Məqsədim gizlətdiyim bıçağı götürərək Vüsalın evinə gedib, onu qətlə yetirmək idi. Bıçaqları götürüb təxminən saat 23-24 radələrində Vüsalın qaldığı evə getdim, onu çölə çağırdım. Çağırışıma Vüsalın arvadı Əsmər çıxdı. Əsmər yalandan ərinin evdə olmadığını dedi. Getmək istəyərkən evin ikinci mərtəbəsində Vüsalı mətbəx otağında gördüm. Yenidən qayıdaraq Əsməri çağırdım. Əsmər bir daha Vüsalın evdə olmadığını bildirdi. Onun yalan danışdığını görərək evin pəncərəsindən içəri girdim. İkinci mərtəbəyə qalxaraq gizlənmək üçün hamama girdim. Sonra isə hamamla üzbəüz qapıdan içəri girdim.
Vüsal mətbəxdən çıxanda bıçaqla ona zərbələr vurmağa başladım. Əlimdə iki bıçaq vardı. Bıçaqlarla Vüsalın bədəninin müxtəlif nahiyələrinə zərbələr endirdim. Əsmər qışqırmağa başladı. Vüsalla əlbəyaxa olan zaman Əsmər belimə stulla zərbələr vurdu. Buna baxmayaraq bıçaqla zərbələrə davam etdim.
Onu bıçaqla vura-vura evin pilləkənlər tərəfinə sürüyə-sürüyə gətirdim. Zərəbələrin təsirindən bıçaqların hər ikisinin dəstəyi qırıldı.Yumruqla Vüsalın baş nahiyəsinə zərbələr vurmağa davam etdim. Əsmər döşəmə ağacı ilə kürəyimə, başıma vurdu. Belimdə ağrılar hiss etdikdə qan içində olan Vüsalı buraxdım, pəncərdən çıxaraq qaçdım.
Qayınanamgilə gedərək Xatirəyə Vüsalı bıçaqladığımı dedim. Lakin Xatirə məni evə buraxmadı. Uşaqlarımla vidalaşaraq anamın evinə getdim. Anamı oyatmadan çay bağına yollandım, səhərə kimi orada qaldım. Səhər evə gələndə anamın ağladığının, hadisədən xəbər tutduğunu gördüm. Sonra polis əməkdaşları gələrək məni tutdular”.
Anar bildirib ki, Vüsala bıçaqla zərbə vurmaqda məqsədi onu öldürmək olub: “Çünki arvadım Vüsalla münasibətə girərək mənə xəyanət edib. Onu öldürə bilməməyimin səbəb bıçaqların dəstəyinin qırılması, Əsmərin müdaxiləsi olub”.
“Qışqıraraq “Vüsal, qaç, vurdu” dedi”
İş üzrə zərərçəkmiş Vüsalın sözlərinə görə, təqsirləndirilən Anarla uzun müddət dost münasibətləri olub, bir-birilərinin evinə gedib-gəliblər:
“Anar bir müddət mənim həyətimdə usta işləyib. Martın 18-də axşam radələrində evdə olduğum zaman Anar gəldi və məni çağırdı. Arvadım Əsmərə mənim evdə olmadığımı deməyi tapşırdım. Əsmər Anarla dostluq etməyimdən narazı idi, dəfələrlə bu barədə aramızda söz-söhbət olmuşdu. Əsmər mənim evdə olmadığımı dedi, Anar getdi.
Təxminən 10 dəqiqə sonra evin birinci mərtəbəsinin pəncərəsindən içəri girib. Həmin vaxt evin ikinci mərtəbəsinin mətbəxində idim və birinci mərtəbədən səs gəldiyini eşitdim.
Evin yataq otağına gedərək həyətə baxdım, toyuq hininin qapısının açıq olduğunu gördüm. Əsmərə hinin qapısının bağlı olmadığını bildirdim. Düşərək qapını bağlamağı tapşırdım.
Əsmər aşağı düşmək istəyən vaxtı onun qışqırıq səsini eşitdim. Əsmər qışqıraraq “Vüsal, qaç, vurdu” dedi. Səsi eşidərək mətbəxdən çıxdım, koridorda pilləkənə tərəf gedəndə Anar qəflətən hamamdan çıxdı, sinəmə bir bıçaq zərbəsi vurdu. Əsmər Anarın məni vurduğunu gördü”.
