AŞ PA-dan növbəti saxtakarlıq - “Bakıda qanunsuz saxlanılan ermənilər...”

Azərbaycandan sərt reaksiyalar: Assambleya separatizmi və terrorçuluğu müdafiə edir

Bu ilin yanvarında Azərbaycanın səs hüququnu əsassız yerə donduran Avropa Şurası Parlament Assambleyası (AŞ PA) yenə Azərbaycanın “bostanına” daş atıb. Bu barədə qurumun iyunun 26-da Ermənistanla bağlı qəbul elədiyi qətnamədən məlum olur. 

Orada deyilir: “AŞ PA Qarabağın erməni əhalisinin (100 min nəfərdən çox) öz ata-baba yurdunu tərk etməyə məcbur olmasından dərin təəssüf hissi keçirir və Azərbaycanı Dağlıq Qarabağın (? - red.) həbs edilmiş bütün nümayəndələrini, eləcə də bütün erməni hərbi əsirləri azad etməyə çağırır. Ermənistan və Azərbaycan arasında aparılan danışıqlarla əlaqədar olaraq, AŞ PA ərazi bütövlüyünün qarşılıqlı tanınması, suverenliyə hörmət, sərhədlərin toxunulmazlığı və güc tətbiq edilməməsi prinsiplərini tam dəstəklədiyini bildirir. Bu baxımdan AŞPA Ermənistanın regionda sabitliyin bərqərar olmasına kömək edə biləcək ”Sülh yollarının kəsişməsi" təşəbbüsünü alqışlayır".

Yada salaq ki, Azərbaycanın ötən ilin sentyabrında Qarabağda keçirdiyi 1 günlük antiterror tədbirləri çərçivəsində apardığı həbslərlə bağlı Avropa Parlamenti də analoji destruktiv mövqe sərgiləyir. Hətta qəbul etdiyi qətnamələrdə saxlanılanları “siyasi məhbus” kimi qələmə verməyə çalışır. Eləcə də həbs cəzaları almış erməni diversantları.

Halbuki söhbət sırf müharibə cinayətləri və hərbi canilərdən, dövlətimizə və xalqımıza meydan oxumuş terrorçu-quldurlardan gedir. Məgər Qərbin özü 2-ci Dünya müharibəsinin sonunda ələ keçmiş alman faşistlərinin hansısa birinə rəhm edib? 

Bəs AŞ PA, Avropa Parlamenti, ümumilikdə Qərb Azərbaycana münasibətdə “ikili standart” siyasətinə nə vaxt son qoyacaq? Qoyacaqmı?

Çingiz Qənizadə: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi  partiyasıdır - AZƏRTAC

 Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, AŞPA-nın 26 iyunda Ermənistanla bağlı qəbul etdiyi qətnamə Azərbaycana münasibətdə qərəzlidir və yenə də ikili standartların tərkib hissəsidir. AŞPA-nın Qarabağın erməni əhalisinin “öz ata-baba yurdlarını tərk etməsindən təəssüf hissi keçirməsi” ifadəsinin özü yanlışdır və qərəzlidir. Çünki Azərbaycan dövləti Azərbaycan vətəndaşlığını qəbul edən mülki ermənilərin qalıb yaşaması üçün dəfələrlə çağırışlar etdi, müvafiq addımlar atdı, bir dənə də olsun mülki obyektə zərbə endirilmədi, bir nəfər də olsun mülki insan həlak olmadı. Bütün bunlara baxmayaraq erməni əhali özləri könüllü şəkildə Azərbaycan ərazilərini tərk edib getdilər. Azərbaycan onlara getməmək üçün çağırışlar etdi, lakin onlar bu çağırışları qəbul etmədilər və getdilər. Bu, ermənilərin seçimi idi və Azərbaycanın onların qarşısını güc yolu ilə alması onların hüquqlarının pozulması olardı: “Azərbaycan bütün addımlarında həm öz qanunlarını, həm də beynəlxalq hüququ əsas götürüb. 

AŞPA-nın 26 iyun qətnaməsində “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi də qərəzlidir və hüquqa ziddir. Avropa Şurası belə bir terminin mövcud olmadığını birdəfəlik bilməlidir. Dağlıq Qarabağ adlı anlayış yoxdur. AŞPA Azərbaycanın qanunlarına hörmətlə yanaşmalıdır. 

