Ararat Mirzoyan Blinkenlə görüşdə Azərbaycan haqqında nələr deyib?

Noyabrın 29-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüş Skopyedə, ATƏT-in nazirlər konfransı çərçivəsində baş tutub.

Görüşdə Cənubi Qafqazda təhlükəsizlik və sabitliklə bağlı məsələlər müzakirə edilib, həmçinin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində baş verən son hadisələrə toxunulub. A.Mirzoyan ənənəsinə sadiq qalaraq Azərbaycanı ittiham edib, Ermənistanın “məlum prinsiplərə uyğun olaraq Azərbaycana sülh müqaviləsi layihəsi üçün təkliflər təqdim etdiyini” bildirib. Bildirib ki, “Azərbaycan bu prinsiplərə birmənalı riayət edərsə, saziş layihəsinin təsdiqində əhəmiyyətli irəliləyiş əldə etmək mümkün ola bilər”.

Həmsöhbətlər regional proqramlara toxunublar, bu proqramlar kontekstində nazir Mirzoyan Ermənistan hökuməti tərəfindən hazırlanmış “Dünyanın kəsişməsi” layihəsinə toxunub, onun həyata keçirilməsi nəticəsində regionda sabitlik üçün gözlənilən faydaları da vurğulayıb.

Görüş zamanı rəsmilər Ermənistan-Amerika ikitərəfli gündəliyindən bəhs ediblər. İkitərəfli və çoxtərəfli platformalarda mövcud əməkdaşlıq və onun genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Musavat.com

30.11.2023 12:20
1059