Quba rayonunda 1968-ci il təvəllüdlü Kənan ailəvi tanışı, 1963-cü il təvəllüdlü Elçini (adlar şərti verilib – red.) qətlə yetirib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, qətl hadisəsi 3 iyun 2022-ci ildə Quba rayonunun kəndlərindən birinin ərazisində baş verib.
Kənan həmin gün saat 18 radələrində kənddə yerləşən mağazada 1 bokal spirtli içki olan pivə və 250 qram araq qəbul edib.
Daha sonra o, saat 21 radələrində sərxoş vəziyyətdə yaşadığı evə gəlib. O, şam yeməyi hazırlamadıqlarına görə qızı və arvadı ilə mübahisə edib. Onları nalayiq ifadələrlə təhqir edib.
Həmin vaxt müdaxilə edərək onu sakitləşdirməyə çalışa ailəvi tanışı Elçini də təhqir edib. Kənan Elçini yumruq və təpiklə vurub.
Həmçinin Kənan son zamanlar arvadı ilə Elçinin intim münasibətlərində olmasından şübhələndiyinə görə ondan qisas almaq niyyəti ilə öldürmək qərarına gəlib.
Bu niyyətini həyata keçirmək üçün mətbəxə keçərək oradan bıçaq götürüb və bayıra çıxaraq həyətin giriş qapısından çöldə küçədə olan Elçinin üzərinə hücum edib. O, Elçinə ümumilikdə 4 bıçaq zərbəsi vurub. Baş və boyun nahiyələrindən bıçaq xəsarətləri alan Elçin kəskin qanitirmədən ölüb.
Hadisəni törədən Kənanın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kənan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, iyunun 3-də, axşam saatlarında işdən evə gəlib və spirtli içki qəbul edib: “Zərərçəkmiş Elçin də spirtli içki qəbul etdi. Elçinə icarə əsasında 2 hektar torpaq sahəsi vermişəm. Həmin torpaq sahəsində əkin-biçin işləri aparıb. Yaşadığım evdə də onun üçün bir otaq ayırmışam və bəzən gecələr də həmin otaqda qalıb”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü evə çatanda zərərçəkmiş Elçin onlarda olub: “Elçin bir ayağını digər ayağının üzərinə qoyaraq oturmuşdu və köynəyinin də sinə düyməsi açıq idi. Elçinə bu barədə irad bildirdim. Daha sonra Elçin mənə söyüş söydü. Aramızda mübahisə yarandı. Söyüş söydükdən sonra mətbəxdən bıçaq götürdüm. Elçinə biri boyun nahiyəsindən, biri ürəyindən, digəri də qabırğasından olmaqla 3 bıçaq zərbəsi vurdum. Elçini 20 ildən çox olardı ki, tanıyırdım. Qısqanclıq səbəbi ilə öldürməmişəm. Sadəcə ikimiz də spirtli içki qəbul etmişik, aramızda mübahisə yarandı. Zərərçəkmiş söyüş söydüyü üçün aramızda əlbəyaxa mübahisə baş verdi. İlk olaraq zərərçəkmiş şəxsə çiyin nahiyəsindən yumruq zərbəsi, sonra daşla vurdum. Yerə yıxılarkən onu təpiklədim. Bütün bunlar baş verdikdən sonra mətbəxə keçərək, oradan bıçaq götürdüm. Ona bıçaq zərbələri endirdim. Hadisə baş verdiyi gün Elçinlə aramızda torpaq sahəsinin icarə haqqı barəsində mübahisə də yaşanmışdı”.
İş üzrə zərərçəkmiş Elçinin hüquqi varisi, oğlu Vəlinin sözlərinə görə, atası icarə əsasında torpaq sahəsi götürüb və həmin torpaq sahəsində əkin-biçin işləri ilə məşğul olub: “Həftədə təxminən 1-2 dəfə evə gəlmirdi. Atamın işlərinə çox qarışmırdıq. Bildiyimə görə həmin günlər təqsirləndirilən Kənanın evində qalırdı. Bir gün mənə zəng edərək, atamın infarkt keçirdiyini bildirdilər. Lakin sonradan öyrəndim ki, belə bir hadisə olmayıb. Atam ilə Kənan arasında mübahisə yaranıb, Kənan da atama bıçaq zərbəsi vurub. Bildiyimə görə, mübahisə atamın Kənanla onun oğluna pul vermək istəməsi, oğlunun orada olmaması səbəbindən həmin pulu ona verməyi tələb etməsindən sonra yaranıb”.
Hüquqi varis qeyd edib ki, daha sonra təqsirləndirilən Kənan onun atasına “yaxanı bağla” deyə bildirib: “Atam da həmişəki qaydada oturduqlarını bildirib. Onlar əlbəyaxa olublar və təqsirləndirilən şəxsin ailə üzvləri onları ayırıblar. Daha sonra təqsirləndirilən şəxs bıçaq götürərək atama arxadan zərbə vurub. Hadisənin birbaşa şahidi olmasam da, təfərrüatlarını təqsirləndirilən şəxsin həyat yoldaşı və qızından hazırda qeyd etdiyim kimi eşitmişəm. Təqsirləndirilən şəxslə aramızda barışıq yoxdur”.
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Kənan 12 il müddətinə azadlıqdan məhrum edilib.