“Hesab edirəm ki, Azərbaycanın mövqeyi tamamilə haqlıdır. Azərbaycana qarşı ədalətsiz, qərəzli mövqe tutulursa, cavab verilməlidir. Birinci addımı onlar atdılar. Heç bir əsas gətirmədən, yalançı, uydurma ittihamlar irəli sürüblər. Ortada heç bir fakt yoxdur. Azərbaycanın nümayəndələrini geri çağırması doğru qərar idi”.
Bu fikirləri Musavat.com-a Azad Vətən Partiyasının sədri Akif Nağı AŞPA-da Almaniya nümayəndə heyətinin sədri Frank Şvabenin fikirlərini şərh edərkən bildirib. O qeyd edib ki, Azərbaycandan üzr istədikdən sonra AŞPA ilə bağlı fikir dəyişə bilər:
“AŞPA Azərbaycana lazım deyil. İllərlə ancaq yalançı, qərəzli mövqe görmüşük. Onsuz da bəzi deputatlar səs-küy salmaq üçün bəhanə axtarırlar. Onlar Azərbaycana dəvətsiz gəlmək istəyirdilər, buna görə onlara icazə verilmədi. Hesab edirəm ki, bu, doğru mövqedir. Vicdanını satmış AŞPA deputatları Azərbaycana gəlsələr, yenidən bizə böhtan atacaqlar. Seçkidə müşahidəçi olmaq üçün heç bir maneə yoxdur. Sadəcə Azərbaycan bu məsələdə prinsipial mövqe sərgiləyir, AŞPA-nın mövqeyinə qarşı öz mövqeyini ortaya qoyur. Onların qarşısında sərt mövqe qoymasaq, üzərimizə yeriyə bilərlər. Bəzi deputatların boş, mənasız, qərəzli hücumlarını saymamalıyıq. Azərbaycanı dünya tanıyır, mövqeyimizi qəbul edirlər. COP29-a hazırlıq sürətlə gedir. Əksər dövlət başçıları tədbirdə iştirak etməyə qərar verib. AŞPA yaxud hər hansı başqa qərəzli təşkilatın Azərbaycanla bağlı rəyini nəzərə almağa ehtiyac yoxdur”.
Nigar HƏSƏNLİ,
Musavat.com