Onlar iki əlamətə görə tanınır: əlləri daima qabarlı olur və həmişə ucadan “yol ver” deyə çığırırlar. Bəli, söhbət bazarlarda çalışan arabaçılardan gedir.
"8-ci km" bazarının yük daşıyanlarından biri olan Şirinov Ramiz də bu işlə məşğul olur. Deyir ki, ötən ilin qışından pul qazanmaq üçün bazara pənah gətirib. Onunla söhbətimizə yaşını soruşmaqla başlayıram. Həmsöhbətim 49 yaşında olduğunu bildirəndə təəcüblənirəm. Axı bu, necə ola bilər, daha yaşlı görünür. O isə bunu ağır və zəhmətli həyatı ilə əlaqələndirir:
“Asan həyat yaşamamışam. Buna qədər tikinti yerlərində işləmişəm. Xəstə adamam. Ürəyimə stend qoyulub. Dərman puluna görə işləyirəm”.
Həmsöhbətim bildirir ki, əslən Ağsudandır. İki övladı var. Qızı ailə qurub Türkiyəyə köçüb, oğlu isə usta yanında malyar işləyir. Bakıya köçmə səbəb isə rayonda işin olmaması ilə bağlıdır.
“4 ildir ki, Nərimanovda kirayə qalıram. Hər ay 270 manat kirayə haqqı ödəyirəm. Həyat yoldaşım da işləmir. Səhər 8-dən axşam 8-ə kimi bazarda çalışıram.
Bir yükü 2-3-5 manata daşıyıram. Hər gün bura gəlirəm. Günün sonunda 25- 30 manat qazandığım hallar da olub. Çətin də olsa, dözməliyəm də. Qışda daha çox çətinlik çəkirəm”.
Arabaçı işləmək asan deyil. Bəzən müştərilərlə qiymət məsələsində anlaşa bilmirlər. Onlar ucuz, arabaçılar isə 1-2 manat yuxarı qiymətlə daşımaq istəyirlər.
“Bəzən çətin müştərilərlə də qarşılaşıram. Eləsi var ki, deyir, yükü 1 manata apar. Mənə bu, sərf etmir. Elə araba haqqı olaraq hər gün 5 manat ödəyirəm. Bəzən isə digər arabaçılarla yola getmirik. Arabalarını gətirib mənim arabama qəsdən vururlar. Onları da yola verirəm gedirlər”.
Nahaq demirlər ki, çörək aslanın ağzındadır. Ac qalmaq istəmirsənsə, gərək onunla güləşməyi bacarasan .
Şahanə Rəhimli
Musavat.com