AŞ PA-da yeni anti-Azərbaycan həmləsi - sənədi hazırlayan Sibel Arslan kimdir?     

Siyasi məhbuslar üzrə yeni məruzəçi təyin edilməsi təklifini irəli sürən Sibel Arslan Ərzincanda anadan olub, İsveçrədə müəyyən müddət qəlyanxana da işlədib

İyirmi dörd AŞ PA deputatı Azərbaycanda siyasi məhbuslar üzrə yeni məruzəçi təyin edilməsi təklifini irəli sürüb. İsveçrəli deputat Sibel Arslanın təşəbbüsü ilə hazırlanmış müvafiq vəsatəti Avstriya, Böyük Britaniya, Kipr, Almaniya, Portuqaliya, İspaniya, Belçika, Rumıniya, İrlandiya, Türkiyə, İtaliya, Yunanıstan, Moldova və İslandiyadan daha 23 deputat dəstəkləyib. Bu barədə “Turan”a Avropa Şurasında tərəfdaş statusuna malik olan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynov bildirib.

“Azərbaycanda siyasi motivli təqiblərin araşdırılması zərurəti” adlı sənəddə “2023-cü ildə azərbaycanlı jurnalistlərə, həmkarlar ittifaqı fəallarına, ekoloji fəallara, müxalifətçilərə və vicdan məhbuslarına qarşı repressiyaların güclənməsi ilə bağlı narahatçılıq” ifadə olunur. “Ötən 12 ayda Azərbaycanda 99 nəfər olan siyasi məhbusların sayı iki dəfə artaraq, 200 nəfəri keçib. Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı repressiyalar hər zaman olduğundan daha aydın görünür və bu, tənqidi səslərin qorxudulmasının və susdurulmasının əsas aləti olaraq qalır”, - deyə sənəddə bildirilir.

“Yeni Müsavat” xəbər verir ki, 1980-cı ildə Ərzincanda  anadan olan Sibel Arslan milliyyətcə zazdır, 1991-ci ildə İsveçrəyə köçüb. Arslan müəyyən müddət qardaşı ilə birgə qəlyanxana işlədib.  2002-ci ildə Bazeldə Beumlihof Gimnaziyasını bitirib, sonra Bazel Universitetində hüquq təhsili alıb və 2011-ci ildə oranı bitirib. O, 2004-cü ildə İsveçrə vətəndaşı olub və hazırda ikili (Türkiyə və İsveçrə) vətəndaşlığına malikdir.

2004-cü ildən  BastA İsveçrə Yaşıllar Partiyasının üzvüdür. 2015-2019-cu illərdə İsveçrədə keçirilən parlament seçkilərində deputat  seçilib. Xarici Siyasət komissiyasının və hüquq komissiyasının üzvüdür.

Sual olunur, AŞ PA-da anti-Azərbaycan sənədindən sonra indi də “siyasi məhbus” üzrə məruzəçi məsələsi niyə ortaya atılıb?  Həm də bir Türkiyə vətəndaşı olan qəlyanxana işlətmiş birinin əli ilə...

Azər Badamov: Azərbaycan nümunəvi ölkələr sırasına daxil olub - "İki sahil"

 Azər Badamov

Milli Məclisin deputatı Azər Badamov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O dedi ki, AŞ PA-nın 24 deputatın Azərbaycanda siyasi məhbuslar üzrə yeni məruzəçi təyin edilməsi təklifinin irəli sürülməsi ölkəmizə qarşı hazırlanan yeni təxribat planıdır: “Bu planın xüsusi sifarişçiləri var. Ona görə də  türk əsilli İsveçrədə yaşayan bir qəlyanxanaçını da ortaya atıblar. İstəyirlər ki, Azərbaycana qarşı növbəti çirkin planı türk əsilli birisinin əli ilə icra etsinlər. AŞ PA-nın bütün niyyəti qabaqcadan bəllidir. Təbii ki, müxtəlif cinayətlərdə günahlandırılaraq həbs olunanlara siyasi məhbus adının verilməsi o qədər də çətin məsələ deyil. Çünki AŞ PA-nın ondan əvvəl qəbul etdiyi qərəzli qətnamələrdə də heç bir ədalət və beynəlxalq norma gözlənilməyib. AŞ PA-nın bəzi deputatları elə hesab edirlər ki, onların dedikləri beynəlxalq hüquqdur və hamı onu icra etməlidir. Onlar  bu düşüncələri ilə çox böyük səhv edirlər və beynəlxalq hüquq hamı üçün bərabərdir. Siyasi məhbus mövzusuna müraciət edəndə onlar ilk növbədə öz ölkələrindəki siyasi vəziyyəti təhlil etsinlər və demokratiya adı altında insan hüquqlarını necə boğduqları haqda məsələləri AŞ PA-ya çıxartsınlar. Azərbaycanla bağlı isə Fransanın tapşırığı ilə qəbul olunan sənədlər və dinləniləcək məruzələrin ölkəmizə heç bir aidiyyəti yoxdur. Onlar bu cür çirkin əməllərlə Azərbaycanda təmin olunmuş siyasi sabitliyi poza bilməyəcəklər. Çünki Azərbaycanda yüksək qələbə ruhu var. Xalqımız bu yüksək ruhla işğaldan azad olunmuş əraziləri yenidən qurub bərpa edərək 30 il qaçqınlıq həyatını yaşamış  keçmiş məcburi köçkünləri öz doğma yurdlarına qaytarmaq əzmindədir”.

