Gözlənilir ki, növbəti prezident seçkisində qalib gəlmiş İlham Əliyev fevralın 15-dək yeni komandanın tərkibini elan edəcək
Siyasi analitiklər seçki tarixinin təxminən 1 il iki ay önə çəkilməsini ölkədəki yeni reallıqlarla əlaqələndirirlər. Ərazi bütövlüyünün və suverenliyin tam bərpa edilməsi həm Azərbaycanda, həm də ölkəmizin daxil olduğu regionda yeni durum yaradıb. Bu reallığa uyğun yeni siyasət yürüdülməsi tələb olunur.
Prezident əslində Milli Qəhrəman kimi qəbul edildiyi zamanda seçkiyə gedir. Öz xalqından ən yüksək şəkildə “etibar səsi” gözləyir və bu, belə də olacaq. Üstəlik, zəfəri, yenilənməni, yeni çağırışları komandasında tətbiq etmək, “ASAN hakimiyyət” modelini formalaşdırmaq üçün hər şeyi öz seçkisi ilə başlayır.
Prezident Əliyev Azərbaycanla bağlı yeni mərhələyə məhz 2024-cü ilin fevralında start verəcək kimi görünür. O, vətəninin ən böyük problemini həll etdi, işğaldakı torpaqları qaytardı, Qarabağı düşməndən təmizlədi. İndi də Zəfərdən sonrakı yeni və yenilənmiş iqtidarla yeni Azərbaycanı inşa etməyə, daxili siyasi konfiqurasiyaları oturtmağa qərar verib. Millətimizə də fürsət yarandı: xalq öz gerçək milli qəhrəmanına təkrar güvən səsi vermək, ona təşəkkür etmək üçün prezident seçkisində Azərbaycan tarixində görünməmiş ən yüksək qatılımı və səsi tarixə yazacaq.
Prezident İlham Əliyev komandasını son bir neçə ildir ki, sürətlə yeniləməyə çalışır, illərlə eyni vəzifəni tutan yüksək çinli məmurlar bir-bir yola salınır. Hakimiyyət “köhnə”lərdən imtina edir və onları əsasən gənclərlə əvəzləyir.
Hakimiyyət texnoloqları hesab edir ki, son illər idarəetməyə həm yaxşı təhsilli gənc kadrlar gətirilir və üstəlik, onlar rüşvətə və korrupsiyaya bulaşmayıblar. Son illər yüksək vəzifələrə daha çox texnokratların, yəni kooperativ idarəetmə üsuluna bələd olan şəxslərin təyinatını müşahidə edirik. Təyin olunanların bir çoxu ya dövlət işində, ya da özəl sektorda özünü təsdiq etmiş şəxslərdir. Onlar həmin kooperativ idarəetmənin dövlət sisteminə tətbiqi ilə məşğuldur. Əvvəlki illərdə kadr islahatlarına qarşı dirənən, məsələn, Ramiz Mehdiyev zehniyyəti vardı. Amma Mehdiyev daha yoxdur. O səbəbdən gözlənilir ki, fevralın 15-dək artıq növbəti prezident seçkisində qalib gəlmiş İlham Əliyev yeni Nazirlər Kabinetinin tərkibini elan edəcək.
Hikmət Babaoğlu
Növbədənkənar prezident seçkisindən sonra kadr islahatlarının keçirilməsinin mümkünlüyünü hakim Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, deputat Hikmət Babaoğlu da anons edib. O bildirib ki, Azərbaycanda keçirilən islahatlar davamlı xarakter daşıyır və məntiqli əsaslarla aparılır. İctimai münasibətlərin zəruri etdiyi sahələrdə yenilənmə tələbi yarandığı təqdirdə bu baş verəcək: “Proses həm də idarəetmənin təkmilləşdirilməsi, vətəndaşlara keyfiyyətli xidmət kontekstində icra edilir. Şübhəsiz ki, hazırkı mərhələdə və bundan sonra da idarəetmənin təkmilləşdirilməsi, kadr ehtiyatlarının yaxşılaşdırılması, vətəndaşa xidmətin yüksək səviyyədə edilməsi üçün islahatların keçirilməsi lazımdır. Cənab Prezident də ardıcıl olaraq bu sahədə yenilənmə həyata keçirir. İndiyə qədər idarəetməni nəzərə alsaq, seçkilərə qədər də, seçkilərdən sonra da idarəetmədə yenilənmə mümkündür. Ümumilikdə növbədənkənar Prezident seçkiləri ölkəmizin ictimai-siyasi mühitində yeni proseslərin start nöqtəsi ola bilər”.
