Araq bazarına “əl gəzdirilir”

Yeni qaydalar kimlərə “əl verəcək”?

Azərbaycanda alkoqollu içkilərin pərakəndə satışına minimum qiymətin müəyyənləşdirilməsi istiqamətində mühüm addım atılıb. Belə ki, Milli Məclisin oktyabrın 30-da keçirilən iclasında “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna yeni - 29-1-ci maddənin əlavə olunmasını nəzərdə tutan layihə birinci oxunuşda qəbul edilib. Layihəyə əsasən, alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Alkoqollu pərakəndə satışına dair içkilərin minimum qiymətin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunacaq. Pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağan ediləcək.

Layihəni təqdim edən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib ki, bu addım ilkin olaraq araqla bağlı atılacaq və məqsəd vergidənyayınmanı aradan qaldırmaq, bazarı saxta məhsullardan təmizləmək, vətəndaşların keyfiyyətli məhsulla təminatına nail olmaqdır: "Qiymətlə keyfiyyətin əlaqəsi məsələsi üçün bu qanun layihəsi hüquqi əsaslar yaradır. Bundan sonra alkoqollu içkilər üçün minimum qiymətin müəyyən olunması qaydası hazırlanacaq. Bu, bazara müdaxilə deyil. Burada dövlət qiymət müəyyənləşdirmir. Burada bazar prinsiplərinə də müdaxilə olunmur. Hər bir məhsulun qiyməti maya dəyərindən və istehsal xərclərindən formalaşır. Birinci mərhələdə araq nəzərdə tutulur. Minimum qiymətə dövlətə ödənilməli olan aksizlər də daxil ediləcək. Bazarda 1-3 manata araq məhsulları satılır. Halbuki 1 litr araq üçün aksiz vergisi 4,8 manatdır. Bu necə ola bilər ki, 1-3 manata araq satıla bilər?! Burada vergidən yayınma halı var. Bizim milli iqtisadiyyatımızın sütunları var. Neft sənayesi ilə yanaşı bizim qeyri-neft sənayemiz var. Bunlardan biri içki istehsal edən sənaye müəssisələrimizdir. Haqsız rəqabətə, qanunsuz sahibkarlığa görə o müəssisələrdə işçi qüvvəsi ixtisar olunur, işsizlik yaranır. İstənilən halda bazar iqtisadiyyatı haqlı rəqabətin olduğu iqtisadiyyatdır. Bazar iqtisadiyyatında birinci öhdəlik sahibkarların dövlət qarşısında öhdəliklərinin yerinə yetirilməsidir. Bu layihənin həm iqtisadi, həm də sosial hüquqi aspektləri var".

Komitə sədri bildirib ki, bu məsələnin həssaslığı əvvəlcədən nəzərə alınıb: “Burada seqmentlər çox genişdir. Bu layihə Prezidentin tapşırığı əsasında hazırlanıb. Bu tapşırıqda məhsulun pərakəndə satış qiyməti nəzərdə tutulub. Minimum qiymət müəyyən olunarkən bunun qaydaları nəzərə alınacaq. Bunun da meyarları müəyyənləşdiriləcək. Qiymətin formalaşmasının prinsiplərinə görə istehsalçı müəssisənin maya dəyəri, istehsal xərcləri, aksiz vergisi, istehsalçı müəssisənin özünün qoyduğu qiymət (ƏDV-li, ƏDV-siz) nəzərə alınacaq. Topdan satış mərhələsində artıq formalaşmış qiymət də nəzərə alınacaq. Bu qanun qəbul ediləndən sonra minimum qiymətin müəyyən edilməsi qaydası hazırlanacaq. Əsas məsələ keyfiyyətsiz məhsul istehsal edənlərin bazara daxil olmasıdır. Çünki bu məhsullar bazara daxil olanda, bazardan çıxarılanda da müəyyən ziyanlar verir və qanunsuz sahibkarlığa səbəb olur. İnzibati Xətalar Məcəlləsində bu qanunu pozanlar üçün çox yüksək məbləğdə sanksiyalar nəzərdə tutulacaq. Minimum qiymət artımı qiymət artımına səbəb ola bilər. Burada həm də xərclərin uçotu gedəcək. İstehsalçılar da rəsmi uçotda olacaq. Bu şərtlərə görə qiymət artımı ola biləcək. Xırda sahibkar qanunsuz sahibkardırsa, və keyfiyyətsiz məhsul istehsal edirsə, bazardan çıxarılmalıdır. Yerli istehsalçılar - haqlı rəqabət aparanlar öz məhsullarını ixrac edə bilirlər, stabil bazarları var, amma onlar yerli bazarda öz məhsullarını realizə edə bilmirlər. Buna səbəb qanunsuz sahibkarlıqdır”.

