Arvad evə əxlaqsız qadınlar gətirən kikboksçu ərini öldürdü - VİDEO

Kikboksinq üzrə məşqçi olmuş Nurani Qalabəylinin qətlində təqsirləndirilən həyat yoldaşı Əfsanə Qalabəylinin cinayət işi üzrə əlavə ekspertiza rəyi açıqlanıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirlən Əfsanə Qalabəylinin psixoloji vəziyyəti ilə bağlı keçirilən təkrar ekspertiza rəyinin nəticəsi açıqlanıb.

Ekspertiza rəyində Əfsanə Qalabəylinin hadisəni törədərkən anlaqsız vəziyyətdə olduğu qeyd edilib.

Xatırladaq ki, ilkin ekspertiza Ə.Qalabəylinin hadisəni anlaqsız vəziyyətdə törətməsi barədə rəy verib. Dövlət ittihamçısı ekspertiza rəyi ilə razılaşmayıb və əlavə tibbi ekspertiza keçirilməsini istəmişdi.

Qeyd edək ki, hadisə 2022-ci ilin sentyabrında paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

1987-ci il təvəllüdlü Ə.Qalabəyli şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı həyat yoldaşı, 1974-cü il təvəllüdlü N.Qalabəylini yaşadığı mənzildə bıçaqla qətlə yetirməkdə şübhəli bilinir.

Ə.Qalabəyliyə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub. N.Qalabəyli “Sərhədçi” idman kompleksində kikboksinq üzrə məşqçi işləyib.

Xatırladaq ki, Əfsanə Qalabəyli ifadəsində həyat yoldaşının ona zülm etdiyini bildirmişdi:

“Məni döyüb-söyməyi bir yana, evə pozğun qadınlar gətirirdi. Bəzən evə gəlməmişdən əvvəl mənə deyirdi ki, hazırlıq gör, qonağım olacaq. Adam gətirib, uşaqları, məni bir otağa salıb, ağzımızı bağlayırdı. Etiraz edəndə isə döyürdü. Birgə nikahdan üçü oğlan, biri qız olmaqla dörd övladımız var. Hadisə günü də evə adam gətirmişdi. Dedim, bəsdir, ayıbdır. Dedi, “yaxşı edirəm”. Dözə bilməyib öldürdüm”.

15.05.2024 03:38
2376