Aqil Abbas: “Kəlbəcərin, Ağdamın, Laçının xətrinə 3 il də dözün”

Milli Məclisin iclasında çıxış edən deputat Aqil Abbas büdcə müzakirələrinin ilk mərhələsində səslənən fikirlərə reaksiya verib.

Musavat.com xəbər verir ki, o bildirib:

“Bizim qarşımızda çıxış edən nə Norveçin naziridir, nə də Almaniyanın. Böyük müharibədən çıxmış ölkənin nazirləridir. Hesablayırlar, nə qədər pulları var - qıraqdan da bizə pul gəlmir - onu da xərcləyirlər”.

Aqil Abbas hər kəsi səbrli olmağa çağırıb. Bildirib ki, bir müddət məktəbsiz, susuz qala bilərik. Əsas odur ki, Qarabağ tikilir.

“Ağdam 60 minlik şəhər idi. İndi İlham Əliyev orada 100 minlik şəhər tikir. Mən Qarabağda tikilən şəhərlərə İlham Əliyevin şəhərləri deyəcəyəm. Ermənilər Qarabağa 800 milyard dollar ziyan vurub, hələ bir az da çox. Qarabağ tikilsin, qaz da olacaq, su da. Mənim də kəndimdə qaz yoxdur, görüşəndə deyirəm ki, 30 il qazsız yaşamısız, Kəlbəcərin, Ağdamın, Laçının xətrinə 3 il də dözün”, - deputat ardınca qeyd edib.

Spiker Sahibə Qafarova çıxışa reaksiyasında “Çox sağ olun çıxışınıza görə, Aqil müəllim! Siz düz deyirsiniz, böyük şəhərlər, kəndlər tikilir” deyə bildirib. Əlavə edib ki, Qarabağ yenidən qurulur və oradakı torpaqlar yerli sakinlərin istifadəsinə verilir.

E.Paşasoy,
Musavat.com

03.12.2024 12:06
1407