“Mənə SMS-lər yazdı, sevgi etirafları etdi”
Zərərçəkmiş deyib ki, Əsmər bütün baş verənləri görüb və qışqıraraq qonşuları köməyə səsləyib:
“Sonra huşumu itirməyə başladım, gözlərim qaraldı. Anar isə mənə ardıcıl bıçaq zərbələri vurmaqda davam etdi. Məni sürüyə-sürüyə evin birinci mərtəbəsinə apardı. Əsmər ikinci mərtəbədə olan pol taxtasını götürərək Anarın baş və bel nahiyələrindən zərbələr vurdu. Anar məni buraxaraq qaçdı.
Onun məni öldürmək istəməsinə səbəb arvadı ilə bağlı olub. Anarla bir-birimizin evinə tez-tez gedib-gələn vaxt Xatirə ilə münasibətlərim yarandı. Xatirə özü mənə SMS-lər yazdı, sevgi etirafları etdi. Xatirə ilə yazışsam da, onunla heç bir yaxın əlaqəm olmayıb”.
“Arvadıma heç nə demədim”
Zərərçəkmiş bildirib ki, martın 15-də, gecə saatlarında Xatirə ilə görüşüb, maşında kənddə gəziblər: “Amma Xatirə ilə heç bir yaxın münasibətim olmayıb. Biz gəzən zaman Xatirəyə zəng gəldi. Lakin kimin zəng etdiyini bilmədim. Sonra Xatirə Anarın kəndə gəldiyini və onu axtardığını bildirdi. Mən də onu evin yaxınlığına gətirərək düşürdüm. Sonra evimə getdim. Arvadıma Xatirə ilə görüşməyim barədə heç nə demədim”.
“Sevgi münasibətlərimiz olub”
İş üzrə şahid qismində ifadə verən Xatirənin sözlərinə görə, 2017-ci ildə Anarla evlənib, bu nikahdan 4 və 3 yaşlı qız uşaqları var:
“Evləndikdən bir müddət sonra Anarın narkotik vasitə istifadəçisi olduğunu bildim. O, heç bir yerdə işləmirdi. Bakı şəhərinə işləmək üşün getsə də, evə qazanc gətirmirdi. Əksinə hər dəfə məndən yol pulu alırdı.
Anar bu ilin yanvarın 8-də Bakı şəhərinə getdi. Martın 14-də axşam saatlarında Vüsalla söhbət etmək üçün küçəyə çıxdım. Telefonda Vüsalla danışdım, SMS-ləşdik.
Vüsalla münasibətlərim təxminən hadisədən 7-8 ay əvvəldən başlayıb, aramızda sevgi münasibətləri olub”.
“Şübhələrini daha da artırdı”
Xatirə qeyd edib ki, martın 15-də, təxminən gecə saat 2 radələrində Anar Bakıdan qayıdıb: “Onun Astaraya gələcəyindən xəbərim yox idi.
Təxminən saat 2 radələrində bacım zəng edərək Anarın Astaraya gəldiyini və məni axtardığını bildirdi. Mən də Vüsalın maşınından düşərək evə getdim. Çatanda Anarın artıq həyətdə olduğunu, dayım və anam da ora gəldiklərini gördüm.
Həyətə girəndə dayım Anarın məni öldürəcəyini bildirdi, evə girməməyimi məsləhət gördü. Dayım məni nənəmin evinə apardı. Gecəni nənəmin evində qaldım.
Səhəri gün Anara zəng edərək danışmaq istədiyimi bildirdim. Dayım məni evə gətirdi. Evdə ona yalandan guya Bakı şəhərindən Astaraya qızlarla gəlməsi barədə Vüsalın mənə dediyini bildirdim. Bunu yoxlamaq üçün Vüsalla Astaraya getdiyimi dedim. Anar sözlərimə inandı, heç nə demədi.
Həmin gündən hadisə baş verən günə qədər Anar hər gün evdə olub, axşamlar evdə qalıb. Lakin gündüzlər harasa gedirdi. Anar məndən və Vüsaldan şübhələndiyi üçün onunla bir neçə dəfə görüşmək istədi. Lakin Vüsal Anarla görüşməkdən çəkindi. Bu da Anarın şübhələrini artırdı. Mənə Vüsalı öldürəcəyini desə də, ona inanmadım. Anarla boşanmağı təklif etsəm də, razılaşmadı”.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Anar 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib./Teleqraf.com