Argentinada vergi xidməti ləğv edilib

Argentina hökuməti vergi xidmətinin ləğvini elan edib. Xidmətin səlahiyyətləri “sadə” struktura malik yeni quruma veriləcək.

Musavat.com xəbər verir ki, bu barədə “Buenos Aires Times” məlumat yayıb.
Nəşrin yazdığına görə, Argentina hökuməti vergi bürosunu, Federal Dövlət Gəlirləri İdarəsini ləğv etdiyini və onu "sadələşdirilmiş" Gəlir və Gömrük Nəzarəti Agentliyi ilə əvəz etdiyini açıqlayıb.

Prezident Xavyer Mileyin administrasiyası izah edib ki, vergi xidmətinin ləğvi argentinalıların iqtisadi və ticarət azadlığına müdaxilə edən lazımsız bürokratiyanı aradan qaldırmaq üçün lazımdır".

“Hər argentinalıya məxsus olan yalnız ona məxsusdur, başqa heç kimə aid deyil”, -Argentina prezidentinin sözçüsü Manuel Adorni mətbuat konfransında deyib və əlavə edib ki, heç bir hökumət bürokratına argentinalıya öz əmlakı ilə nə edəcəyini söyləmək hüququ verilməməlidir.

Ləğv olunmuş strukturun 3000-dən çox əməkdaşı əvvəlki hökumət tərəfindən “qeyri-qanuni işə götürüldüyü” üçün işdən çıxarılacaq. Bu, ildə 6,4 milyard pesoya (təxminən 6,5 milyon dollar) qənaət edəcək.

“Yeni agentlik daha sadə, daha səmərəli, daha az xərc tələb edən və daha az bürokratik strukturla fəaliyyət göstərəcək”, - deyə prezidentin ofisindən bildirilib.

Xavyer Miley 2023-cü ilin dekabrında Argentina prezidenti vəzifəsinə başlayıb. Seçki kampaniyası zamanı libertar siyasətçi başqa şeylərlə yanaşı, Mərkəzi Bankı bağlayacağına və pesodan imtina edəcəyinə söz verib.

Musavat.com

23.10.2024 13:31
1033