Arzuxan Əlizadə
AMİP sədri Arzuxan Əlizadə isə “Yeni Müsavat”a bildirdi ki, ümumiyyətlə, növbədənkənar prezident seçkisi elan olunmamışdan əvvəl də cəmiyyətdə ciddi siyasi islahatların vacibliyi fikri dominantlıq təşkil edirdi: “Bu islahatların bir çoxu özündə konstitusiya dəyişikliklərini ehtiva etdiyi üçün referendum keçiriləcəyi ilə bağlı fikirlər də müzakirə mövzusu idi. Ancaq ilkin olaraq növbədənkənar prezident seçkisi elan olundu. Hesab edirəm ki, növbədənkənar prezident seçkisini şərtləndirən amillərdən biri də elə prezident seçkisindən sonra ciddi islahatlara gediləcəyidir. Xüsusilə də idarəetmə sahəsində bir sıra islahatlara gediləcək. Nazirlər Kabinetinin, ümumiyyətlə, buraxılması daha məntiqli olardı. Çünki vitse-prezidentlik institutunun olduğu ölkələrdə paralel olaraq Nazirlər Kabineti mövcud olmur. Ona görə də Nazirlər Kabinetinin buraxılaraq onun səlahiyyətlərinin vitse-prezidentlik institutuna verilməsi, eyni zamanda digər vitse-prezidentlərin də təyin edilərək bu institutun bir qədər də gücləndirilməsi gözləniləndir. Hesab edirəm ki, rayon icra hakimiyyətləri bir struktur vahidi olaraq ləğv oluna bilər. Əvəzində isə Prezidentin səlahiyyətli nümayəndəlikləri yaradıla bilər. Artıq bir müddətdir ki, işğaldan azad edilmiş rayonlarımıza Prezidentin səlahiyyətli nümayəndələri təyin edilib və onlar fəaliyyət göstərirlər. Bu təcrübənin bir qədər də genişləndirilməsi və bütün rayonlara tətbiq edilməsi gözləniləndir. Bunun anonsu da Azərbaycan Prezidenti tərəfindən verilib. Bizim də zamanında təkliflərimizdən biri bundan ibarət idi ki, ən azından Türkiyə idarəetmə üsuluna oxşar formaya keçilməsi zərurəti var. Prezidentin yerlərdəki nümayəndələri konstitusiya və qanunların icra edilməsinə nəzarəti həyata keçirir, Prezidentin verdiyi qərar və sərəncamların icrasını nəzarətdə saxlayır. Amma bütövlükdə yerli idarəçilik bələdiyyələrə verilir. Bununla əlaqədar bələdiyyələrin səlahiyyətlərinin bir qədər artırılması, yerli özünü idarəetmə orqanları olaraq yerlərdə idarəetmə səlahiyyətlərinin tam olaraq bələdiyyələrə verilməsi çox vacib şərtlərdən biridir. Bu, ölkənin idarəetməsində çox ciddi müsbət dəyişikliklərə səbəb ola bilər”.
A.Əlizadə qeyd etdi ki, bir sıra digər sahələr üzrə də dəyişikliklərin edilməsi, islahatlara gedilməsi vacibdir, gözləniləndir. Xüsusilə sosial-iqtisadi sahədə, məhkəmə-hüquq sistemində ciddi islahatlara gedilməsi lazımdır: “Cəmiyyətin gözləntiləri var. Hesab edirəm ki, prezident seçkisindən sonra bu islahatlara gediləcək. Ehtiyac olacaqsa, referendum yolu ilə konstitusiyaya bir sıra əlavə və dəyişikliklər ediləcək. Artıq biz yeni idarəetmə formasına şahidlik edəcəyik”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”