Deputat onu da əlavə edib ki, AŞ PA-ya Azərbaycanda insan hüquqları və demokratiya maraqlı olsaydı,  uzun illər Ermənistan tərəfindən yaşamaq, mülkiyyət, seçim və digər hüquqlarını pozulmuş və doğma yurd həsrəti ilə ağır həyat yaşayan bir milyon  azərbaycanlının hüquqlarının bərpası ilə bağlı  bir qərar qəbul edərdi: “Burada bir nəticə çıxartmaq olar ki, AŞ PA üçün azərbaycanlılar maraqlı deyil. Onların fəaliyyətlərinin kökündə ancaq Fransanın və erməni lobbisinin sifarişi iləmüxtəlif yollarla Azərbaycan dövlətinə təzyiq göstərməklə  ermənilərə haqq qazandırmaq dayanır. Təbii ki, onların arzuları gözündə qalar”. 

Asif Nərimanlı: Azərbaycan danışıqlar prosesində Fransanın iştirakına imkan  vermir

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlı da mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bu, Azərbaycana qarşı Avropada klassik metodlarla yeni cəbhənin açılmasının tərkib hissəsidir: “Və bəllidir ki, arxasında erməni lobbisi və diasporu dayanır. Eyni zamanda bu dəfə proseslərin konkret Parisdən idarə olunduğu sirr deyil. Qarabağda erməni separatizminin ləğvindən sonra Cənubi Qafqazda yeni situasiya yarandı, çünki indiyə qədər Qarabağ kartından Qərb ölkələri də regiondakı proseslərə müdaxilə üçün istifadə edirdi. Fransanın Laçın sərhəd-keçid məntəqəsinin açılması ilə bağlı çıxardığı oyun bunun əyani nümunəsidir. İndi bu kartdan məhrum olublar və yeni situasiyada iki məsələ aktualdır. Birincisi, sülh sazişinin imzalanmasına "regionun problemləri regionda həll edilməlidir" prinsipi üzrə yanaşma var. İkincisi, imzalanacaq sülh sazişində kommunikasiyanın açılması əsas amildir və bu məsələ Türkiyə, Azərbaycan və Rusiyanın proqramına uyğun həllini tapmalıdır, yaxud ən azından qarşılıqlı güzəştlər əsasında. Hər iki amil sülh sazişi üzərindən bölgəyə müdaxilə etməyə çalışan başda Fransa olmaqla, Qərb ölkələrinin planlarına uyğun deyil. Ona görə Ermənistan üzərindən bölgədə mövcudluqlarını davam etdirməyə çalışırlar və Azərbaycana müxtəlif yollarla təzyiq edərək, Bakını sülh danışıqlarını erməni maraqlarının müdafiə olunduğu Qərb masasında aparmağa sövq etməyə cəhd göstərirlər. Avropa Parlamentində, AŞ PA-da və digər strukturlarda qəbul edilən qərarlar bununla bağlıdır. İndi də klassik “siyasi məhbus” oyununu ortaya atıblar. Təbii ki, erməni lobbisi/diasporu yaranmış bu situasiyadan Azərbaycana qarşı maksimum təzyiqin edilməsinə nail olmaq istəyir, hətta mümkün olarsa, sanksiya məsələsini belə gündəmə gətirəcəklər".

Qeyd edək ki, AŞ PA Azərbaycanın Qarabağda hərbi əməliyyatlarını pisləyən “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qərəzli qətnamə də qəbul edib.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

25.10.2023 15:22
1442