Azərbaycan dövlət televiziyasının martın 28-də təqdim edəcəyi “Bir günlük əməliyyat: ANTİTERROR” sənədli filminin ilk “qonağı” separatçı Araik Arutyunyan olacaq. Anonsdan da bəlli olur ki, Araiklə başlayacaq “müsahibə silsiləsi” digər separatçılarla davam edəcək.
Ötən ilin bu günlərində Araikin qolu qandallı Bakıya gətiriləcəyi, hətta AzTV-nin efirinə çıxarılacağını təsəvvür etmək mümkün deyildi, lakin Azərbaycan dövləti bunu bacardı və artıq heç nə təəccüblü deyil.
Bəllidir ki, Araik Arutyunyan AzTV-nin eifirində 44 günlük müharibə vaxtı törətdiyi hərbi cinayətləri, misal üçün, Gəncənin bombalanması, eləcə də qondarma rejimin “rəhbəri” olduğu dövrə qədər Qarabağda etdiklərini – qanunsuz silah daşınması, bölgənin minalanması və s. – etiraf edəcək. Əslində o, bütün bunları isintaqa danışıb, lakin dövlət televiziyasının ekranına çıxarılması həm törətdiyi cinayətləri ictimaiyyət önündə etiraf etməsi, həm də Azərbaycanın separatizm üzərində qələbəsinin bir daha nümayiş etdirilməsi baxımından əhəmiyyətlidir.
“İlk müsahib” kimi Araikin seçilməsi də təsadüfi deyil. Çünki 44 günlük müharibədə separatçılara “başçılıq” edən Araik törətdikləri cinayətlərlə Azərbaycan cəmiyyətində “məşhurdur”. Hər bir azərbaycanlı dövlət televiziyasının efirində bütün cinayətləri birbaşa onun dilindən dinləyəcək. (Publika.az)