Arzuman Abdulkərimov: “Nə qədər ki, sülh sazişi imzalanmayıb...” - MÜSAHİBƏ

“Paşinyan Ermənistanda hakimiyyətdə olmuş şəxslərin içərisində ən hiyləgəridir”

“Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədir, siyasi ekspert Arzuman Abdulkərimov günün bir sıra aktual mövzuları ilə bağlı Musavat.com-un  suallarını cavablandırıb.

-Arzuman bəy, Qazaxın 4 kəndinin azad edilməsi və ərazidə sərhədin müəyyənləşdirilməsindən sonra Azərbaycanla Ermənistan arasında sülh sazişinin yaxın zamanlarda imzalanmasının mümkün olacağı ehtimalının yüksək olduğu iddiaları var. Sizin bu məsələdə proqnozunuz necədir? Bu il sülh sazişi imzalana bilər?

-İlk növbədə qeyd edim ki, Qazaxın 4 kəndinin azad edilməsi Azərbaycanın növbəti böyük uğurudur. Bir güllə atılmadan, qan tökülmədən bu proses uğurla başa çatdırıldı. Bu, Azərbaycan dövlətinin, Azərbaycan ordusunun gücü, eyni zamanda Ali Baş Baş Komandanın apardığı uğurlsu siyasətin nəticəsidir. Həmin ərazidə 7 kilometr sərhəd müəyyənləşdi və bunu Azərbaycanla Ermənistan arasında yaranmaqda olan etimad mühiti kimi də qiymətləndirmək olar. O ki, qaldı bu uğurlu prosesin bu il ərzində Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına gətirib çıxaracağı ehtimalına, hesab edirəm ki, ən azından çərçivə sazişi imzalanacaq. Hər iki tərəf sülhə yaxın olduğumuzu bəyan edir. Düşünürəm ki, sülh sazişi üçün məsələlərin çoxu razılaşdırılıb. Yalnız bir neçə nüansla bağlı razılaşma hələ əldə olunmayıb. Təəssüf ki, Ermənistan tərəfi bu məsələni yenə də uzadır. Ermənistanda hal-hazırda cərəyan edən qarşıdurma vəziyyətinin, keşiş Baqratın rəhbərlik etdiyi qondarma hərəkatın da sülh prosesini dinamikasına mənfi təsirini görürük. Amma hesab edirəm ki, Nikol Paşinyan iqtidarı özündə iradə tapmalı və sülh sazişi imzalanmalıdır. Nə qədər ki, sülh sazişi imzalanmayıb Baqrat kimi saxta din xadimləri, revanşistlər, daxildəki və xaricdəki anti-Paşinyan qüvvələri Nikol Paşinyana rahatlıq verməyəcəklər. Çünki onlar sülhün deyil, müharibənin tərəfdarıdırlar. Ona görə də Nikol Paşinyan qısa müddətdə sülh sazişini imzalasa bu, ona qarşı olanların ümidi bir qədər qırılacaq və bir-iki gün hay-küy saldıqdan sonra sakitləşib Paşinyandan belə demək mümkündürsə əl çəkəcəklər. Sülh sazişi imzalandıqdan sonra biz delmitasiya və demarkasiya prosesini daha asan davam etdirə bilərik. Çünki bu proses uzun zaman tələb edən prosesdir. Oturub gözləsək ki, nə zaman delimitasiya və demarkasiya tam sona çatacaq onda sülh imzalayarıq, onda gərək sülh sazişi illərlə imzalanmaya. Bu variant isə hər an gərginliklər, qarşıdırma və hətta müharibə riskinin qalması variantı deməkdir. Odur ki, qətiyyən gözləməməliyik.   

-Ermənistanda kilsənin Nikol Paşinyanı devirmək üçün keşiş Baqrat Qalstanyanın liderliyi ilə başlatdığı hərəkatın sülh sazişi prosesini pozması mümkünmü? Azərbaycan Nikol Paşinyanın onu devirmək istəyənlərin qarşısında əlinin güclənməsi üçün hansı addımları ata bilər?

