AQTA-ya ittihamlar - Şirvan Aqropark MMC-nin malları yoxlanılmadan bazara çıxarılır?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan bəzi ərzaq mallarından lazım olan analizləri götürmür, onları laborator müayinədən keçirmir, idxalçılar arasında ayrı-seçkilik salınır.

Musavat.com xəbər verir ki, bu iddia ilə Bakupost.az -a bir qrup sahibkar müraciət edib.

Əsasən kartof ticarəti ilə məşğul olan sahibkarlar bildirirlər ki, 2101249451 VÖENLƏ vergi qeydiyyatında olan Şirvan Aqropark MMC-nin idxal etdiyi məhsullar Qida Təhlükəsizliyi Agentliyinin gözündən yayınır.

Sahibkarlar qeyd edirlər ki, onlar hər yük maşınına 750-800 manat yoxlama pulu ödədiyi halda Şirvan Aqropark MMC-nin ideal etdiyi hər maşın mallara yalnız 25 manat sertifikat pulu ödəyir.

Sahikarlar Hesablama Palatasının məsələni araşdırmasını xahiş ediblər:

“Bizə inanırlarsa, gedib yoxlama aparsınlar. Görsünlər, onlar son bir ildə AQTA-nın müvafiq yoxlamalarına nə qədər pul ödəyiblər. Müəyyən rüsum AQTA rəhbərliyinə ödəməklə işlərini görürlər, bununla da dövlət büdcəsinə ödənişdən yayınırlar. Xaricdən məhsul gətirəndə, PCR, QMO, ağır metallar, bütöv sanitar analizləri götürülür. Bunların da qiymətləri müxtəlifdir. 1 TIR karfofa ortalama 600-700-750 manat pul çıxır. Biri 155, biri 203 manat və s.dir. Şirvan Aqropark MMC-nin məhsullarından heç bir analiz götürülmür”.

Məsələ ilə bağlı AQTA-ya sorğu ünvanladıq.

Qurumdan Bakupost.az –a bildirildi ki, ölkəmizə idxal olunan bitki və bitkiçilik məhsulları, o cümlədən sözügedən subyekt tərəfindən idxal olunan məhsullar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan risk qiymətləndirmə nəticələrinə əsasən, laborator müayinələrə cəlb edilir:

"Həyata keçirilən ekspertizalara görə ödənilən xidmət haqqlarının məbləği Azərbaycan Repsublikası Nazirlər Kabinetinin 2020-ci il 25 avqust tarixli 307 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fitosanitar tədbirlərinə və dövlət fitosanitar xidmətlərinə görə xidmət haqqının məbləğləri”nə əsasən, tənzimlənir.

Ölkəmizə idxal olunan qida və yem məhsullarına, o cümlədən qida məhsulları ilə təmasda olan mal və materiallara idxal sağlamlıq aktının verilməsinə görə dövlət rüsumunun məbləği (25 manat) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilib”.

08.11.2023 19:04
1333