"ASAN xidmət" və "Haber Global" Milli Mətbuat Günü münasibətilə tədbir təşkil edib - FOTOLAR

19 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN İnnovativ İnkişaf Mərkəzi"nin və "Haber Global" televiziyasının birgə tərəfdaşlığı, Medianın İnkişafı Agentliyinin dəstəyi ilə təlim proqramı təşkil olunub.

Musavat.com xəbər verir ki, 22 İyul - Milli Mətbuat Gününə həsr edilən proqramda müxtəlif media qurumlarında çalışan şəxslər, blogerlər, müvafiq sahə üzrə rəy liderləri iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ölkəmizdə milli mətbuatın, medianın fəaliyyətinin inkişafı, ifadə və söz azadlığının təmin edilməsi istiqamətindəki dövlət siyasətindən söz açıb.

Tədbirin məqsədi media sahəsində, məlumatların ictimaiyyətə çatdırılmasında yeniliklərin təşviqi olub.

80-dən çox şəxsi əhatə edən təcrübə mübadiləsi xarakterli təlim çərçivəsində "Haber Global"ın Proqramlar Müdiri Temel Okaygün, "Web Özəl" xəbər məsləhətçisi Can Mumay və kanalın aparıcısı Saynur Tezel təcrübələrini bölüşüblər.

Spikerlər innovativ alətlərin istifadəsinin ictimaiyyətə çatdırılmasında və xəbərlərin yaradılmasında yeni platformaların tətbiqinə dair məlumatlar veriblər.
Xəbər yaradılmasında yeni trendlər, rəqəmsal platformalarda çatımlılığın artırılması üsulları, təqdimat növləri və alətlər diqqətə çatdırılıb. Həmçinin düzgün kommunikasiya kanallarının seçilməsi və məlumatın hədəfə düzgün yönləndirilməsi kimi əsas məqamlara diqqət çəkilib.

Nigar HƏSƏNLİ,
Musavat.com

19.07.2023 15:48
744