AŞPA-nın separatçı terrorçuların, Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərmiş, Azərbaycana qarşı cinayətlər həyata keçirmiş “hərbi əsir” adlanan quldurların azad edilməsini istəməsi isə bu qurumun beynəlxalq hüquqa hörmətsiz yanaşmasının, faktiki olaraq cinayətkarları müdafiə etməsinin sübutudur. Bu davranış AŞPA-ya dünyada hörmət gətirə bilməz, əksinə ona hardasa cüzi də olsa etimad qalıbsa onu da sıfıra endirəcək. AŞPA bu hərəkəti ilə separatizmə dəstək verdiyini bir daha nümayiş etdirir. AŞPA-da təmsil olunan deputatlar düşünməliydilər ki, onların öz ölkəsində silahlı separatizmə, dövlətə meydan oxuyan silahlı dəstələrin fəaliyyətinə imkan verilərdimi? O sənədə səs vermiş deputatların təmsil olunduqları dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyıblar. Azərbaycan da öz ərazi bütövlüyünü bərpa edib. İndi həmin dövlətlərin deputatlarının Fransa və Ermənistanın maraqlarına xidmət edən qətnaməyə səs vermələri öz dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünü tanımaq barədə mövqeyinə qarşı çıxmaqdır".

Ekspertin sözlərinə görə, bu, bir daha sübut edir ki, Avropa Şurası və Avropa Parlamenti korrupsiyalaşmış təsisatlara çevriliblər. Onlar beynəlxalq hüququn yox, onlara sifariş verənlərin müdafiəsi ilə məşğuldurlar və korrupsiyaya qurşanıblar: “Bu təşkilatlar artıq siyasi tapşırıqlar yerinə yetirirlər. Ona görə də Azərbaycan onların hər hansı bir sərsəm qərəzli bəyanatını və qətnaməsini kağız parçasından başqa heç nə hesab etmir. Azərbaycan gücləndikcə, öz haqq yolundan geri addım atmadıqca korrupsiyalaşmış həmin beynəlxalq təşkilatlar və oradakı deputatlar daha da qıcıqlanırlar. Buna görə də onların bundan sonra da necə davranacağı bəllidir. Ancaq Azərbaycan öz düzgün yolundan bu korrupsionerlərə görə geri çəkilən deyil”. 

Azərbaycanın güclü orduya malik olması bir şərtdir - İlyas Hüseynov (ÖZƏL)  - TurkicWorld

İlyas Hüseynov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov da bildirdi ki, AŞPA Azərbaycana qarşı qərəzli mövqeyini yenə davam etdirir və həqiqətlərin təhrif olunması prosesi genişlənir. Çünki ötən ilin sentyabrında Azərbaycan lokal xarakterli anti-terror tədbirlərini həyata keçirdikdən sonra baş verən proseslərə AŞPA öz prizmasından və Ermənistanın maraqları əsasında yanaşır. Bu da tamamilə qəbul olunmazdır. Çünki Qarabağda olan ermənilərə reinteqrasiya təklif olunmuşdu, Azərbaycan vətəndaşlığını qəbul etmək təklifi irəli sürülmüşdü. Ancaq ermənilər pasportunu daşıdığı ölkəyə-Ermənistana üz tutdular. Azərbaycan Qarabağda yaşayan mülki erməniləri köçürməyib. Ermənilər özləri könüllü köçüblər və bunu köçən zaman özlərini verdiyi açıqlamalar da təsdiq edir. 

Həbs olunan separatçılar və silahlı terrorçular isə qətiyyən siyasi məhbus hesab oluna bilməzlər: “AŞPA separatçıları və terrorçuları azad etmək çağırışı edirsə, bu birmənalı şəkildə AŞPA-nın separatizmi və terroru dəstəkləməsi deməkdir. Separatizmi və terrorizmi müdafiə edən beynəlxalq təşkilat dünyaya yaxşı nə isə verə bilməz və bu cür təşkilatın hər hansı çağırışı, qətnaməsi qəbul edilə bilməz. 

İkinci Dünya müharibəsindən sonra faşistlərə qarşı Nürnberq məhkəməsi prosesi təşkil olunmuşdu. Azərbaycan da beynəlxalq praktikadan  çıxış edərək öz qanuni addımlarını atır. 

AŞPA ikili standartlar siyasətinə son qoymalıdır. Belə görünür ki, onların bu yanlış siyasətə son qoymaq niyyətləri yoxdur. AŞPA-nın bu siyasəti həm də Azərbaycanla Ermənistan arasında sülh prosesinə zərbə vurmaq xarakteri daşıyır, erməniləri revanşizmə həvəsləndirir. AŞPA faktiki olaraq sülh yolunu kəsir". 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

29.06.2024 10:20
2493