Arıqlamağın yeni dəbi: Kimlər mədə kiçiltmə əməliyyatı oluna bilərlər? –HƏKİM MƏSLƏHƏTİ

Artıq çəkidən qurtulmağın yollarından biri mədə kiçiltmə əməliyyatıdır. Dünyada geniş yayılan bu üsul son illər Azərbaycanda da tətbiq olunur. Lakin təəssüf ki, bəzi hallarda bu əməliyyatı keçirən vətəndaşlar arasında dünyasını dəyişənlər olur. Bir neçə gün bundan öncə Azərbaycan Dövlət Televiziyasının 24 yaşlı əməkdaşının mədə kiçiltmə əməliyyatından cəmi iki gün sonra dünyasını dəyişməsi buna əyani misaldır. Artıq çəkidən azad olmaq üçün məhz cərrahi əməliyyata üstünlük vermək, ölümü gözə almaq nə dərəcədə doğru seçimdir? Kimlər mədə kiçiltmə əməliyyatı oluna bilər, kimlər isə yox? Bu əməliyyatın zərərli və üstün tərəfləri hansılardır?

Qastroenteroloq-hepatoloq, invaziv endoskopist Aqil Ağakişiyev Medianews.az-a danışaraq bütün bu suallara aydınlıq gətirib.

Həkim qeyd edib ki, mədə kiçiltmə əməliyyatı əsasən qara ciyər yağlanmasından, ümumi metabolitik dəyişiklikdən yaranan ciddi çəki artımından əziyyət çəkən pasiyentlərdə icra olunur: “Bu əməliyyat əsasən bədən çəkisi indeksi 35-in üzərində olan pasiyentlərdə icra olunur. Metabolitik sindrom da qara ciyər yağlanması, diabet və ya diabetə meyllilik, xolesterol, irəlidə infarkt və insulta gətirib çıxara biləcək ciddi xəstəlikdir. Bundan qurtulmağın bir çox yolları var. İlkin olaraq, pasiyentlərdə pəhriz və aktiv hərəkət hər zaman önəmlidir. Bu, cərrahi əməliyyata qədər olan qabaqlayıcı tədbirdir. Amma qara ciyər yağlanması, metabolitik sindromu artıq baş veribsə, bəzən aktiv hərəkət və pəhrizlə bunun qarşısını almaq mümkün olmur. Dərman müalicələrdən istifadə olunur. Artıq çəkini azaltmaq, diabetik yoxlamadan keçmək, xolesterol və ürək problemlərini nəzarətdə saxlamaq üçün dərman tibbi müayinə və müalicələrdən istifadə olunur. Lakin ciddi xəstəliklər müşahidə olunduqda, bu xəstələrdə artıq metabolitik sindrom tamamilə oturuşmuş olur və fəsadlar başlayır. Bundan qurtulmağın yolu bariatrik əməliyyat adlandırılan mədə kiçildilməsi, mədənin bir hissəsinin çıxarılmasıdır”.

Həkim bildirib ki, mədə kiçiltmə əməliyyatının müsbət və mənfi tərəfləri mövcuddur: “Böyük bir əməliyyat olduğu üçün ağırlaşmalar da vardır. Belə pasiyentlərdə əsasən qaraciyər sirrozu və ya ciddi ürək problemləri oturuşmuş olur. Belə pasiyentlərdə bariatrik cərrahiyə sonradan ağırlaşmalara, hətta ölümə səbəb ola bilir. Bir çox pasiyentlərdə vitaminlərin, mineral maddələrin, zülalın defisiti də müşahidə olunur. Bu da ölümlərə və ya pasiyentin uzunmüddətli müalicələr almasına gətirib çıxarır. Mədə kiçiltmə əməliyyatının müsbət tərəfi isə odur ki, xəstələr diabetdən və ya ona meyllilikdən, qaraciyərin yağlanmasından qurtulmuş olur. Bildiyimiz kimi, qaraciyər yağlanması qaraciyər sirrozuna səbəb olan faktordur. Bununla yanaşı, pasiyent mədə kiçiltmə əməliyyatı ilə infarkt və insulta gedişatdan qurtulmuş olur. Mədə kiçiltmə əməliyyatının bu kimi müsbət tərəfləri vardır, faydası da çox yüksəkdir”.

Qastroenteroloq-hepatoloq, invaziv endoskopist A.Ağakişiyev deyib ki, əməliyyata almadan öncə xəstəni düzgün diaqnoz etmək, müayinələrdən keçirmək, yalnız bütün tibbi göstəriciləri ilə tanış olduqdan sonra əməliyyat üçün seçmək önəmlidir: “Məsələn xəstədə artıq sirroz, qaraciyər yağlanması varsa, keçirilən əməliyyat gələcəkdə müəyyən fəsadlar ortaya çıxara bilər. Bəzən əməliyyatdan 6 ay, 1-2 il vaxt keçdikdən sonra xəstələrin mədəsinin çıxarılmış hissəsində sorulan vitaminlərin, mineral maddələrin defisiti yaranır. Bu defisitə bağlı olaraq, nevroloji, həmçinin dəmir, B12 çatışmazlığı və sair kimi problemlər yaranır. Bütün bunlar da öz növbəsində müəyyən fəsadlara səbəb olur”.

Həkim bildirib ki, mədə kiçiltmə əməliyyatına alternativ yol ilk olaraq pəhriz və düzgün qida rejiminin gözlənilməsidir: “Bununla yanaşı, artıq çəkidən qurtulmaq üçün tibbi müalicələrin aparılması da məqəsəduyğundur. Əgər şəxs bütün bu prosesləri tam icra edə bilmirsə, yaxud edirsə, lakin heç bir fayda görə bilmirsə, o zaman əməliyyat olunması daha yaxşı olardı. Qaraciyər sirrozu xəstəliyindən əziyyət çəkənlər, ciddi metabolitik vəziyyəti, ürək problemləri olan, qan laxtalanması zəif şəxslər üçün mədə kiçiltmə əməliyyatı etdirmək tövsiyə olunmur”.

11.12.2023 17:36
594