Vəkillər Kollegiyasının 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Musavat.com xəbər verir ki, Sümbülə Əliyeva uzun illər rəhbərlik etdiyi hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığorta haqlarını və pensiya fonduna ödənməli olan məbləği dövlət büdcəsinə köçürməyib mənimsəməkdə ittiham olunur.
Ümumilikdə o, vergidən yayınma ilə bağlı 71 min manat, digər faktla bağlı isə 201 min manat mənimsəmədə ittiham olunur.
Sümbülə Əliyevaya qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) və 213 (vergiləri, məcburi dövlət sığorta haqlarını ödəməkdən yayınma) maddələri ilə ittiham irəli sürülüb. Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hazırda şahidlərin dindirilməsi mərhələsidir. İttiham tərəfi vaxtilə Sümbülə Əliyevanın rəhbəri olduğu 1 saylı Vəkillər Kollegiyası üzvlərini iş üzrə şahid qismində tanıyıb. Vəkil həmkarları məhkəmədə ittihamla bağlı bildiklərini deməlidirlər. İttiham təsdiqlənəcəyi halda Sümbülə Əliyavanı ağır cəza gözləyir.
Ötən prosesdə Sümbülə Əliyevanın sədri olduğu büronun mühasibi Pərvanə Əliyeva şahid qismində ifadə verib.
Şahid onu işə Sümbülə Əliyevanın götürdüyünü deyib:
“15 il məktəbdə laborant kimi işləmişəm. Daha sonra atam Sümbülə xanımdan məni işə götürməsini xahiş etdi. İşdə nə öyrədirdilərsə, onu da edirdim. Mənə verilən pullar kassaya yığılırdı. Sonra da müqavilə jurnalına köçürürdük. Mən hər dəfə məxaric kağızlarını Sümbülə xanımdan istəyirdim. Hər dəfə isə mənə bu kağızı vermirdi”.
Sümbülə Əliyeva şahidə suallar vermək istəsə də, hakim buna imkan verməyib. Hakimin müdaxiləsi Sümbülə Əliyevanın sərt etirazına səbəb olub. O, “birdəfəlik ölüm hökmü çıxarın, qurtarsın getsin”, - deyə hakim Mahmud Ağalarovdan qərar verməsini tələb edib.
Növbəti şahid Taliyə Gəncəliyeva olub. Şahid istintaqa verdiyi ifadəsini məhkəmədə təsdiq edib. Növbəti şahid hazırda vəkil işləyən Tofiq Aslanov olub. O, sərbəst ifadəsində bildirib ki, Sümbülə Əliyevadan hər hansı tələb və şikayəti yoxdur.
Qeyd edək ki, 70 yaşlı Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb. Sümbülə Əliyeva uzun illər müxtəlif məmurların, mərhum akademik Cəlal Əliyevin vəkili olub və əsasən mətbuata qarşı məhkəmə iddialarının müdafiəçisi kimi tanınıb.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com