-Bayaq dediyim kimi, Ermənistanda sülh sazişinin imzalanmasının, ümumuyyətlə Azərbycanla Ermənistan arasında normallaşmanın əleyhinə olan bir proses başladılıb. Bu hərəkatın arxasında Xocalı qatilləri Robert Köçəryan, Serj Sərkisyan, Seyran Ohanyan üçlüyü və onların ətarfındakı quldur dəstə dayanır. Onlar Kilsəni siyasi meydana cəlb etməklə öz oyunlarını həyata keçirmək, qisas almaq üçün fürsət əldə eləmək istəyirlər. Bu qatillər dəstəsi Qazaxın 4 kəndinin qaytarılmasının da qarşısını almaq üçün çox oyunlar qurdular. Lakin istədiklərinə nail ola bilmədilər. İndi isə keşiş Baqrat kartını paytaxta daşıyıblar və əslində bu oyunu Köçaryan-Sərkisyan cütlüyü özlərinin sonuncu şansı kimi qəbul edirlər. Sülh sazişinin imzalanması isə həmin ermənilərin siyasi meyitlərinin tabutlarına vurulmuş mıx rolunu da oynayacaq. Onlar da bunu dəqiq bildikləri üçün nəyin bahasına olur-olsun sülh müqaviləsinin imzalanmasının, Ermənistan-Azərbaycan münasibətlərinin yaxşılaşmasının qarşısını almağa çalışırlar.

O ki, qaldı hərəkat adlanan bu başıpozuq dəstənin təzyiqlərinin qarşısında Nikol Paşinyanın əlinin güclənməsi üçün Azərbaycanın nələr edə biləcəyi məsələsinə, düşünürəm ki, ilk növbədə bayaq dediyim kimi Paşinyan təcili sülh müqaviləsini imzalamalıdır, Azərbaycan sülh müqaviləsini imzalamağa hazırdır. Bunun özü Paşinyanın faydasına olar. İkincisi, Azərbaycan üçün Ermənistan iqtidarının başında kimin dayanması önəmli deyil. Azərbaycan güclü dövlətdir, Azərbaycan Prezidenti bu yaxınlarda bir daha bəyan etdi ki, əgər Ermənistanda revanşistlər hakimiyyətə gələrsə artıq biz onların bir daha Azərbaycana qarşı işğalçılığa başlamasını gözləməyəcəyik, sərhədləri Azərbaycan ordusu müəyyənləşdirəcək. Ona görə də Ermənistan xalqı düşünməlidir, düşünməlidir ki, revanşistlərin arxasınca getmək Ermənistana nələri yaşada bilər. Eyni zamanda  Nikol Paşinyan öz aqibəti barədə daha çox özü düşünməlidir, nəinki Azərbaycan tərəfi. Paşinyan xalqını inandıraraq sülh müqaviləsini imzalamağa nail olmalıdır. Bizim onun əlini başqa cür gücəndirmək kimi istəyimiz yoxdur. Şəxsən mən düşünürəm ki, Paşinyan da digər hiyləgər ermənilərdən biridir. Sanki o da əslində sülh prosesinin ləngidilməsində maraqlıdır. Əgər belə deyilsə, Azərbaycanın bəlli şərtlərini yerinə yetirsin və payız sülh müqaviləsini imzalasın.   

-Rusiyadan son bir həftə ərzində Azərbaycanın xeyirinə olmayan açıqlamalar verilməkdədir. Maraqlıdır ki, eyni vaxtda Rusiya Prezidenti və baş naziri Nikol Paşinyanı ad günü münasibətilə zəng edib təbrik ediblər. Rusiyanın bu davranışlarının açması nədir?

-Mən həmişə qed etmişəm ki, burada nə Rusiya, nə Qərb, nə İran heç zaman Azərbaycan dövlətinin maraqlarından çıxış etməyəcək. Biz onların heç birindən səmimiyyət gözləməməliyik. Rusiya tərəfi hiss edir ki, sülhə yaxınlaşırıq və prosesdə Qərbin iştirakı var, dərhal hərəkətə keçir və prosesə mane olmaq istəyir. Yaxud əksinə, Qərb görəndə ki, sülh prosesi irəliləyir və Rusiya aktiv rol oynayır o zaman Qərb prosesi durdurmaq üçün əlindən gələni edir. Çünki imperialist güclərə maraqlıdır ki, regionda hansısa münaqişə ocaqları daim olsun. Ona görə də nə Rusiyanın, nə də Qərbin Azərbaycan-Ermənistan sülh müqaviləsinin meydana gəlməsində istəyi yoxdur. Son günlər Rusiyadan Paşinyana qarşı yumşalma hiss edilir. Hesab edirəm ki, Paşinyanın sonuncu dəfə Putinlə görüşündə ola bilsin erməni baş nazir hansısa öhdəliklər götürüb, vədlər verib. Onun Qərbə qarşı son zamanlar müəyyən soyuq əhval-ruhiyyədə olduğu da müşahidə edilir. Paşinyan Ermənistanda hakimiyyətdə olmuş şəxslərin içərisində ən hiyləgəridir. O, bütün qütblərlə oynayır və hər kəsi aldadır. Eyni zamanda o, qeyri-sabit siyasətçidir.   

