Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi dekabrın 7-də Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən isə iki Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib. Bunun ardınca hər iki ölkə ilk dəfə birgə bəyanatla çıxış edib. Beləliklə də 2023-cü ilin aprelində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov əsirlikdən xilas olunublar. Bəs onlar ailələrinə nə vaxt qayıdacaqlar? Hansı halda sərbəst olacaqlar?
Mövzu ilə bağlı Medianews.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, istənilən halda düşmən əsirliyində, ya da düşmən tərəfindən həbsxanada saxlanılan şəxslər ölkəyə qaytarıldıqdan sonra filtirasiya adlandırılan müəyyən standart prosedurlardan keçməlidir.
O deyib ki, düşmən tərəfindən həmin vətəndaşlarımızın bizə qarşı fəaliyyət göstərməyəcəyinə əmin olmaq üçün müəyyən standart prosedurlar həyata keçirildikdən sonra hərbçilərimiz ailələrinə qovuşacaqlar: “Hərbi əsirlərin düşmən nəzarətində olduğu müddətdə əməkdaşlığa cəlb olunması ehtimalı böyükdür. Daha əvvəl də Azərbaycan belə bir vəziyyət ilə qarşılaşıb. Ona görə də burada təəccüblü heç nə yoxdur. Belə bir təcrübə dünyanın əksər ölkələrində tətbiq olunur. Bu prosedurlar, adətən bir həftədən, bir aya qədər davam edir. Hesab edirəm ki, təhlükəsizliyimizlə bağlı olan bu prosedurları hər kəs anlayışla qarşılayar”.