Qeyd edək ki, alkoqollu içki bazarına əl gəzdiriləcəyini bu ilin martında AQTA sədri Qoşqar Təhməzli elan etmişdi. Daha sonra apreldə Milli Məclisə "Qida təhlükəsizliyi haqqında" Qanuna dəyişiklikləri nəzərdə tutan layihə daxil oldu. Layihəyə əsasən, alkoqollu içkilərin istehsalı və ya idxalı həyata keçirilən qida obyektinin qeydiyyatı və ya təsdiqi, qida obyekti olmadan fəaliyyət göstərən qida subyektinin qeydiyyatı aşağıdakı şərtlərə uyğunluğa dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla “Lisenziyalar və icazələr haqqında” Qanuna uyğun olaraq həyata keçiriləcək.

Prezident İlham Əliyevin iyulda təsdiqlədiyi dəyişikliyə əsasən alkoqollu içkilərin istehsalı ilə məşğul olan müəssəsisələr o halda qeydiyyata alınıb fəaliyyətinə icazə veriləcək ki, Azərbaycanda vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri, Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmasına dair qüvvədə olan qərar olmasın; Alkoqollu içki növü olan arağın istehsalı fəaliyyətinin həyata keçirildiyi qida obyektində istehsal həcmini müəyyən edən nəzarət ölçü cihazları quraşdırılmış olsun.

Alkoqollu içki növü olan arağın istehsalı fəaliyyətini həyata keçirən qida subyektləri bu fəaliyyətin həyata keçirilməsi zamanı qeyd edilən şərtlərlə yanaşı aşağıdakı şərtlərə də əməl edilməsini təmin etməlidirlər:

- alkoqollu içki növü olan arağın illik minimum istehsal həcminin 100 min dekalitr olması;

- alkoqollu içki növü olan arağın istehsalında xammal qismində istifadə olunan spirtin alışını qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirməsi (spirtin özü tərəfindən istehsal olunduğu hallar istisna olmaqla).

Alkoqollu içki növü olan arağın idxalı fəaliyyətini həyata keçirən qida subyektləri bu fəaliyyətin həyata keçirilməsi zamanı malların idxalı ilə bağlı təchizatçı ilə müqavilənin olması şərtinə də əməl etməlidirlər.

Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin olmaması şərti istisna olmaqla, müəyyənləşdirilmiş şərtlərə, o cümlədən malların idxalı ilə bağlı təchizatçı ilə müqavilənin olması şərtinə əməl edilməməsi alkoqollu içkilərin istehsalı və ya idxalı həyata keçirilən qida obyektinin qeydiyyatı və ya təsdiqinin, qida obyekti olmadan fəaliyyət göstərən qida subyektinin qeydiyyatının ləğvi üçün əsasdır.

Alkoqollu içki növü olan arağın illik minimum istehsal həcminin 100 min dekalitr olması barədə tələb 2032-ci il yanvarın 1-dən tətbiq ediləcək. 2032-ci il yanvarın 1-dək alkoqollu içki növü olan arağın illik minimum istehsal həcmi 2024-2025-ci illər üzrə 20 min dekalitr; 2026-2027-ci illər üzrə 30 min dekalitr; 2028-2029-cu illər üzrə 50 min dekalitr; 2030-2031-ci illər üzrə 80 min dekalitr müəyyən olunub

Qanun qüvvəyə minənədək alkoqollu içkilərin istehsalı fəaliyyətini həyata keçirən qida subyektləri bu Qanun qüvvəyə mindikdən sonra 6 (altı) ay müddətində alkoqollu içki növü olan arağın istehsalı fəaliyyətinin həyata keçirildiyi qida obyektində istehsal həcmini müəyyən edən nəzarət ölçü cihazlarının quraşdırılmasını təmin etməlidirlər. Bu müddət ərzində qeyd olunan tələbə əməl edilmədikdə qida obyektinin təsdiqi ləğv ediləcək.