-Ukrayna müharibəsi cəbhəsində isə vəziyyət daha da drammatik hal alıb. Belə ki, Qərb, xüsusən də ABŞ NATO silahlarında Rusiyaya zərbə endirilməsinə razılaşıb. Bu isə Ukraynanın Rusiyaya son bir həftədə ağır zərbərlər endirməsi ilə nəticələnir. Gedişat NATO-Rusiya müharibəsinə çevrilə bilərmi? Rusiyanın atom silahına əl atması mümkünmü?

-Rusiya-Ukrayna müharibəsi başlayan günlərdən görünürdü ki, bu, sonda Rusiya-NATO müharibəsinə gətirəcək. Bu vəziyyətin qızışdırılmasında NATO-nun rolu az deyil. Onlar hesab edirdilər ki, Rusiyanı bir slavyan ölkəsi ilə müharibəyə cəlb etməklə zəiflədə və daxildən parçalanmalarla üz-üzə qoyacaqlar. Amma iki ildən artıq davam edən müharibə bu planları gerçəkləşdirmədi. Nəticədə Ukrayna viranə qoyuldu, parçalandı, Ukrayan dövlətinin mövcudluğu az qala sual altına düşdü.

Qərb Ukraynanı öz maraqlarına gözə xərclədi. Bu müharibədə Rusiya nəinki istəyinə nail olub, nəinki Qərb. İndi isə görürlər ki, qurduqları plan baş tutmadı, müharibəni Rusiya-NATO müharibəsinə çevirmək istəyirlər. Macarıstan baş naziri də elan edib ki, NATO Rusiyaya müharibə elan etmək istəyir. Qərb öz əsil niyyətini göstərir, Qərb dövlətlərinin bəziləri artıq NATO silahlarından Rusiyaya qarşı istifadə edilməsi ilə bağlı razılığa gəliblər. Eyni zamanda bir nasn da var ki, Qərb və Rusiya xüsusi xidmət orqanları arasında gizli danışıqlar aparılıdığı barədə informasiyalar yayılır.

-İyunun 7-də Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçiriləcək. Gözlənilir ki, iclasda parlament özünü buraxdığını elan edəcək və növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentinə müraciət ünvanlanacaq. Seçkinin isə sentyabrın ilk həftəsində keçiriləcəyi ehtimal edilir. Növbədənkənar seçkilərdə iştirak edəcəksinizmi?

-Konstitusiyaya görə bu il parlament seçkiləri keçirilməlidir. Amma noyabr ayında COP29 kimi böyük tədbir keçiriləcək. Ona görə də növbədənkənar seçkilərə getmək zərurəti meydana gəlir. Növbədənkənar parlament seçkiləri olacaq. O ki, qaldı şəxsən mənim seçkidə namizəd kimi iştirak edib-etməyəcəyimə, bu barədə seçki ilə bağlı rəsmi qərar elan ediləndən sonra bu suala daha dəqiq cavab verə biləcəyəm.

-Siz Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın üzvüsüz. Son zamanlar DİN hər gün vətəndaşlara kibercinayətkarlığın qurbanına çevrilməmələri üçün çağırışlar edir. Kibercinayatkarların tələsinə düşən insanlardan sizlərə də müraciətlər olurmu? Kibercinayətkarlığın son zamanlar bu qədər geniş yayılması nədən qaynaqlanır?

-Son günlər DİN-in açıqlamalarında, həm də sosial şəbəklərdə, saytlarda biz Azərbaycanda kibercinayətkarlığın çoxaldığı barədə faktlara əsaslanan fikrilərin şahidi oluruq. DİN bu məsələdə çox ciddi maarifləndirici işlər aparır. Baş vermiş cinayət hallarının üstünün açılması və cinayətkarların yaxalanması üçün ciddi tədbirlər həyata keçirilir. İctimai Şuraya daxil olan müraciətlər barədə də təbii ki, Nazirliyə məlumatlat verilir. Təəssüflər olsun ki, nə qədər maarifləndirici tədbirlər həyata keçirilsə də vətəndaşlarımız yenə də dələduzların toruna düşə bilirlər. Nazirliyin yaydığı açıqlamalar və çağırışları vətəndaşlarımız diqqətlə izləsinlər. Hər kəs diqqətli olsun.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

04.06.2024 16:17
1524