Arutyunyanın seçkilərdə iştirak üçün müraciəti ilə bağlı polkovnikdən ŞOK AÇIQLAMA

Musavat.com mötəbər qaynaqlara istinadən xəbər verir ki, Qarabağdakı keçmiş separatçı xunta rejiminin başçısı, hazırda Bakıda həbsxanada olan Araik Arutyunyan 7 fevral prezident seçkilərində iştirak etmək üçün müvafiq qurumlara yazılı müraciət edib.

Mötəbər qaynağımız bildirir ki, Araik Arutyunyanın digər arzuları kimi, 7 fevral seçkisində iştirak etmə arzusu da gözündə qalacaq. Çünki onun seçkidə iştirakı üçün Azərbaycan vətəndaşlığı olmalıdır. İndiki halda bu fakt yoxdur - ortalıqda ancaq Araikin arzusu var.

Müvafiq qurumlar Araikə hansı cavabı verə bilər?

uzeyir.jpg (309 KB)

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Musavat.com-a açıqlamasında bildirib ki, birmənalı olaraq Araik Arutyunyana yox cavabı verilməlidir:

“Mən inanıram ki, ona yox cavabı veriləcək. Araik kimdir ki? Hələ Azərbaycan vətəndaşı sənədini almayıb. Seçkilərə 4 gün qalıb. Mən inanmıram ki, Azərbaycan ona o şəraiti yaratsın, bu məsələni müsbət həll etsin. Sadəcə olaraq Araik erməni hiyləgərliyi ilə məsuliyyətdən yayınmaq üçün bütün yollara baş vurur ki, təki canı qurtarsın. Ona nə desələr, sabah onu edəcək. Mən heç vaxt Araikə inanmamışam, indi də inanmıram. Ona görə də onunla humanist davranmaq lazım deyil. Təəssüflər olsun ki, bəzi hallarda bizim humanistliyimiz sonra özümüz üçün baş ağrısına çevrilir. Təkrar edirəm, mən heç bir halda Araikə güzəştə gedilməsinin tərəfdarı deyiləm. Araik Gəncənin bombalanmasına göstəriş verən cinayətkardır. Həbsxanaya düşəndən sonra onun ağlı başına gəldi? Düşünmürəm ki, Araikin arzusu nəzərə alınsın. O, ən ağır cəzanı almalıdır və burada hər hansı bir yumşalmadan söhbət gedə bilməz. Gəlin, gözümüzün qabağına Gəncədə dünyasını dəyişən günahsız körpələri, anaları gətirək. Ona görə də hesab edirəm ki, Araikin cəzası ən ağır formada verilməlidir”.

Aytən Novruz
Musavat.com

03.02.2024 17:52
2373