Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp texnologiya nəhəngi Apple şirkətinin yeni iqtisadi planlarını açıqlayıb. Onun sözlərinə görə, Apple qarşıdakı dörd il ərzində ABŞ iqtisadiyyatına 600 milyard dollar investisiya qoyacaq.
“Bu, əvvəlcədən planlaşdırılandan 100 milyard dollar daha çoxdur”, – deyə Tramp vurğulayıb.
Prezident bildirib ki, bu təşəbbüs yeni “Amerikada istehsal” proqramının bir hissəsidir və məqsəd Apple-ın tədarük zəncirini və yüksək texnologiyalı istehsalını yenidən ABŞ-a qaytarmaqdır.
Qeyd edək ki, bu addım Tramp administrasiyasının yerli istehsalı gücləndirmək və texnologiya sahəsində ABŞ-ın qlobal mövqeyini möhkəmləndirmək strategiyasının tərkib hissəsi hesab olunur.
Musavat.com