Qeyd edək ki, hazırda Azərbaycanda alkoqollu içki istehsal edən 132 müəssisə fəaliyyət göstərir, onların 75 faizinin istehsal gücü 100 min dekalitrdən aşağıdır. Bu müəssisələrin 98-i araq, 65-i şərab, 20-si pivə, 4-ü şampan şərabı, 2-si tündləşdirici içkilər istehsal edir. Araq istehsal edən 98 müəssisənin yalnız 8-nin istehsal gücü qanunun ixracla bağlı tələbini ödəyə bilir. Bu isə o deməkdir ki, 2032-ci ilədək istehsal gücünü 100 min dekalitrə çatdıra bilməsələr, 90 müəssisənin fəaliyyəti dayandırılacaq.  Bunun 8 müəssisənin inhisarçılığına böyük stimul verəcəyini proqnozlaşdırmaq elə də asan deyil.

Rəsmi statistikaya əsasən, bu ilin 9 ayında Azərbaycanda 602,5 min dekalitr viski brendi (illik ifadədə 3,3 dəfə artım) 961,9 min dekalitr üzüm şərabı (11,1 faiz artım), 1 milyon 231,5 min dekalitr araq (31,1 faiz artım), 4 milyon 298,6 min dekalitr pivə (2,1 faiz) istehsal olunub.  Xarici ticarət statistikasından aydın olur ki, istehsal olunan arağın cüzi bir hissəsi ixraca yönəldilir, qalanı elə Azərbaycanın özündə istehlak edilir. Arağın ixrac bazarı şərab və digər alkoqollu içkilərlə müqayisədə daha məhduddur. Ən azından ona görə ki, Azərbaycan Rusiya, Belarus, Gürcüstan kimi böyük ixrac imkanları olan ölkələrlə eyni regiondadır. Rəsmi statistikaya əsasən, 2023-cü ildə Azərbaycanın pərakəndə satış nöqtələrində 200,2 milyon manatlıq araq və araq məmulatları satılıb. Bu, 2022-ci illə müqayisədə 4,7 faiz çoxdur.

İndiki şəraitdə istehsalın həcminə və qiymətə minimum tələbin qoyulması iri istehsalçılara Azərbaycan daxilində rahat şəraitin yaradılmasına hesablanmış addıma daha çox bənzəyir. Bazarın saxta məhsullardan təmizlənməsi üçün dövlətin  müvafiq nəzarətçi qurumlarının fəaliyyətində keyfiyyətin artırılması yetər. Hökumətin atmaqda olduğu addımlar keyfiyyətli məhsul istehsal edən kiçik müəssisələri sıradan çıxması ilə nəticələnəcək.

Qeyd edək ki, qanunvericilikdəki dəyişikliklə yanaşı, iyulda Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycana idxal edilən şampan şərabının hər litri üçün aksiz vergisi 5,1 manatdan 2,7 manata endirilib, denaturasiya olunmamış etil spirtinin (həcm faizi 80 və ya çox spirt qatılığı ilə) və həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirtinin hər litri üçün aksiz vergisi 6 manatdan 6,8 manata qaldırılıb, üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturaların hər litri üçün aksiz vergisi 8 manatdan 8,8 manata, viski, rom və digər spirtli tinkturalar, şəkər qamışının qıcqırdılmış məhsullarının qovulması nəticəsində alınan cin və ardıc tinkturası, araq, likörlər və digər spirtli içkilərin hər litri üçün aksiz vergisi 12 manatdan 12,8 manata qaldırılıb.

Dünya SAKİT,
“Yeni Müsavat”

30.10.2024 09:19
883