Aşıq xanımın 10 min dollar, Rostropoviçin vaza qırığı mükafatı

Otuzuncu illərdə sərt tənqidləri ilə hökumət orqanlarına həmkarları barədə “iş verən”, yıxılana balta, tutulana çəpik çalan şair Məmməd Rahimin belə misraları var: “Bizim yerdə bu adətdir əzəldən, hörmət olar sənətkara, sevgilim”.

Dünən aşıq Zülfiyyənin sazının üstünə bir banderol yüzlük əskinas (10 min dollar) qoyulmasına dair xəbəri oxuyanda yadıma ilk olaraq bu misralar düşdü.

Bəli, bizim ölkədə lap əvvəllərdən sənətkara hörmət qoymaq adəti olub. Adət-ənənəyə sadiqik. Hazırda həmin hörmət 10 min dollarlıq əskinaslardan ibarət “paçka” (belə deyəndə daha ləzzətli çıxır) şəkiində də qoyula bilər, lüks avtomobil olaraq bantlanmış halda, evakuatorun üstündə həyətə də gətirilə bilər. Zövqə, sənətkara, səxavətə baxır.

Rahimin vaxtındakı sənətkarlarla indiki sənətkarlara qoyulan hörmət, əlbəttə ki, fərqlidir. O vaxt sənətkarlara Lenin, Stalin mükafatı verərmişlər. Mükafat almış sənətkar da o pulun bir hissəsini OADKYC-a keçirərmiş.

Bax, OADKYC-ın nə olduğunu çoxunuz bilmədiniz. Cavansınız, dünənin uşağısınız, ona görə. OADKYC (rusca - DOSAAF) abbreviaturadır, açması da belədir: Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyəti. Sovet vaxtında idarə və müəssisələr, əmək kollektivləri bu fonda ətək-ətək pul keçirərdirlər. Hamısı da könüllü. Könülsüz olanların partbiletini əlindən alardılar, 3 gündən sonra infarkt vurardı.

Xüləs. Amma sənətkarlara heç də həmişə böyük hörmət qoyulmayıb. Stalin kefinin kök vaxtında xarici işlər naziri Vyaçeslav Molotovu məclisdəkilərə göstərib deyirmiş: “Yoldaşlar, Kazanda skripka çaldığı illərdə yerli tacirlər bu Veçenin başına, bilirsiniz, nə oyun açmışdılar? Sənətkarı yerə yıxıb ağzına xardal sürtmüşdülər”.

Xruşovun yazdığına görə, MK katibləri, nazirlər uğunub gedirmişlər. (Rəhbərlərin zarafatı həmişə sirayətedici olur). Molotov da pərt-pərt baxırmış. Nə etsin? “Ona qalsa, səni də Bakıda neft quyusuna atırmışlar” desə, Beriyanın qulbeçəri tutub zirzəmiyə aparacaq, sinninin o vaxtında ağzına xardal sürtəcəkdilər. Həm də təkcə ağzına yox.

Amma sonrakı illərdə sənətkarlara yaxşı qiymət verilib. Hətta xaricə gedəndə də onlara bahalı zinət əşyası bağışlayırmışlar. İran şahının Zeynəb xanıma brilyant qaşlı bahalı üzük bağışladığına dair əfsanələr dolaşırdı. Sovet hökuməti tutub əlindən almayıbsa, yəqin ki, qalır.

O vaxtlar belə bir qayda da varmış. Sovet sənətkarlarına bağışlanan bahalı hədiyyəni əllərindən alır, sənətkara onun 15-20 faizi dəyərində nəsə verirmişlər. Bizim yerlimiz Mstislav Rostropoviçin başına elə bir hadisə gəlib. Amerikada möhtəşəm konsert verəndən sonra elə səhnədəcə məşhur violençelistimzə bahalı vaza bağışlayıblar. Sovet nümayəndələ heyətinin DTK zabiti olan üzvü işarə edib ki, vazanı gətir, təhvil ver. Rostropoviç pərdə arxasına keçhakeçdə vazanı qəsdən aılindən salıb sındırıb, sonra dəsmalını çıxarıb yerdən vazanın qırığının birini götürüb, dəsmalının arasında qoyub və zabitə deyib: “Mən öz payımı götürdüm, qalanı sizin olsun”.

Hazırda isə sənətkara cəmi iki mahnı oxuduğuna görə 10 min dollar verirlər və heç kim ondan faiz tələb edə bilmir. Çünki bu, hədiyyədir, qonorar deyil. Əslində o pullar Zülfiyyə xanıma halaldır. 30-40 il əvvəl onun bir mahnısı vardı, çox xoşuma gəlirdi: “Ay Şərəbanı, ölürəm mən, çıx eyvana, köçürəm mən”. Hələ də onu oxuyur.

Hərçənd hərdən sənətkar olmayanlara da böyük hörmət qoyurlar, onlar da az qalırlar küçədə adamın təpəsinə çıxsınlar. Bu, düzgün deyil. Sənəti, səsi olmayanları qudurtmaq olmaz. O mənfur sovet vaxtında “Helliyoza”, “Qəni-Qəni”, “Əmiqız” oxuyanlar toylarda pul qazana bilərdilər, amma onları televiziyaya buraxıb məşhurlaşdırmazdılar.

Aşıq Zülfiyyə ilə bağlı xəbərdə bir məzəli məqam vardı, onu yazmasam, olmaz. Bu hadisəyə (sazın üstünə 10 min dollar qoyulmasına) şahidlik edən və onu verilişində açıb danışan aparıcı Elgizə aşıq xanımın cavabı belə olub ki, onun o darmacalda o qədər pulu saymasına məəttəl qalıb. He-he-he. 100 dənə yüzlük başı-böyrü bağlı banderolda olanda onu saymaq çətin olmur axı.

Təki sənətkarlarımız həmişə yaxşı qonorar alsınlar, Rostropoviç kimi yerdən vaza qırığı götürməsinlər.

Yeri getməmişkən, deyim ki, ömrünün axır vaxtlarında Rostropoviç ölkəmizin rəhbərliyindən necə hörmət görürdüsə, ildə iki dəfə hərlənib-fırlanıb gəlirdi. O vaxt Murad Köhnəqala ona bir məzəli şeir yazmışdı, tapın, oxuyun. İlk misraları beləydi:

“Vurub da qoltuğuna
sevimli violençelini
gəl, ey ustad Rostropoviç”.

 

 

19.04.2025 11:15
1398