Moskvada qanlı terror aktının törədildiyi “Crocus City Hall”un sahibi olan Araz Ağalarov hazırda dünya mətbuatının gündəmindədir.
Araz Ağalarov 1955-ci il noyabrın 8-də Bakıda anadan olub.
Ali təhsilini də Bakıda – Politexnik İnstitutunda alıb, bir müddət partiya strukturlarında çalışdıqdan sonra Moskvaya – Həmkarlar İttifaqları Təşkilatında işləməyə gedib. Yenidənqurma dövründə “Zəfəran” adlı kiçik kooperativ yaradıb, sonra bu kooperativ Amerika-Rusiya birgə müəssisəsinə çevrilib.
1990-cı ildə Rusiyada kompüter texnologiyaları üzrə ilk sərgini təşkil edib. Sərgi “Comtech” adlanırdı. 1995-ci ildə onun sərgiləri Las-Veqasda “Comdex” və Hannoverdə keçirilən “Cebit” sərgilərindən sonra dünyada statusuna görə üçüncülük qazanıb. A.Ağalarov sonralar “Comtech”dəki payını bir ingilis şirkətinə sataraq vəsaiti “Krokus Siti” layihəsinə yatırıb. 1991-ci ildə ilk eksklüziv ayaqqabı mağazası açıb. Daha sonra tikinti biznesi ilə məşğul olmağa başlayıb və 1992-ci ildə Moskvanın mərkəzində indi də ən elitar, bahalı ev olan “Ağalarov evi”nin tikintisini başa çatdırıb. Yenə həmin il Rusiyada 66 min kvadratmetr sahasi olan ilk hipermarketi tikib. Bu hipermarketdə eyni vaxtda 400 min adda mal satılır. 2000-ci ildə Moskva dairəvi yolunun üzərində 75 hektar sahəsi olan “Krokus siti” şəhərciyinin tikintisinə başlayıb. Ticarət, əyləncə, biznes və sərgi meydançalarının vahid kompleksdə birləşdiyi “Krokus siti” son onilliyin ən irimiqyasli və maraqlı layihələrindən sayılır.
Araz Ağalarov iqtisad elmləri doktorudur. “Krokus intenəşnl” Şirkətlər Qrupunun prezidenti, “Krokus-Bank” idarə heyətinin sədri, Rusiya istehsalçilar və idxalçilar ittifaqının prezidenti, Moskva Beynəlxalq Bizness Assosiasiyasının və “Opora Rossii” ictimai təşkilatının vitse-prezidenti, “Biznes i vıstavkı” jurnalının baş redaktorudur.
Bir vaxtlar dünya mediası Ağalarovun keçmiş ABŞ prezidenti Donald Trampla isti münasibətlərindən bol-bol yazırdı. Hətta buna görə A.Ağalarov 2018-ci ildə ABŞ-ın Maliyyə Nazirliyinin sanksiya siyahısına da salınıb.
Ağalarov özü daim təkrar edir ki, D.Trampla əməkdaşlıqları biznes maraqlarından kənara çıxmayıb. Onlar birlikdə Moskvada məşhur Trump Tower binalarından birini tikmək istəyirdilər...
2020-ci ildə indi terror baş verən “Crocus City Hall”da Moskvanın ən böyük hospitalı formalaşdırılmışdı – koronaviruslu xəstələrin müalicəsi üçün...
Bu biznes və əyləncə mərkəzi Ağalarova ildə 300 milyon dollar civarında gəlir gətirirdi. Hazırda A.Ağalarovun sərvəti 1,2 milyard dollar həcmində qiymətləndirilir.
Musavat.com