"Efirə ildə bir-iki dəfə çıxırıq. Sonra isə ara veririk. Səbəb kanallarda yayımlanan verilişlərin formatlarını bəyənməməyimdir. Heç bir televiziya kanalı və ya aparıcı ilə şəxsi qərəzliyim də yoxdur".
Musavat.com axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Günay İbrahimli qonaq olduğu "Tarixin bir günü" verilişində deyib.
İfaçı TikTok-da məşhurlaşan sənətçilərdən bəhs edib:
"Səhnəyə, efirə televiziyadan gəlmişəm. TikTok sosial şəbəkə, video platformasında populyarlaşan müğənnilərdən deyiləm. Artıq 17 ildir ki, peşəkar səhnədəyəm. Sənətə radio, televiziya müğənnisi kimi gəlmişik. O zamanlar isə yutub video platforması indiki kimi dəbdə və aktual deyildi. İndi isə hər şey dəyişilib".
G.İbrahimli telekanallarda yayımlanan ictimai-sosial verilişləri də tənqid edib:
"Vaxtım olanda efirə baxıb görürəm ki, bir verilişdə oturub psixoloq, həkim və müğənni. Psixoloq, həkim dayanmadan danışır, amma müğənni saatlarla boş-boş oturur, danışmır. Vaxt doldurmaq üçün aparıcı ondan mahnı oxumasını istəyir. Bu isə müğənniyə qarşı hörmətsizlikdir. Belə olmalı deyil. Buna görə də verilişləri seçib sonra gedirəm".